​Nazirlərin Bakı toplantısı sona çatdı - Yeniləndi

Baxış sayı:
5359

Bakıda keçirilən Qoşulmama hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclası keçirilib.
Muxalifet.az-ın məlumatına görə, iclasda xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif, Fələstin XİN rəhbəri Riad Maliki və digərləri iştirak edib. Tədbirdə çıxış edən Venesuelanın xarici işlər naziri Xorxe Arreaza Fələstinlə bağlı 2006-cı ildə qəbul olunmuş BMT qətnaməsinin yerinə yetirilməsinə çağırıb. O bildirib ki, İsrail problemin “iki dövlət prinsipi” əsasında həll variantına əməl etməlidir: "Biz Fələstin məsələsində istənilən təxribatçı addımları pisləyirik. İsraili işğala, Fələstin xalqını blokadaya alınmasına son qoymağa, bərabərhüquqlu danışıqlara qatılçağa çağırırıq. “İki dövlət prinsipi” sülhə gətirəcək yeganə həll yoludur. Bu bizim təşkilatın gündəliyində əsas məsələ olmaqda davam edir və davamlı sülhə nail olmaq bizim prioritetlərimiz sırasındadır".
Daha sonra çıxış edən Fələstin xarici işlər naziri Riad Maliki bildirib ki, İsrail ötən cümə snayperlərdən istifadə edərək silahsız etirazçıları atəşə tutub: "İsrail bu məsələdə tam məsuliyyət daşıyır. Ölənlər və yaralananlar arasında qadın və uşaqlar da var. Bu sabah da baş verə bilər. çünki insanlar yenə etiraz aksiyalarına çıxacaq. Onlar yaşadıqları vəziyyətə etiraz edəcək. Qəzza zolağı ən böyük açıq həbsxanadır. 2 milyon fələstinli orada məhbus kimi yaşayır. Biz BMT TŞ-i qəbul etdiyi qərarlarını yerinə yetirməyə çağırdıq. Lakin onlar uğursuzluğa düçar olurlar. ABŞ prezidenti qərar verib ki Yerusəlimi paytaxt kimi tanısın və səfirliyi oraya köçürsün. Fələstinə maliyyə yardımı azaltmaq qərarına gəlib. Bu bizim qarşılaşdığımız çağırışlardan biridir. Biz hələ də problemin “iki dövlət” prinsipi əsasında həllinə inanırıq. İsrail 2019-2020-ci illərdə BMT TŞ-ə üzvlüklə bağlı müraciət edib. Biz çalışmalıyıq ki, bu namizədliyin qəbul olunmaq şansı olmasın".