​Nazirin vəzifə verdiyi şəxslərdən biri Yaqub Eyyubovun oğlu imiş...

Xəbər verdiyimiz kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində kadr dəyişiklikləri edib.
 
Aznews.az xatırladır ki, dəyişikliklərdən biri də baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Fərhad Eyyubovun vəzifəsinin yüksəldilməsi olub. Nazirin imzaladığı müvafiq əmrə əsasən, İdarədə şöbə rəisi kimi çalışan polkovnik-leytenant F.Eyyubov bundan sonra rəisin ikinci müavini kimi fəaliyyət göstərəcək.
 
*   *   *20:52
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən Bakıda yol polisi sistemində rəhbər vəzifələrə yeni təyinatlar olub.
 
Milli.Az xəbər verir ki, Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərhad Eyyubov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölük komandiri, polis mayoru Cəmşid Hənifəyev Bakı şəhər Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi təyin edilib.
 
Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Məmmədov isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bölük komandiri vəzifəsinə təyin edilib.
 
Həmin İdarədə rəis müavini işləmiş polis polkovnik-leytenantı Qələndər Qəhrəmanov Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis təyin olunub.