Neft gəlirlərindən neft-qaz sektoruna investisiya: Dünya və Azərbaycan təcrübəsi

Baxış sayı:
11842

İlham Şaban: “Bu layihələrdən əldə olunacaq gəlirlər Fondun vəsaitlərinin daha çox artmasına gətirib çıxaracaq; Vüqar Bayramov: “Neft-qaz sektoruna, xüsusilə emal sənayesinə investisiyaların edilməsi vacib məsələdir”

Azərbaycan neft sektoru üzrə beynəlxalq şirkətlərin iştirakı ilə ilk müqaviləni imzaladığı gündən ölkədə neftdən əldə ediləcək gəlirlərin yenidən bu sahəyə yatırılması məsələsi ətrafında müzakirələr başlayıb. Bir sıra mütəxəssislər neft-qaz gəlirlərinin akkumulyasiya olunduğu Dövlət Neft Fondu vəsaitlərinin yenidən neft-qaz layihələrinə yatırılmasını düzgün addım hesab etmir, digərləri isə, əksinə, bu addımın Azərbaycanın strateji əhəmiyyətli enerji layihələrinin maliyyələşməsində kənar mənbələrdən asılılığını azaltdığını bildirirlər.

ARDNF neft-qaz şirkətlərinin səhmlərinə vəsait yatırmır

Dünya təcrübəsinə nəzər yetirsək, bir sıra suveren fondların birbaşa və ya dolayısıyla neft-qaz sektoruna yatırımlar etdiklərini görərik. Məsələn, suveren fondlar arasında ən yaxşı təcrübəyə malik Norveç Pensiya Fondu iri neft-qaz şirkətlərinin səhmlərinə investisiya edib. Neft gəlirlərindən ən uğurlu istifadə modeli hesab edilən Fondun bu il aprelin əvvəli vəziyyətinə aktivlərinin həcmi 1,05 trilyon dollar təşkil edib. 2017-ci ilə Norveç Fondunun bütün yatırımlarının 5,5 faizi neft-qaz şirkətlərinin səhmlərinin payına düşüb. Fond “Shell”(2,1 faiz), bp (1,6 faiz) və bir sıra Rusiya neft-qaz şirkətlərinin səhmlərinə sahibdir. 35 milyard dollardan yuxarı məbləği əhatə edən bu səhmlərdən Fondun illik gəliri 8,5 faiz təşkil edib. Buna baxmayaraq, Fond həmin il neft-qaz sektoruna yatırımları dayandıracağını açıqlayıb. Norveç Maliyyə Nazirliyi bunu Fondun qlobal iqlim dəyişikliyinə yol açan sahələrə investisiya yatırmamaq siyasəti ilə əsaslandırıb. Lakin Fond hələ ki, neft-qaz şirkətlərinin səhmlərindən imtina etməyib.

Azərbaycan Neft Fondu isə neft-qaz şirkətlərinin səhmlərinə investisiya yatırmayıb. Sorğumuza cavab olaraq Fonddan verilən məlumata görə, ARDNF-nin əsas büdcə daxilolmalarını neft-qaz satışından əldə olunan gəlirlər təşkil etdiyindən, neft-qaz (enerji) sektorundan asılılığın azaldılması və diversifikasiyanın təmin olunması məqsədilə Fond öz investisiya portfelində enerji sektoruna yatırımlardan mümkün qədər yayınmağa çalışır: “Belə ki, investisiya portfelinin ən böyük hissəsini təşkil edən sabit gəlirli qiymətli kağızlar portfelində əqdlər seçilərkən qeyd edilən sektora daxil olan tanınmış neft-qaz şirkətlərinin emissiya etdiyi qiymətli kağızlar nəzərdən keçirilmir”.

norway oil azerbaijan ile ilgili görsel sonucu

Lakin Neft Fondu vəsaitlərinin bir hissəsi neft-qaz sektorundakı layihələrin maliyyələşdirilməsinə yönəldilir. İlk belə yatırım olan “Bakı-Tiflis-Ceyhan” Əsas İxrac Boru Kəməri layihəsinin maliyyələşdirilməsinə 2002-2007-ci illərdə Neft Fondu tərəfindən ümumilikdə 298 milyon manat yönəldilib. Azərbaycan dövlətinin layihədəki iştirak payının maliyyələşdirilməsi məqsədilə edilən bu yatırım kəmər işə düşəndən sonra əldə olunan dividentlər hesabına geri qayıdıb.

