Nazir öldü, nəzir “dirildi” - Qarabağ əlilinin bağına işıq, qaz, su çəkilməsi qadağan edilib

Baxış sayı:
14242

Energetika Nazirliyi Konstitusiyaya zidd olaraq Nazirlər Kabineti qərarına məhəl qoymur

Azərbaycan Respublikasının Prezidenti hər çıxışında məmurların xalqa xidmət etməyə borclu olduğunu, xalqın 1 saylı xidmətçisinin də özü olduğunu açıqlayır. Di gəl, ildən ilə vətəndaş adi sosial,  kommunal xidmətlərdən də məmur özbaşınalığı sonucunda məhrum edilir.
Bu sətirlərin yazarının icarəsinə 28 il qabaq Nardaranda verilən bağ evi indiyədək nəinki sosial infrastrukturla, kommunal xidmətlərlə təchiz olunub, əksinə, buna qadağa qoyulub. Elə belə özbaşınalıq nədənindən bağdakı ağaclar quruyub, ekoloji təhlükə yaranıb. Amma nə xidmət qurumları üzərlərinə düşən görəvi yerinə yetirir, nə də nəzarətedici qurumlar və hüquq mühafizə orqanları onları buna məcbur edir.
Mərhum Natiq Əliyevin nazirliyi dönəmində Energetika Nazirliyi gerçəkdə vətəndaşların, enerji istehlakçılarının hüquqlarını olduqca peşəkar səviyyədə qoruyurdu, gerçəkdə xalqa elə gerçək də xidmət göstərirdi. Nə yazıq NAZİRİN gözlənilmədən ölməsi ilə NƏZİRİN “dirilməsi” ilə üzləşdik. Təsəvvür edin, Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin başlıca işi enerji sahəsində istehlakçı hüquqlarının qorunması olduğu halda, Agentlik üçüncü ildir 5 metrlikdəki dirəkdən budaqlanma yolu ilə işıq çəkilməsi üçün texniki şərtin hazırlanmasına görə 202 manatlıq qanunsuz ödənişin tələb olunmasını qanuni sayır. Hələ bu harasıdır, NK -nın 27.08.2013 tarixli 234 saylı qərarı ilə təsdiq edilmiş   “İstehlakçıların elektrik enerjisi  (gücü ) alması üçün texniki şərtlərin verilməsi və enerji şəbəkəsinə qoşulması” Qaydalarının 1.9 bəndinə əsasən texniki şərtlərin hazırlanmasının ödənişsiz olduğunu anladanda, Konstitusiyaya zidd olaraq 2018 -ci ildə qəbul edilmiş qoşulma haqqını geriyə hətta bir neçə il qabağa tətbiq edirlər. Düşünmək olardı ki, Energetika Nazirliyi bu qanunsuzluğa hüquqi qiymət verilməsini təmin edər, ən azı özbaşınalığa son qoyar. Amma, sən saydığını say, düşündüyünü düşün, gör Energetika Nazirliyi nə sayır, Konstitusiyanı necə sayır...
“Azərişıq ASC tərəfindən verilmiş 03 aprel 2017-ci il tarixli TMX -17/0375 saylı texniki şərtə əsasən tələb olunan gücü 8 kvt olan bağ evinə ...elektrik verilişi xəttindən BUDAQLANMA yolu ilə ...xətt çəkilməli, ..sayğac qutusu , sayğac komplekti və yükə uyğun avtomat açar quraşdırılmalıdır.Həmçinin qeyd edilmişdir ki, NK-nın 02.02.2005 tarixli 18 saylı qərarının 7.9 bəndinə əsasən fiziki şəxslərin sayğaclarla təchiz edilməsi və onların quraşdırılması “Azərişıq ASC-nin hesabına həyata keçirilir. ELEKTRİK ŞƏBƏKƏSİNƏ QOŞULMA İLƏ BAĞLI QURAŞDIRMA İŞLƏRİ “AZƏRİŞIQ ASC” TƏRƏFİNDƏN HAZIRLANMIŞ LAYİHƏ-SMETA SƏNƏDLƏRİ ƏSASINDA İSTEHLAKÇILARIN VƏSAİTİ HESABINA “AZƏRİŞIQ ASC TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMƏLİ,...TEXNİKİ ŞƏRTİN İCRA MÜDDƏTİ 30.04.2018 -ə qədər göstərilmişdir”. Bu, bir -birini danan misralar energetika nazirinin müavini Samir Vəliyevin imzası ilə  23.04.2019 tariində İqtisadiyyat Nazirliyinə ünvanladığı məktubdandır. Fikir verin, Energetika Nazirliyi NK-nın qərarına zidd olaraq texniki şərtin-layihə smeta