Necə edək ki, dəm qazından ölüm halları baş verməsin? - Ekspert yolunu göstərdi

Baxış sayı:
4813

"Yaşayış binaları layihələndirilən zaman standartlara uyğun olmalı, təhlükəsizlik hallarına riayət olunmalıdır”.
Muxalifet.az xəbər verir ki, bunu sherg.az-a qış fəsli ilə əlaqədar dəm qazı faciələrinin artmasından danışarkən mənzil eksperti Nüsrət İbrahimov söyləyib. 
O vurğulayıb ki, texniki təchizat qaydaları, qazın istismarı, təhlükəsizlik halları binaların tikintisində nəzərə alınır:
"Başqa məsələdir ki, mənzil sahibləri yaşadıqda standartların tələblərindən yaranan şərtləri yerinə yetirmir. Bina, mənzil tikəndə elə tikmək lazımdır ki, qazdan, digər vasitələrdən istifadə qaydaları maksimum dərəcədə sadə olsun. Bu sahədə məlumatı az olan, təhlükəsizlik qaydalarına əməl edə bilməyən, dünya görüşü zəif şəxsləri də nəzərə almaq lazımdır. 
Belə yanaşma ilə binaları layihələndirmək lazımdır. Ən çox zəhərlənmə, ölüm halları qızdırıcı cihazlardan istifadə qaydalarını pozduqda baş verir. Binaların hamısında mərkəzləşdirilmiş istilik sistemi tətbiq etmək lazımdır.
Bundan əlavə standartlara uyğun olmayan qaz cihazlarından istifadə qəti qadağan edilməlidir. Bunun üçünsə, sakinlər üçün isti su, mənzili isitmə problemini əvvəldən yoluna qoymalıyıq. Biz binalara gedib, bir-bir insanları öyrədə bilmərik ki, cihazı necə istifadə etmək lazımdır. Düzgün də deyil”.
Qeyd edək ki, bu gün Bakının Sabunçu rayonunda 13 yaşlı qız dəm qazından boğularaq dünyasını dəyişib. Belə ki, Maştağa qəsəbəsində evin hamam otağında qazdan zəhərlənən 2004-cü il təvəllüdlü Hüseynova Gülsarə Oqtay qızı xalası ilə yaşayırmış.