​NAZİR MÜAVİNİNİN ADINDAN SUİ-İSTİFADƏ OLUNUR

Vilayət Eyvazovun 2 milyon dollarlıq qalmaqalda adını hallandıran Azad Fərzəlinin nə kimi marağı var?

“Hürriyyət”in ötən saylarında “Binəqədi məhkəməsinin “quyu qazan” hakimi”, “2 milyon dollarlıq fırıldaq: Dubayda yaşayan “iş adamı” Zaur Əliyev öz tanışını necə aldadıb?” və“"Yaşıl bazar”da arabaçılıqdan milyonçuluğa…” sərlövhəli yazılarda Binəqədi məhkəməsinin hakimi Bəylər Ələkbərovun ədalətsiz qərarı, eləcə də Bakı sakini Azad Fərzəli və Dubayda yaşayan “iş adamı” Zaur Əliyevin qanunsuz əməllərindən bəhs etmişdik.
Xatırladaq ki, iddiaçı Fərzəli Azad Aydın oğlu məhkəməyə müraciət edərək, cavabdeh Nəsirli Bilal Məmmədəli oğlunun ona “546 min dollar verməli olduğunu” bildirib. Hakim isə heç bir fakta əsaslanmadan 15 aprel 2016-cı ildə B.Nəsirlidən iddiaçının xeyrinə 60 min dollar tutulması haqda qərar çıxarıb. Əslində isə, məhkəmə prosesində sübut olunub ki, B.Nəsirlinin A.Fərzəliyə borclu olduğunu təsdiq edən bircə əsaslı ifadə və sənəd belə yoxdur. Sadəcə, Bilal Nəsirli keçmiş qonşusu Zaur Əliyevlə iddiaçı Azad Fərzəli arasında vasitəçi olub, ötən yazılarımızda da qeyd etdiyimiz kimi, bəzi səbəblərdən ona “quyu qazmağa” çalışıblar…

Təsadüfi tanışlığın “qurbanı”

Qeyd edək k, 2012-ci ilin əvvəlində A.Fərzəli Həcc ziyarətində tanış olduğu B.Nəsirlidən xahiş edir ki, Dubayda yaşayan azərbaycanlı iş adamı Z.Əliyevin biznesinə sərmayə qoyaraq pul qazanmasına kömək etsin. B.Nəsirli A.Fərzəlinin bu təklifini Z.Əliyevə çatdırır. Onun razılığını aldıqdan sonra A.Fərzəliyə zəng vuraraq bu haqda məlumat verir. Nəticədə, Azad Fərzəli 2012-ci il aprelin 28-29-da Dubaya – Zaur Əliyevə 60 min dollar göndərir və xahiş edir ki, həmin vəsaiti sərmayə kimi öz biznesinə yatırsın və payına düşən gəliri hər ay ona göndərsin.
Beləliklə, 16 ay ərzində Z.Əliyev 60 min dollarlıq sərmayənin qarşılığında hər ay ona 2 400 dollar göndərir. Vəziyyəti belə görən A.Fərzəli qazancını artırmaq üçün 2012-ci ilin oktyabrında Məkkə ziyarətində olarkən tanış olduğu Quliyev Arif Şıxməmməd oğlundan ortaq biznes qurmaq adı altında 90 min dollar alır. Cəmi 4 ay sonra isə o, Dubaydakı şərikinin müflis olduğunu və həbs edildiyini bildirir. Nəticədə, A.Fərzəli A.Quliyevdən aldığı 90 min dolların qarşılığında “gəlir” adı altında onun cəmi 38 min dollarını geri ödəyir...
Həcc yoldaşı tərəfindən dolandırıldığını bilən Arif Quliyev  bununla bağlı 2015-ci ilin noyabrında Nəsimi rayon 21-ci polis bölməsinə müraciət edir. İddialara əsasən, həmin vaxt A.Fərzəli polis bölməsinin əməkdaşlarını bu və ya digər yollarla ələ alaraq, barəsində cinayət işi açılmasını rədd etdirir. Bundan sonra iddiaçı tərəf məhkəməyə müraciət edir. Lakin iş Ali Məhkəməyə qədər gedib çıxsa da, hakimlərin ədalətsiz qərarları problemin hüquq müstəvisində həllini tapmasına əngəl olur. O vaxta qədər ki, Nəsimi rayon Məhkəməsi iki həftə əvvəl 21-ci polis bölməsinin A.Fərzəli haqqında cinayət işinin açılmasını rədd edən qərarını ləğv edir...

Qanundan daha böyük “güc”

Nəsimi rayon Məhkəməsinin sözügedən ədalətli qərarının nəticəsi haqda məlumat verəcəyik. Bundan öncə isə onu qeyd edək ki, Azad Fərzəlinin, haqsız olmasına rəğmən, bu qədər məhkəmə prosesində “qalib gəlməs”i heç də təsadüf ola bilməzdi. Azərbaycan reallığı ilə tanış olan hər kəsə bəllidir ki, məhkəmədə haqsızın “haqlı” çıxarılması adətən iki halda mümkündür: ya bu işdə hansısa məmurun əli olduqda, ya da ortada rüşvət faktı mövcud olduqda. Nəzərə alsaq ki, Azad Fərzəli cəmi bir neçə il əvvələdək “Yaşıl bazar”da araba sürürmüş, deməli burda bizim qeyd etdiyimiz hər iki fakt keçərli deyil. Doğrudur, hazırda A.Fərzəlinin maliyyə durumunun yaxşı olduğu haqda məlumatlar var. Məsələn, onun cəmi 4 ayın içərisində 600 min dollar xərcləyərək Binəqədi rayon Naxçıxani küçəsində yerləşən yeni tikilmiş binadan 3 mənzil aldığı bildirilir. Bundan əlavə İstambulda da özünə ev aldığı haqda məlumatlar var. Amma araşdırmalarımız ortaya çıxarır ki, əslində A.Fərzəli sahib olduğu pulları Həcc yoldaşlarının etibarından sui-istifadə etməklə və Bilal Nəsirliyə qarşı haqsız iddia irəli sürməklə “qazanıb”. Əlbəttə, bizim məqsədimiz heç də B.Nəsirlinin müdafiə etmək deyil və A.Fərzəliyə qarşı da heç bir qərəzimiz yoxdur. Lakin əlimizdəki məhkəmə sənədləri əsasında deyə bilərik ki,  bu işdə çox böyük qanunsuzluğa yol verilib və bizim məqsədimiz sadəcə ədalətin bərpa olunmasıdır…

