Nəcməddin Sadıqovun qohumu Dərbənd rəhbərliyinə iddia edir

Xəbər verdiyimiz kimi, Dağıstan Respublikası Dərbənd şəhərinin rəhbəri, Azərbaycan icmasının rəhbəri Məhəmməd Cəlilovun və onun qardaşı, Dərbənd Şəhər Məclisinin sədri Zülfəddin Cəlilovun fəaliyyəti ilə bağlı yoxlamalara başlanıb.

Xəbərlərdə deyilirdi ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Cəlilov qardaşlarını Azərbaycandan olan adamların oğurlanmasının təşkilində şübhəli bilir.

Virtualaz.org saytının Dağıstan müxbirinin verdiyi xəbərə görə, Dərbənd Pedaqoji Kollecinin direktoru Şərafutdin Seyidov hazırda Dərbənd rayon rəhbərliyinə əsas iddiaçılardan biridir. Burada diqqətçəkən məqam odur ki, Ş.Seyidov Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun yaxın qohumudur. Ş.Seyidov generalın kürəkəni sayılır.

Bu arada gələn xəbərlərə görə, Dağıstanın hüquq-mühafizə orqanları Dərbənd şəhərinin rəhbəri İmam Yarəliyevin məsələsi ilə ciddi şəkildə məşğul olmağa başlayıblar.

Yada salaq ki, bu il fevralın 1-də İ.Yarəliyevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi qaldırılmışdı. Lakin Dərbənd Şəhər Məhkəməsi müstəntiqlərin İ.Yarəliyevə qarşı cinayət işinin qaldırılması barədəki qərarını ləğv etmişdi. Dağıstan prokurorluğu işdən apelyasiya şikayəti vermişdi.

İmam Yarəliyevin və onun yaxın ətrafının fikrincə, bu cinayət təqibinin sifarişçisi Rusiya Dövlət Dumasının üzvü, bütün Cənubi Dağıstanda böyük nüfuzu olan deputat Murad Hacıyevdir.

Hazırda Moskvada yaşayan M.Hacıyevə buna görə hətta hücum da təşkil olunmuşdu. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Dağıstanın Xasavyurt şəhərinin iki sakini deputata yaxınlaşaraq ondan 3 milyon dollar tələb etmiş, üstəlik onun Dərbənd merindən əl çəkməsini istəmişdi. Həmin şəxslər deputatı hədələyərək onu da demişdilər ki, əks halda həyatı təhlükədə olacaq.

Xəbərdə o da bildirilir ki, M.Hacıyev bu insidentdən dərhal sonra FTX-nin yüksək rütbəli əməkdaşı olan tanışına müraciət edib. Bunun ardınca fevralın sonlarında Yarəliyevlə bağlı yoxlamalara başlanıb. Bir çoxları bu yoxlamaları M.Hacıyevin şikayəti ilə əlaqələndirməyə çalışır. Lakin Dərbənd meriyasından bildirirlər ki, bu yoxlamalar Dağıstana mədəni və tarixi abidələrin vəziyyətini müzakirə etməyə gələn YUNESKO əməkdaşlarının səfəri ərəfəsində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı olub.