Nazirlik əməkdaşı ondan şikayət edən Göyçay sakininə HÜCUM EDİB – “Akif Kərimov mənə təzyiq etməyə başladı, qardaşları üstümə hücum etdilər”

Baxış sayı:
418

Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov Fərman Hasil oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Müəllif yazır:
“Keçən dəfə mənim şikayət video çıxışımdan sonra Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov mənə təzyiq etməyə başladı, qardaşları üstümə hücum etdilər. Bu adam o qədər azğınlaşıb ki, qanunları belə saya salmır. Hətta Akif Kərimovun Müskürlü kəndində yaşayan qardaşları da özlərini kəndxuda kimi aparırlar.
Qeyd edim ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi həmin su arxının açılmasına dair qərar çıxardı. Həmin qətnamənin isə icrasına Akif Kərimov maneəçilik yaradır.
Bildirirəm ki, Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Müskürlü bələdiyyəsinin torpağını qanunsuz olaraq başqa şəxsə satmışdır. Nəticədə də bizim ailənin istifadə etdiyi su arxı ləğv edilmişdir. Bu səbəbdən susuzluğa görə ailə üzvlərim xəstə düşmüş, təsərrüfatım məhv olmuşdur.
Mən 1989-cu il tarixdə Müskürlü kəndində sovetlər dönəmində torpaq alıb, ev inşa etdirib, ailəmlə birlikdə yaşayıram. Həmin vaxtdanda istifadə etməyə suyu arx vasitəsi ilə həyətimə gətirmişdim. 30 ilə yaxın müddətdə həmin su arxından istifadə etmişəm. Qonşuluqda olan 6 sot boş torpaq sahəsini Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun əmisi oğlu və yeznəsi Vahid Kərimov alıb, Ucar rayon sakini Qurbanov Vüsal Fərman oğluna satmışdı. Həmin torpaq sənəddə 6 sot olsa da Vahid Kərimov bizim istifadə etdiyimiz su arxı olan 2 sot torpaq sahəsini də ora qataraq, qohumu Akif Kərimovun köməkliyi ilə ora sənəd almışdır. Bu isə açıq-aşkar cinayət əməlidir ki, Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun rəhbərliyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəhbərliyi bunu etmişdilər.
Bu korrupsiya cinayətinin nəticəsində mən və ailə üzvlərim sudan istifadə edə bilmirik. Hansı ki, Göyçay rayon Məhkəməsinin 09 dekeabr 2016-cı il tarixli qətnaməsi ilə sözügedən 2 sot torpaq sahəsinin Vüsal Fərman oğlu Qurbanov tərəfindən zəbt edilməsi təsdiq edilmişdir. Həmin zəbt edilmiş torpaq sahəsinə daxil edilmiş su yolunun açılması qət edilmişdir. Məhkəmənin qətnaməsinin icrasına isə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov təsir göstərir, yerinə yetirilməsinə imkan vermir.
Mənim istifadə etdiyim su arxının keçdiyi 2 sot torpaq sahəsinin Müskürlü bələdiyyəsinə məxsus olmasına dair bələdiyyə sənədi və yaradılmış komissiyanın aktı var. Həmçinin Müskürlü bələdiyyəsinin sədri Qorxmaz Bəyalıyev bunu video müraciətində də qeyd edir. Buna görə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimov bələdiyyə sədri Qorxmaz Bəyalıyevi şantaj edir, ona təzyiq göstərməyə çalışır. Korrupsiyaya qurşanmış Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun bu əməlləri araşdırılmalı və barəsində ciddi tədbirlər görülməlidir”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.