Nazirə sui-qəsdə görə tutulan Cəbiyev işgəncələrdən öldü, separatçı bölgə qarışdı - HÖKUMƏT RƏHBƏRİ İSTEFA VERDİ

Baxış sayı:
14079

Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində “hökumət başçısı” Erik Puxayev Sxinvalidə keçirilən etiraz aksiyasının ardınca istefaya getdiyini bəyan edib. Rusiya KİV-ləri xəbər verir ki, Puxayev istefa bəyanatı ilə çıxış edərək bu qərarını düşünüb-daşındığını və düzgün hesab etdiyini bildirib.

Separatçı regionun hökumət başçısının istefasına gətirib çıxaran etirazlara səbəb isə daxili işlər nazirinə sui-qəsd cəhdinə görə tutulan şəxsin işgəncələrdən ölməsidir. Ötən gün Sxinvalinin mərkəzində bir neçə yüz adam toplaşaraq hökumət başçısının istefasını tələb ediblər.

Regionun daxili işlər naziri İqor Naniyevə sui-qəsd cəhdi avqustun 17-də Sxinvalinin şimal səmtində baş verib. Onun avtomobilini kimsəsiz evdən atəşə tutublar. Heç kim zərər çəkməyib. Avqustun  28-də yerli saytlardan biri bədənində çoxsaylı döyülmə və işgəncə izləri olan şəxsin meyitinin fotosunu yayıb. Bildirilir ki, İnal Cəbiyev adlı 28 yaşlı bu şəxs daxili işlər nazirinə sui-qəs cəhdinə görə tutulmuşdu.

Cənubi Osetiyanın “prezidenti” Anatoli Bibilov bu fotonun yayılmasından sonra daxili işlər nazirini Cəbiyevin ölümü ilə bağlı aparılacaq təhqiqat dövründə  vəzifəsindən kənarlaşdırıb. Sxinvalinin mərkəzində keçirilən kortəbii mitinqə toplaşanlar bildiriblər ki, Cəbiyevin meyitini bədənindəki işgəncə izlərini gizlətmək üçün ailəsinə təhvil vermirlər. Nümayişçilər Bibiliovun özünün də istefasını tələb ediblər.

Yerli prokurorluq bildirir ki, daxili işlər nazirinə sui-qəsd cəhdinə görə 3 nəfər tutulub, onları DİN-in təcridxanasına salıblar. Saxlanılanlardan biri huşsuz vəziyyətdə xəstəxanaya aparılıb və orada keçinib.

Axşam saatlarında hökumətin başçısı Puxayev etirazçıların qarşısına çıxıb, toplaşanlar onun istefasını tələb ediblər. O, iqamətgahına geri qayıdaraq istefa ərizəsini yazıb. Suxumidə gərginlik davam edir./virtualaz.org