Nazirliyin daxili nəzarət və audit, yoxsa “daxili rüşvət” idarəsi? - Heybət İmanov Qarabağ əlilinin pensiyasının kəsilməsini “qanuni” sayıb

Baxış sayı:
19695

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadənin pensiyasını yarıqat edib, “Rəvan” sığorta şirkətinə ödəməsindən il yarım keçsə də, hələ də savaş əlilinin pensiyası bərpa olunmayıb. Maraqlı olduğu qədər də absurddur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu edilən ƏƏSMN illərdir borcunu ödəməkdən imtina edir. Hətta məhkəmə qərarını görməzliyə vurur, məktubla Qarabağ əlilinin pensiyasını başqasına ödəyir?
Bu özbaşınalıqdan şikayət edən Qarabağ əlilinə ƏƏSMN-in daxili nəzarət və audit idarəsinin rəisi Heybət İmanov məhkəmənin qanuni qüvvəyə minmiş aktı olmadan, məktubla Qarabağ əlilinin pensiyasının yarıqat edilməsini “qanuni” sayır! (?) Bu məmur bilmir ki, birincisi, “İcra haqqında” 27 dekabr 2001 tarixli 243-IIQ saylı Azərbaycan Respublikası  Qanununun 7-ci maddəsinə görə, hakimin imzası və  məhkəmənin möhürü ilə təsdiq olunmayan icra sənədi olmadan məktubla nəinki Qarabağ əlilinin, ümumiyyətlə heç bir pensiyaçının pensiyası həmin qanunun 65-ci maddəsinə əsasən yarıqat edilə bilməz?
İkincisi, Vətənə xidmət çağı düşmən gülləsi ilə  ağ ciyərinin üçdən ikisini itirən Qarabağ əlili lap qanuni icra sənədi ilə borclu edilsə də, sözügedən qanunun 68.1.2 maddəsinə əsasən, tələb borclunun xidməti vəzifələrini icra edərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməz! Məmur bunu bilmirsə, necə Qarabağ əlilinin şikayətinə daxili nəzarət və audit çərçivəsində baxa bilər? Və təbii ki, pensiyası yarıqat edilən savaş əlilinə məmurun verdiyi cavab da “Suraxanı icra məmuru Vüsal Əliyevin məktubu əsasında pensiyanın “İcra haqqında” qanunun 65-ci maddəsinə əsasən yarıqat edilməsi qanunidir” olacaq!
Yeri gəlmişkən, Yasamal rayonundan ödənilən pensiyanın,  istənilən halda, Suraxanı icra məmurunun qanuni-qanunsuz məktubu ilə yarıqat edilməsinin özü “İcra haqqında” qanunun tələbinə ziddir. Nədən borclunun pensiyası, əmək haqqı və s. başqa rayonda yerləşən qurum tərəfindən ödənilirsə, icra sənədi həmin rayonun icra və probasiya şöbəsinə göndərilməlidir və həmin rayonun,  konkret halda, Yasamal icra və probasiya şöbəsinin icra məmuru icranı davam etdirməlidir. Axı, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun əsasında verilən icra sənədi yoxdur!
Suraxanı icra məmuru Vüsal Əliyev Qarabağ əlilinə qarşı ədalətsiz yol tutub və qanuni icra sənədi olmadığını bilə-bilə məktubla (?) savaş əlilinin pensiyasını yarıqat  etdirib. Görünən odur ki, ƏƏSMN -in məmuru bu yekəlikdə qanunsuzluğu görməyib və ya görmək istəməyib. Bu  “görməmişlik”dən ziyan çəkən isə hələ də pensiyasının bərpasına məhkəmə yolu ilə də qadağa qoyulan, xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Qarabağ əlilidir.
Bizi qınaya bilərlər, dədələrimiz demiş, “eşşəyi qoyub, palanı döyəcləyirik”. Gəlin, razılaşaq ki, bu özbaşınalıqda Suraxanı məhkəməsi (bir neçə gün öncə vaxtından qabaq görəvinə  xitam verilən hakim Ramil Həsənov), həmin rayonun icra və probasiya şöbəsi (icra məmuru Vüsal Əliyev və “Rəvan” sığorta şirkəti ilə yanaşı,  Qarabağ əlilinin pensiyasını ödəməyə görəvləndirilən, bu görəvi vicdansızcasına yerinə yetirib, əlilin qan pulunu özgəsinə ödəyən ƏƏSMN yetkililəri böyük məsuliyyət daşıyırlar. Başqa sözlə, dədələrin ruhu qarşısında boynumuz qıldan nazikdir...

Məğrur BƏDƏLƏSOY
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.