Nazim Babayev: Qalib gəldiyim rəqibimə vaxtilə televizordan baxırdım

Baxış sayı:
32635

Məlum olduğu kimi, azərbaycanlı atlet Nazim Babayev tarixi uğura imza atıb.
Muxalifet.az xəbər verir ki, 21 yaşlı atlet 1-3 mart tarixlərində Böyük Britaniyanın (Şotlandiya) Qlazqo şəhərində qapalı məkanda keçirilən XXXV Avropa çempionatının üçtəkanla tullanma yarışında qalib olub.
O, 17 metr 29 santimetr məsafəyə tullanmaqla həm özünün ən yaxşı göstəricisinə nail olub, həm də ilk dəfə böyüklər arasında Avropa çempionluğunu əldə edib. Yeniyetmələrin Olimpiya Oyunlarının mükafatçısı, Yay Universiadasının, gənclər və U-23 üzrə Avropa çempionatının, o cümlədən, İslamiadanın qalibi olan Babayev təəssüratlarını bildirib:
“Artıq iki ildir ki, böyüklərin yarışında çıxış edirəm. Bu nəticəyə nail olmaq asan olmadı. Məşqçim mənə 17,30 nəticə göstərməyə qadir olduğumu demişdi. Bir santimetr az nəticə göstərsəm də, ümumilikdə onun fikirlərini doğrultdum. Çünki bu yarışa psixoloji cəhətdən yaxşı hazırlaşmışdım”.
Növbəti üç Olimpiadada Azərbaycanı təmsil etmək şansı olan gənc atletimiz Tokio Olimpiya Oyunlarında iştirakından da danışıb:
“Avropa çempionu olmaq nə qədər çətindirsə, Olimpiadada qalib olmaq ondan iki-üç qat çətindir. Bunun üçün taktiki və texniki cəhətdən hazırlığımı yaxşılaşdırmalıyam. Mən gəncəm. Bu Avropa çempionatında ikinci yeri tutan Portuqaliyanı təmsil edən rəqibim Nelson Evura 2008-ci ildə Pekində Olimpiya çempionu olanda mən ona televizordan baxırdım. İndi isə ona qalib gəlirəm”.
O daha sonra qapalı məkan və açıq havada keçirilən yarışların fərqi ilə bağlı verdiyimiz suala cavab verib:
“Qapalı məkanda baş tutan yarışlar qışda manejdə keçirilir. Bu da sərbəstlik olmadığından, idmançıları bir qədər sıxır. Amma Olimpiada da daxil olmaqla, yaydakı yarışlar açıq havada keçirilir. Hər ikisində eyni rəqiblər iştirak edir. Manejdə qalib gəlmək üçün bir qədər psixoloji cəhətdən hazırlıqlı olmalısan”.