Dövlət Neft Fondunun büdcəsinə daxil edilən neft-qaz sektoruna aid digər layihə altıncı nəsil yarım-batan qazma qurğusunun tikintisinin maliyyələşdirilməsi layihəsidir. Üzən qazma qurğusunun tikintisini həyata keçirən “Azerbaijan Rigs” MMC-nin 90 faizi Fonda məxsusdur. Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon  dollar (1 005,0 milyon dolları ARDNF-nin payı) təşkil edir. Ümumi olaraq ARDNF tərəfindən layihəyə 904,6 milyon  dollar vəsait ayrılıb. Qurğunun tikintisi 2013-cü ildə başlayıb və 2018-ci ilin fevral ayında başa çatdırılıb. Cari ilin ikinci yarısından etibarən bu layihə üzrə ilk dividentlərin Fonda daxil olması gözlənilir.

Neft Fondu neft sektoruna bağlı daha bir layihə olan SOCAR-ın Türkiyədə inşa etdiyi və artıq istismara başlanan STAR neft emalı zavodunun tikintisi layihəsinin maliyyələşməsində də iştirak edir. Nəinki regionda, eləcə də dünyada ən uğurlu layihələrdən biri hesab olunan bu zavodun tikintisinə bu günə qədər Fond tərəfindən Azərbaycanın iştirak payının maliyyələşdirilməsi məqsədilə 1 392,8 milyon ABŞ dolları ayrılıb. Layihənin toplam dəyəri təxminən 6,3 milyard dollar təşkil edir. Prezidentin müvafiq sərəncamına əsasən Azərbaycan dövlətinə məxsus səhmlər üzrə dividendlər Dövlət Neft Fonduna köçürülməlidir. Fonddan bildirildiyinə görə, mövcud maliyyə modelinə əsasən zavodun fəaliyyətindən əldə olunan sərbəst vəsaitlər ilkin olaraq borc kapitalının qaytarılmasına və STAR zavodunun saxlanma xərclərinin ödənilməsinə yönəldiləcək, bundan sonra dividentlərin Fonda ödənilməsi nəzərdə tutulur.

ARDNF-nin neft-qaz sektorundakı ən böyük yatırımı isə şübhəsiz ki, Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsidir. Prezidentin sərəncamına əsasən yaradılan Cənub Qaz Dəhlizi QSC-nin  birbaşa dövlət mülkiyyətində olan səhmlərinin, eləcə də Cəmiyyətə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi geri qaytarılmaq şərti ilə Neft Fonduna tapşırılıb. Fondun icraçı direktoru Şahmar Mövsümovun dediyinə görə, ARDNF tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1232,1 milyon ABŞ dolları (51 faiz) vəsait ayrılıb. Bundan əlavə, Cəmiyyətin emissiya etdiyi korporativ qiymətli kağızlarının əldə edilməsinə daha 2,5 milyard ABŞ dolları həcmində vəsait yönəldilib: “Layihənin maliyyələşdirilməsi hazırda beynəlxalq maliyyə institutları və ixrac kredit agentliklərinin sindikatlaşdırılmış kreditləri, habelə Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların emissiyası yolu ilə həyata keçirilir. İlkin hesablamalara əsasən, neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını nümayiş etdirib tam həcmdə çalışarsa, 2021-2045-ci illər ərzində layihənin gəlirlərinin təxminən 40 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır”.

Beləliklə, hazırda qeyd edilən istiqamətlərdə maliyyələşmənin təmin edilməsi ilə bağlı neft-qaz sektoruna edilən yatırımların ARDNF-nin investisiya portfelində olan ümumi həcmi 8 faiz təşkil edir. Qurumdan bildirildiyinə görə, səhmlərlə bağlı hazırda əlavə yatırımlar nəzərdə tutulur: “Bununla yanaşı, neft-qaz sektorunun ölkə iqtisadiyyatı üçün strateji önəmi nəzərə alınaraq gələcəkdə də irimiqyaslı layihələrin maliyyələşməsində ARDNF-nin iştirakını istisna etmirik”.

Norway oil ile ilgili görsel sonucu

Norveçlə Azərbaycan niyə müqayisə olunmasın?