2 milyonluq dələduzluq

Azad Fərzəli

Bir daha xatırladaq ki, Azad Fərzəlinin iddiası üzrə məhkəmə proseslərində cavabdeh qismində çıxış edən Bilal Nəsirlinin azərbaycanlı “iş adamı” Zaur Əliyevlə tanışlığı Dubayda baş tutur. Onlar qonşu olublar və bu səbəbdən aralarında yaxın münasibətləri yaranıb. Nəticədə, B.Nəsirli öncə Bakıda, daha sonra Dubayda biznes fəaliyyəti ilə məşğul olaraq qazandığı 2 milyon dollara yaxın vəsaitini onun etibarını qazanan Z.Əliyevin biznesinə yatırıb. Həmin məbləğin 800 min dollara yaxını rəsmi sənədlərdə əks olunub və B.Nəsirli konkret olaraq bu işlə bağlı məhkəməyə müraciət edib. Beləliklə, 21.12.2015-ci ildə Dubay məhkəməsinin hökmü ilə iddiaçıya dəyən 2 749 500 dirhəmin (Həmin dövrdəki məzənnə ilə təxminən 800 min dollar) ödənilməsi tələb olunmuş və əlavə olaraq Zaur Əliyev barəsində həbs qərarı çıxarılmışdır. Lakin Z.Əliyev “müflis olduğunu” iddia etdiyindən, həmin pulu ondan almaq mümkün olmayıb və qısa müddət sonra o, Dubaydakı ərəb tanışlarından biri tərəfindən zaminə çıxarılıb.
Bundan sonra Zaur Əliyev onun barəsində məhkəməyə müraciət edən keçmiş ortağından qisas almağa çalışıb. Güman edilir ki, bunun üçün də vasitə olaraq B.Nəsirlinin onunla tanış etdiyi A.Fərzəlini seçib. Ehtimal olunur ki, özünü “müflis” kimi qələmə verən Z.Əliyev müəyyən vədlər qarşılığında Azad Fərzəlini Həcc yoldaşı Bilal Nəsirli barəsində məhkəməyə müraciət etməyə razı salır. Üstəlik, Zaur Əliyev əlaqədə olduğu kriminal güclər vasitəsilə də B.Nəsirlini susdurmağa çalışır. Lakin Bilal Nəsirlinin əlində ciddi sənədlər, əlavə olaraq ortada Dubay məhkəməsinin qərarı olduğundan, ikinci variant keçərli olmayıb. Bu baxımdan da Z.Əliyev əlində olan bütün imkanlardan istifadə edərək A.Fərzəlini müdafiə xəttinə güc verib…

Nazir müavinin adından sui-istifadə

Bütün bunlar öz yerində. Daha bir maraqlı fakt isə odur ki, Azad Fərzəli borclu olduğu insanlarla söhbət zamanı yeri gəldi-gəlmədi “yuxarıdakı dostları”nın adını çəkərək, özünü sığortalamağa çalışır. Məsələn, o, Arif Quliyevlə söhbət zamanı ona borclu olduğunu etiraf etməklə yanaşı, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovla yaxın əlaqədə olduğunu, lazım gəldikdə müəyyən məsələlərlə bağlı nazir müavinin dəstəyindən yararlana biləcəyini dilə gətirir. Hansı ki, digər bir çox sənədlərlə yanaşı, bu səs yazısı da iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, heç bir hakim dövlət məmurunun adından sui-istifadə halına yol verilməsi faktına əhəmiyyət verməyib və bu məsələnin üzərindən sükutla keçilib.
Təbii ki, belə bir çirkin işdə hörmətli Vilayət Eyvazovun adının hallandırılması bizim də marağımızda deyil. Amma bir halda ki, kimlərsə onun adından istifadə edərək, həm nazir müavininin nüfuzuna zərbə vurur, həm də öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar, bizim bu haqda yazmamağımız doğru olmazdı. Ən azı ona görə ki, bu, çirkin işlərdə dövlət məmurunun adından sui-istifadə olunur. Bu baxımdan güman edirik ki, V.Eyvazov öz “dostunu” çağırıb, adından istifadə etdiyi üçün onu tənbeh edəcək. Yox, əgər həqiqətən də Azad Fərzəli nazir müavini ilə dostdursa və onun tərəfindən himayə olunursa, bu, artıq başqa yazının mövzusudur…
RƏŞAD
P.S. Onu da qeyd edək ki, Bilal Nəsirli bütün bu faktlarla bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da rəsmi müraciət ünvanlayıb. O, inanır ki, Mehriban xanımın müdaxiləsi ilə ədalət bərpa olunacaq...
P.P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.