sənədlərinin  hazırlanmasına görə 202 manatlıq ödəniş tələb edilməsini necə qanuniləşdirir?! Halbuki, Natiq Əliyev dönəmində həmin Energetika Nazirliyi rəsmiləri açıqlayıblar ki, layihə-smeta elə texniki şərt deməkdir və ödənişsiz hazırlanır. Eyni zamanda 7 kvt-lıq gücə malik xətdən 8 kvt güc götürülməsi “elmi icad”ına, NK -nın qərarında texniki şərtin ən azı 2 illik müddətinə verilməsi şərtinə və bir illiyinə verilsə də, göstərilən 30.04.2018 tarixinə kimi işlərin icra edilməməsinə, yəni 5 metrlik məsafədə yerləşən dirəkdən xətt çəkib sayğac quraşdırılmasının həyata keçirilməməsinə aydınlıq gətirilməyib. Məktubu oxumaqda davam edək: “Göründüyü kimi, Azərişıq ASC tərəfindən layihə-smeta sənədlərinin hazırlanmasına görə hesablanmış məbləğ və texniki şərtdə göstərilən qoşulmaya dair öhdəliklər bu günə kimi yerinə yetirilməmişdir”. Fikir verin, Energetika Nazirliyinin müavini enerji təchizatı müəssisəsini yox, əlil-istehlakçını texniki şərti iki ildən çoxdur icra etməməkdə suçlayır! (?) Bu da son deyil, energetika nazirinin müavini Samir Vəliyevin “görəcəkli” fikirləri hələ qarşıdadır: “Bildiririk ki, NK-nın 24.07.2018 tarixli 326 saylı qərarına görə, ..məişət abonenti texniki şərtin və layihə-smeta sənədlərinin alınması üçün enerji təchizatı müəssisəsinin bank hesabına tələb etdiyi gücə uyğun qoşulma haqqı ödəyir. .. və  qoşulma güzəşti nəzərdə tutulmayıb”. Fikir verin, 24.07.2018 tarixli NK-nın qoşulma haqqı ilə bağlı qərarı 1 il 3 ay qabaq verilən 03.04.2017 tarixli texniki şərtə necə Konstitusiyaya zidd olaraq tətbiq edilir! (?) KONSTİTUSİYANIN 149-cu MADDƏSİNİN VII bəndini  ENERGETİKA NAZİRLİYİNİN NƏZAR(ƏTEDİCİ) DİQQƏTİNƏ ÇATDIRIRIQ:
“FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİNİ YAXŞILAŞDIRAN, HÜQUQ MƏSULİYYƏTİNİ ARADAN QALDIRAN VƏ YA YÜNGÜLLƏŞDİRƏN NORMATİV HÜQUQİ AKTLARIN QÜVVƏSİ GERİYƏ GERİYƏ ŞAMİL EDİLİR. BAŞQA NORMATİV HÜQUQİ AKTLARIN QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLMİR”.
Göründüyü kimi, Energetika Nazirliyi-dövlət orqanı  NK-nın 2018-ci ildə qüvvəyə minən qərarını geriyə -1 il qabağa şamil etməklə, dövlətin himayəsində olan Qarabağ əlilindən dövlətin adından  qanunsuz ödəniş tələb edir. Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun 73-cü maddəsinə görə, heç kəsdən qanunda nəzərdə  tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”.
Fikrimizcə, Ana Qanun açıq şəkildə vətəndaşın hüququnu təsbit edir. Bəs niyə Energetika Nazirliyi və yanındakı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qanun yox, qanunsuzluq yolunu tutublar? Biz hələ onu demirik ki, ərazi planlaşdırılması aparılan yerlərdə məişət abonentindən texniki şərtin alınmasını tələb etməyin özü “Elektroenergetika haqqında “,”Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında “ qanunlarının tələblərinə ziddir. Di gəl, qanunu bilərəkdən yanlış izah və tətbiq edərək, vətəndaşların hüquqlarına qəsd edilir. Dövlətin ali məqsədi isə insan və vətəndaş hüquqlarını qorumaqdır. Konstitusiyanın 12 -ci maddəsində belə yazılıb.
Konstitusiyanı oxumaq və tətbiq etmək ilk olaraq dövlət orqanlarının görəvidir. Energetika Nazirliyi də dövlət orqanıdır və enerji sahəsində yönətimi həyata keçirir.

Məğrur BƏDƏLSOY,
Muxalifet.az