Nazir Binəqədi sakininin evini sökdürdü – DƏHŞƏTLİ MƏNZƏRƏ

Binəqədi rayon Rəsulzadə qəsəbəsində daha bir vətəndaşın evi qanunsuz olaraq sökülüb. Muxalifet.az xəbər verir ki, zərərçəkən və ailə üzvləri məmur özbaşınalığının qurbanı olub.
Qeyd edək ki, iyulun 17-də qəsəbə sakini Rauf Əliyevin redaksiyamıza müraciəti əsasında saytımızın əməkdaşı hadisə yerində olub və qanunsuz söküntünün canlı şahidi olub.
Əldə etdiyimiz məlumata əsasən, söküntünün aparılması Nəqliyyat naziri Ziya Məmmədovun göstərişi əsasında baş tutub. Rauf Əliyev deyir ki, bu işə birbaşa nazirin oğlu, restoranda 1 milyon dollara ayı əti sifariş verməklə gündəmə gələn Anar Məmmədov nəzarət edib. O, yerli icra nümayəndələrinə göstəriş verib ki, söküntünün aparılmasına etiraz edən sakinlərə güc tətbiq edilsin. Deyib ki, “mən arxanızdayam, kimsə sizə bir söz deyə bilməz”.

Sakinlər deyir ki, bu ərazidə yaşayan insanların qovulmasında məqsəd nazir oğlunun öz ərazisinin genişləndirərək, burada yeni tikililər aparmaq niyyətində olmasıdır. Anar Məmmədovun özünə yeni villalar və kotteclər tikdirəcəyi vurğulanır. Bu səbəbdən də evinin sökülməsinə qarşı çıxan insanlara yerli icra nümayəndələri və polislər tərəfindən güc tətbiq edilir. Eyni zamanda, əraziyə verilən qaz, su və elektrik enerjisini kəsiblər ki, yaşamaq mümkün olmasın və əhali evindən çıxmağa məcbur olsun.
Digər maraqlı fakt isə odur ki, hələ bir neçə il əvvəldən bu ərazidə evlərin alqı-satqısı qadağan edilib. Belə ki, əksər sakinlərə müxtəlif aldadıcı vədlər verərək, onların evlərinin sənədi toplanıb ki, alqı-satqı işi həyata keçirə bilməsinlər. Həmçinin, müvafiq idarələrə də tapşırılıb ki, bu ərazidə yaşayan sakinlərə heç bir sənəd verilməsin.
Məhz bunun nəticəsidir ki, nazir Ziya Məmmədovun göstərişi əsasında əraziyə böyük buldozerlər gətirilib və hətta sakinlər evlərinin içində ola-ola və əşyalarını çıxarmadan, onların evləri başlarına uçurulub. Bu zaman ən sakinlərə böyük zərər dəyib. Üstəlik, xüsusi mülkiyyətinin qəddarcasına dağıdılmasına etiraz edən sakinlər, o cümlədən R.Əliyev, yerli icra orqanları əməkdaşlarının və polisin təzyiqi ilə də üzləşib, ona qarşı zor tətbiq edilib. Daha sonra isə nazir oğlu A.Məmmədovun adamlarından biri Rauf Əliyevi hər kəsin yanında ölümlə hədələyib. 

Onu da qeyd edək ki, sakinlər əmlakının qanunusuz olaraq sökülməsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etsə də, bu məsələnin arxasında hakimiyyətdə böyük güc sahibi olan korrupsioner məmur Ziya Məmmədov durduğundan, onun şikayətinə baxan olmayıb. Belə ki, bütün rəsmi qurumlar nazirin oğlunun könlü xoş olsun deyə, vətəndaşların evlərinin başına uçurulmasına, onların didərgin salınmasına göz yumub.
 
Vüqar CƏFƏROV,
 
Muxalifet.az