​Nazim İbrahimovun qardaşının məhkəməsi - 12 nəfər haqqında məcburi gətirilmə qərarı çıxdı

Baxış sayı:
28792

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Əkram Əliyev ifadə verib.
O, S.İbrahimovun şirkətindən mənzil aldığını deyib: "Evin sənədləri də qaydasında idi. Sonra mənzili başqasına satmışam. İstintaq dövründə məni ifadə verməyə çağırdılar. Mənim heç kəsdən şikayətim olmaya-olmaya niyə dindirdilər bilmirəm".
Digər zərərçəkmiş Telman Quliyev də dindirilib. O, S.İbrahimovu tanımadığını, 2014-cü ildə "Avesta" şirkətindən ev aldığını, daha sonra həmin mənzili iki dənə iki otaqlı mənzillə dəyişdiyini deyib: "Həmin evlərdən biri başqa şəxsə satılmışdı. Məni içəri belə buraxmadılar. Mən də həmin evə görə şikayətçiyəm".
Təqsirlğndirilən şəxs söyləyib ki, zərərçəkmişin qeyd etdiyi mənzilin ona heç bir aidiyyatı yoxdur.
Məhkəmədə elan olunub ki, iş üzrə dindirilməmiş 12 zərərçəkmiş ifadə vermək üçün prosesə gəlməyib, onlar məhkəmə çağırışlarına əməl etmirlər.
Məhkəmə 12 zərərçəkmiş barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses aprelin 3-də davam etdiriləcək. 
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.
Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.