“Nazarbayevin qurduğu sistem onun vəfatından sonra çökəcək” - POLİTOLOQ

Baxış sayı:
6088

Martın 19-da Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefaya çıxdığını elan edib. 78 yaşlı Nursultan Nazarbayev bu vəzifədə 30 ilə yaxın olub. “Mən prezident kimi səlahiyyətlərimdən imtina etmək qərarına gəldim”, – N.Nazarbayev televiziya ilə xalqa müraciətində belə deyib.Bundan sonra 2020-ci il seçkilərinədək Qazaxıstan prezidentinin vəzifəsini Kasım-Comərt Tokayev icra edəcək. Tokayevin ilk təklifi isə ölkənin paytaxtı Astananın adının dəyişdirilərək Nursultan adlandırılması olub. Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Qazaxıstan parlamentinin yuxarı palatasının spikeri seçilib.Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri, parlamentin hər iki palatasında, hökumət orqanlarının regional nümayəndəliklərində çoxluğa malik iqtidardakı Nur Otan Partiyasının lideri, Qazaxıstan Xalq Asasambleyasının sədri kimi ölkədəki mövcud siyasi və iqtisadi proseslərə nəzarətin ən effektiv imkanlarını əlində saxlayıb. Bundan sonra Qazaxıstanda nələr baş verəcək? Siyasi şərhçi Şahin Cəfərli ASTNA-nın suallarını cavablandırıb.

Muxalifet.az müsahibəni oxucularına təqdim edir:

– Şahin bəy, Qazaxıstan prezidenti Nursultan Nazarbayev gözlənilmədən istefa verdi. Əslində Qazaxıstanda nə baş verir?

-Əvvəla, qeyd edim ki, Nazarbayevin istefası gözlənilməz deyildi. Onun özündən sonrakı Qazaxıstanı dizayn etmək istiqamətində addımları hələ 2010-cu ildə başlamışdı. Həmin ilin iyulunda “Qazaxıstan Respublikasının birinci prezidenti – Millətin lideri (Elbaşı) haqqında” Konstitusiya qanunu qəbul olundu. Bu qanun Elbaşının siyasi-hüquqi statusunu müəyyən edir və onun prezidentlikdən sonra da dövlət idarəçiliyində söz sahibi olmasına təminat verir. Bu qanun əsasında Nursultan Nazarbayev ömrünün sonuna qədər icra edə biləcəyi səlahiyyətlər alıb. Məsələn, Elbaşı dövlət quruculuğunun, daxili və xarici siyasətin, təhlükəsizlik siyasətinin vacib istiqamətləri barədə xalqa müraciət etmək, dövlət orqanları və vəzifəli şəxslər qarşısında icrası məcburi olan təşəbbüslər qaldırmaq, parlamentin, hökumətin iclaslarında çıxış etmək, Qazaxıstan Xalqları Assambleyasına, Milli Təhlükəsizlik Şurasına rəhbərlik etmək, Konstitusiya Şurasına (Konstitusiya Məhkəməsi) üzv olmaq hüququna malikdir.

