​“NBC Bank”ın bağlanması 200 nəfəri işsiz qoyacaq - DAHA 3 BANKIN LİSENZİYASI LƏĞV EDİLDİ

Xeyli müddətdir Azərbaycanda bankların sayının azaldılması, onların birləşməsi müzakirə mövzusudur. Lakin uzun müddətdir ki, müzakirələrin nəticəsi yox idi, banklar da birləşməyə yaxın durmurdular.
İlin əvvəlindən bu yana Mərkəzi Bank artıq 4 bankın lisenziyasını ləğv edib, 2 bank isə birləşəcəyini bəyan edib.
Bir sıra ekspertlər bildirirlər ki, son günlər Azərbaycan Mərkəzi Bankının (AMB) tələm-tələsik şəkildə kommersiya banklarının lisenziyalarını ləğv etməsi mənfi fəsadlar doğura bilər.
Dünən isə AMB qəfildən daha iki bankın lisenziyasını ləğv etdiyini açıqlayıb. Məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 26.01.2016-cı il ta-rixdən banklara müvəqqəti inzibatçı təyin edilib.
“ETİMADA CİDDİ ZƏRBƏ VURUR”
Sirr deyil ki, bankların bağlanması Azərbaycanda həssaslıqla qarşılanır. Xüsusilə də banklarda əmanəti olan şəxslər hər hansı bankın bağlanmasına dair açıqlanan məlumatdan sonra narahatçılıq keçirir və bu psixoloji hal bütün əmanətçilərin davranışlarına təsir edir. Əmanətçiləri düşündürən əsas məsələ bankların bağlanmasından sonra əmanətlərin qaytarılması ilə bağlıdır. Daha çox isə sığortalanmayan əmanətlərin taleyinin necə olacağı əndişə yaradır. Bütün bunlarsa bank sektoruna etimada ciddi zərbə vurur.
BANK SEKTORU “KÖPÜK BANKLAR” İLƏ DOLUDUR
Əksər ekspertlər Mərkəzi Bankın NBC Bank ilə qərarını birmənalı qarşılamır. Hər halda, “NBC Bank” ciddi banklardan biridir.
O da maraqlıdır ki, ölkənin bank sektoru hansısa müəmmalı səbələrdən hələ də bağlanmayan “köpük banklar” ilə doludur.
Digər tərəfdən, manatın ötən il uğradığı iki kəskin devalvasiyadan sonra ölkənin əksər bankları, o cümlədən aparıcı bankları da Mərkəzi Bankın ittiham etdiyi “kreditorları qarşısında öhdəliklərini icra edə bilməmək, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməmək” kimi duruma düşüblər. Yəni, ölkənin bütün bank sektoru devalvasiyadan sonra ciddi problemlərlə üzləşib və bu işdə hansısa bankı “günah keçisi” elan etmək doğru deyil.
Üstəlik, Mərkəzi Bankın son qərarı o deməkdir ki, NBC Bankın 200 əməkdaşı işsiz qalacaq.
Yeri gəlmişkən, Prezident İlham Əliyev dünən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olun-muş konfransdakı çıxışı zamanı bildirib ki, indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq üçün tədbirlər görülməlidir, sahibkarlar isə həm iş yerləri, həm istehsal sahələri yaratmalıdırlar.
Həmçinin dünən Azərbaycan Prezidenti bildirib ki, bank sektorunun sağlamlaşdırılması prosesi daha sürətlə getməlidir:
“Burada inkişaf üçün çox böyük imkanlar var. Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən, böyük nöqsanlar buraxan banklar bizim bank sektorumuzda fəaliyyət göstərə bilməz. Bu məsələ ilə bağlı bir neçə dəfə hökumət yığışıbdır, məsələ qoyulubdur. Ancaq əfsuslar olsun ki, məsələ çox ləng gedir”.
Qeyd edək ki, Mərkəzi Bank son günlər “Bank of Azerbaijan”, “Gəncə Bank”, “Yunayted Kredit Bank” və “NBCBank”ın lisenziyalarını ləğv edib. “AGBank” ASC və “DəmirBank” ASC arasında isə konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb. (Marja)