​Nazirlik bir gözü protez olan Qarabağ əlilinə status vermir – “RÜŞVƏT İSTƏYİRLƏR...” / MÜRACİƏT

Baxış sayı:
6499

Azərbaycanda məmur özbaşınalığının və rüşvətxorluğunun bəlasıdır ki, Qarabağ əlillərindən də “haqq” istənilir. Onlardan biri Bərdədə yaşayan Hüseynov Eyvaz Müzəffər oğludur.
 
E.Hüseynov illərdir ki, Qarabağ əlili statusunu ala bilmir. Onun barəsində Müdafiə Nazirliyinin “Ölümlə üzbəüz” adlı kitabında belə məlumat verilib.
 
Amma Cocuq Mərcanlı uğrunda döyüşlərdə sol gözünü itirən, protez göz taxan, sağ qolu yaralanan E.Hüseynova hara müraciət edirsə, əlillik vəsiqəsini əldə edə bilmir.
 
Bu barədə Sensasiya TV-yə danışan Qarabağ qazisi bildirib ki, Bərdə “VTEK” ona tibbi arayış vermir.
 
Ondan rüşvət istənildiyini deyən Qarabağ əlilinin sözlərinə görə, ümidini əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə bağlayıb.
 
“Mənim sol gözüm protezdir, sağ qolumda 13 santimetr damar çəkilib, işləmək qabiliyyətimi itirmişəm, amma mənə əllilik statusu verilmir ki, pensiya alım.
 
Daxili İşlər Nazirliyinin hospitalının rəyi də var, Heydər Əliyev mənə o vaxt qan pulu da verib, amma sənədi üstümə tullayıb deyirlər ki, sənə əlillik düşmür.
 
A kişi, necə düşmür? Bəs bu protez gözü kefimdən qoydurmuşam? Yoxsa qolumu maşının altına qoyub yaralamışam?
 
15-20 ildir ki, bu işin arxasınca gedirəm, heç yerdən kömək olunmur. Mənim güzəranımı görürsünüz, dolana bilmirəm, əlillik pensiyası alsam bəlkə çörək pulu edər.
 
Mən vətən üçün sağlamlığımı itirmişəm, indi məndən sübut tələb edirlər, pensiyanı çox görürlər, rüşvət istəyirlər. O rüşvəti necə yeyəcəksiniz?
 
Mən cənab nazir Sahil Babayevdən xahiş edirəm ki, məsələ ilə maraqlansın, araşdırma aparılmasına göstəriş versin, əlillik statusum verilsin”.
 
E.Hüseynov müdafiə naziri Zakir Həsənov, ƏƏSMN rəhbəri Sahil Babayev, I vitse-prezident Mehriban Əliyevadan xahiş edir ki, onun müraciətinə baxılsın.