​“Neft ölkələri borca görə məni tez-tez yuxudan oyadır…”

CNN Money Azərbaycanın da BVF və Dünya Bankından 4 milyard dollar istədiyini bildirir

Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard son vaxtlar onu borca görə gecələr tez-tez narahat etdiklərindən şikayətlənib.
CNN Money-in xəbərinə görə, Kristin Laqard bu barədə Uesli Kolleci nəzdindəki Olbrayt İnstitutunda keçirilən tədbirin kuluarlarında deyib. BVF rəhbəri bildirib ki, son vaxtlar tez-tez yuxudan “vaxtsız oyanmalı olur”, çünki başda ixracı neftdən asılı olan ölkələr olmaqla borca görə onu tez-tez narahat edirlər.
“Hesab edirəm ki, ixracının 90 faizi və gəlirlərinin 60 faizi neftdən asılı olan Nigeriya kimi ölkələr real çətinliklərlə üzləşiblər” – Kristin Laqard deyib. Onun bildirdiyinə görə, ucuzlaşan neftə görə bəzi ölkələrin pulu qurtatır.
CNN Money xatırladır ki, Nigeriya Dünya Bankından, Afrika İnkişaf Bankından və digər beynəlxalq maliyyə təşkilatlarından 9 milyard dollar kredit xahiş edir. Venesuela isə maliyyə böhranına daha yaxındır. Hərçənd ki, ölkə borc üçün Çinə müraciət edə bilər.
CNN Money onu da xatırladır ki, Azərbaycan təcili qaydada 4 milyard dollar yarım almaq üçün BVF və Dünya Bankına müraciət edib. BVF nümayəndələri bu məsələnin müzakirəsi üçün bir neçə gün əvvəl Bakıda olublar.
BVF prezidenti Kristin Laqard deyib ki, maliyyə çətinlikləri ilə üzləşən neft ölkələri borc almaq üçün iqtisadi islahatlar aparmalıdırlar.