​Nazirlərin dəyişməsi və struktur islahatı... - Millət vəkili

Baxış sayı:
7780

İslahatlarda vitse-prezident institutunun formalaşması işinin tamamlanması və fəaliyyətinin önə çıxması daha çox önəm daşıya bilər. İkinci istiqamət bəzi nazirliklərin və baş idarələrin birləşdirilməsi, hansısa bir nazirliyin tərkibindən müəyyən bir strukturun çıxarılıb başqa nazirliyə verilməsi, dövlət strukturlarının statusunun dəyişdirilməsi və publik hüquqi şəxsə çevrilməsi istiqamətlərində olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli Bizimyol.info saytına geniş müsahibəsində deyib. O bildirib ki, prezident seçkilərindən sonra Nazirlər Kabinetinin istefaya getməsi və yenidən formalaşması kontitusiya tələbidir:
"Əslində məntiqlə yanaşsaq, əgər fəaliyyətdə olan prezident yenidən seçilibsə və indiyədək Nazirlər Kabinetində ciddi bir dəyişikliyin anonsları verilməyibsə, deməli, ən azı yaxın vaxtlarda Nazirlər Kabineti ətrafında köklü dəyişikliyin olması ehtimalı azdır. Amma iqtisadi inkişaf, postneft mərhələsinə keçid, 2016-cı ilin sentyabrında keçirilmiş referendumdan sonra vitse-prezident institutunun yaradılması və hazırkı situasiyanın reallıqları artıq həm də ciddi dəyişikliklərin başlanmasını tələb edir. Ona görə də ötən il kadr islahatları ilə müşayiət olunan struktur islahatları davam etdiriləcək. Bu məsələ ilə bağlı atılan və atılacaq addımlar konkret proqramda nəzərdə tutulan vaxt kəsiyində həyata keçiriləcək. Ona görə də idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsi və bunun kadr islahatları ilə tamamlanması məsələsinin nə dərəcədə vüsət alacağı və konkret detalları barədə bir söz deyə bilmərik. Amma dəyişikliklər labüddür və olacaq".
Millət vəkili qeyd edib ki, vitse-prezidentlik institutu nəzərdə tutulan sayda və tərkibdə formalaşacağı təqdirdə, onun fəaliyyəti ilə Nazirlər Kabinetinin fəaliyyətinin optimal kombinasiyasına nail olmaq zərurəti yaranacaq və bu asan məsələ deyil”.