ARDNF-nin neft-qaz layihələrinin maliyyələşməsində iştirakını dəyərləndirən sahə üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın Norveçlə müqayisə olunmasını düzgün hesab etmir: “Norveç yüz illik müstəqillik təcrübəsinə malik bir ölkədir, bütün demokratik təsisatlar oturuşub, hər bir institutsional islahatları çoxdan keçib, cəmiyyətlə dövlət arasında münasibətlər yüksək inkişaf yolu keçərək tam formalaşıb, hökumətin xərcləmələri üzərində kifayət qədər nəzarət var. Və bu gün bu cəmiyyətin və dövlətin marağında olan ən müasir texnologiyaların tətbiqi məsələləridir. Buna görə də qərara gəlirlər ki, vəsaitlərini neft-qaz sahəsinə deyil, belə texnologiyalara - məsələn, yaşıl texnologiyalara, rəqəmsal iqtisadiyyata yatırsınlar. Azərbaycan isə müstəqilliyinin 30 ilini belə başa vurmayıb, özü də müstəqilliyini böyük müharibə, ərazi işğalı, qaçqın problemləri ilə yaşamaqdadır. Digər tərəfdən, cəmiyyətin içərisində institutsional formalaşma yarıya belə çatmayıb. Heç dövlət-hakimiyyət orqanlarında da belə formalaşma yekunlaşmayıb - fərdlər üzərində gedir proseslər. Cəmiyyətin bu gün kapitala olan münasibəti sosializm ideologiyasından çox az fərqlənir. Bu baxımdan Neft Fondu vəsaitlərinin neft-qaz layihələrinə yatırılmasına yanaşma birmənalı deyil”.

Ekspertin fikrincə, “Star” zavodu ən gəlirli layihələrdən biridir: “Yaxud ”Dədə Qorqud" yarımdalmaqazma qurğusuna 1 milyard dollar yatırılıb. Bu qurğu da kifayət qədər gəlir gətirəcək bir qurğudur".

Ä°lgili resim

İ.Şaban deyir ki, bu gün dünyada heç bir neft-qaz kəməri tam gücü ilə işləmir: “Amma rentabellidilər. BTC-nin ilkin layihə gücü ildə 50 milyon ton neft idi. İndiyədək cəmi bir dəfə bu kəmərlə 38 milyon ton neft nəql olunub. Amma bu gün dünyanın çox yüksək rentabelli kəmərlərindən biridir. Cənub Qaz Dəhlizinin rentabelli olacağı şübhə doğurmur. Belə olmasaydı, dünyanın ən böyük maliyyə qurumları ona milyardlarla dollar kredit ayırmazdılar. Bəyəm bütün kreditlərə Azərbaycan dövləti zəmanət verib? Əlbəttə ki, yox. TAP-ın bütün səhmdarları nüfuzlu özəl şirkətlərdir, onlar yəni rentabelli olmayacaq layihəyə pul xərcləyərlər? Bizim üçün - cəmiyyət üçün vacib olan Neft Fondu vəsaitlərinin uğurlu layihələrə yatırılması, vəsaitlərin getdikcə artmasının təmin olunmasıdır. Bu gün buna nail olunur. Gələcəkdə indi vəsait yatırılan layihələrdən əldə olunacaq gəlirlər Fondun vəsaitlərinin daha çox artmasına gətirib çıxaracaq”.

Fondun investisiya strukuturu və strategiyası təkmilləşməlidir

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirir ki, ARDNF-nin investisiya strukturu və strategiyasının təkmilləşdirilməsi çox vacib məsələdir: “Biz bununla bağlı təkliflərimizi veririk. Neft-qaz sektoruna, xüsusilə emal sənayesinə investisiyaların edilməsi vacib məsələdir. Neft məhsullarına dünyada tələbat böyükdür, üstəlik, bu bazar kifayət qədər gəlirli bazardır. Bu baxımdan, Dövlət Neft Fondunun bu istiqamətə yatırım etməsi düzgün addımdır”.

Mərkəz rəhbəri xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin kifayət qədər rentabelli olduğu qənaətindədir: “Hesablamalara görə, bu layihədən Azərbaycan 100 milyard dollara yaxın gəlir əldə edə biləcək. Eyni zamanda layihə yüksək siyasi əhəmiyyətə malikdir, Azərbaycanın regionda mövqeyinin güclənməsinə xidmət edir. Gəlirlilik baxımından, orta və uzunmüddətli pespektivə hesablanmış layihədir. Bu baxımdan, bu layihənin gəlirliliyi orta və uzunmüddətli dövr əsasında qiymətləndirmək mümkün olacaq”.

Bununla yanaşı, ekspertin fikrincə, Fondun investisiya portfeli diversifikasiya olunmalıdır: “Neft-qaz sektoruna ağırlıqlı olaraq böyük vəsaitlərin yatırılması məqsədəuyğun deyil. Vəsaitlərin bir hissəsi bu sektorda saxlanıla bilər, amma digər investisiya istiqamətləri də diqqətdə saxlanmalıdır. Düşünürəm ki, Fondun investisiya siyasətini müəyyənləşdirərkən müxtəlif stakeholderlərin rəyləri alınmalıdır. Burada yalnız beynəlxalq və yerli iqtisadçılar deyil, konsaltinq firmalarının da rəyi vacibdir. Bu, Fond vəsaitlərinin idarə olunmasından daha yüksək gəlir əldə olunmasına imkan verər”.

Qeyd:  Yazı ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur/musavat.com