Nazir qiymət artımından danışdı: "Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək"

Baxış sayı:
9799

"Son bir aya yaxındır ki, soğanın qiymətində bahalaşma gedir. Bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar".

Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi qiymətlərin qalxamasının səbəblərini araşdırmaqla məşğuldur: "Süni şəkildə qiymət artımı baş vermir. Pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır. Gündəlik təlabata daxil olan məhsullar daha da ciddi nəzarət altındadır. Ancaq qiymətlərin artımı bizi narahat edir".

Ş.Mustafayev qeyd edib ki, hökumət tərəfindən bununla bağlı bu gün və ya sabah müvafiq tədbirlər görüləcək: "Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın dəyərinə spesifik idxal rüsumu tətbiq olunurdu. Bu kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Biz bu xüsusi rüsumun iki ay müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitorinqlər davam etdiriləcək. Biz inanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək"./azvision.az/