Elbaşı haqqında qanunun qəbulundan sonrakı 7 ilə yaxın müddətdə Nazarbayev vəzifəsini təhvil vermək istiqamətində hər hansı addım atmadı. Mən düşünürəm ki, onun gözləmə mövqeyinə keçməsində gərginləşən beynəlxalq şərait – “ərəb baharı”nın başlaması, xüsusən də Liviya və Suriyada baş verən hadisələr, daha sonra isə Rusiyanın Ukrayna ərazisi Krımı ilhaq etməsi və Donbasda qanlı münaqişə ocağı yaratması ciddi rol oynadı. 2016-cı ilin sentyabrında Özbəkistan prezidenti İslam Kərimovun qəfil ölümü və bundan sonrakı proseslər, xüsusən də diktatorun qızı Gülnarə Kərimovanın başına gələnlər Nazarbayevi təkrar düşünməyə və beynində qurduğu konstruksiyanı həyata keçirməyə vadar etdi. 2017-ci ilin martında ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən prezidentin bəzi səlahiyyətləri parlament və hökumət arasında bölüşdürüldü. Hökumətin prezident tərəfindən təkbaşına deyil, parlamentin iştirakı ilə formalaşdırılması, baş nazirin qanunverici orqan qarşısında cavabdehliyi təsbit edildi. Dəyişikliyə görə, prezident yalnız 3 naziri – müdafiə, daxili və xarici işlər nazirlərini təyin etmək hüququna malikdir, Nazirlər Kabinetinin qalan tərkibini parlament müəyyənləşdirir. Prezident Nazirlər Kabinetinin və baş nazirin qəbul etdiyi aktları ləğv edə bilməz. Elə o zaman aydın idi ki, Nazarbayev özü öz səlahiyyətlərini məhdudlaşdırmaz və bu dəyişikliklər Elbaşıdan sonrakı prezidentin səlahiyyət çərçivəsini müəyyən etməyə və daraltmağa yönəlib. 2018-ci il mayın 31-də isə Təhlükəsizlik Şurasının statusu dəyişdirildi və o, məsləhət-məşvərət orqanından konstitusion dövlət orqanına çevrildi. TŞ milli təhlükəsizlik, müdafiə sahələrində dövlət siyasətinin əsas istiqamətlərinin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və təşkili məsələlərinə məsul hesab olundu. Elbaşı haqqında qanuna görə, ilk prezident Nursultan Nazarbayev TŞ-nin ömürlük rəhbəridir. Yəni, ötən ildən məlum olmuşdu ki, Nazarbayev prezidentlikdən imtina edib, Təhlükəsizlik Şurasının sədri qismində ölkəyə nəzarəti öz əlində saxlayacaq, sosial-iqtisadi problemlərə görə cavabdehlik isə prezidentin boynunda qalacaq. Bu, sadəcə, zaman məsələsi idi və 2019-ci il martın 19-da, saat 19:00-da prezidentin xalqa müraciəti ilə elan olundu.

-Prezident hakimiyyəti öz yaxınına təhvil verdi. Prezidentlikdən getsə də, prezidentdən də üstün bir mövqeni özündə saxladı. Artıq o, hər şeyə, hər kəsə nəzarət edə biləcək. Üstəlik də Qazaxıstan parlamentli respublikadır. Bu, nə sistemidir belə?

-Qazaxıstan respublikadır və Konstitusiyaya əsasən demokratik, dünyəvi, sosial, hüquqi dövlətdir. Lakin 2010-cu ildə qəbul olunan Konstitusiya qanunu, 2017-ci və 2018-ci illərdə həyata keçirilən Konstitusiya dəyişiklikləri respublika quruluşu və demokratik prinsiplərlə ziddiyyət təşkil edir. Konstitusiyanın bir şəxsə uyğunlaşdırılması və həmin şəxsin vəzifədən getdikdən sonra da faktiki dövlətin 1-ci adamı kimi qalması və üstün səlahiyyətlərə malik olması mahiyyət etibarilə monarxiyanı xatırladır. Hər hansı seçkili vəzifə tutmayacaq olan Elbaşıya ömrünün sonuna qədər dövləti idarə etmək səlahiyyətinin verilməsinin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, ölkədə xaqanlığın bərqərar edilməsi deməkdir. Nursultan Nazarbayev prezidentlikdən imtina etdikdən sonra faktiki olaraq qazax xaqanı oldu.

-Bu yeni sistem böyük gücləri razı salırmı?

-Qazaxıstan iki böyük dövlətlə qonşudur: Rusiya və Çin. Rusiya Qazaxıstanın müttəfiqidir, bu iki ölkə vahid iqtisadi və təhlükəsizlik məkanında – Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar. Qazaxıstanda baş verənlər şübhəsiz ki, Moskvada çox diqqətlə izlənilir. Ən azı ona görə ki, Qazaxıstanda 3,5 milyon etnik rus yaşayır, ölkə ərazisində Rusiyanın istifadəsində olan Baykonur kimi strateji əhəmiyyətli hərbi obyekt və kosmodrom var. Bu səbəbdən Rusiya Qazaxıstanla strateji tərəfdaşlığı və müttəfiqliyi davam etdirməkdə maraqlıdır. Çin də son illər Qazaxıstanla ikitərəfli iqtisadi əlaqələrini inkişaf etdirən dövlətdir və qonşusunda sabitliyin olmasında marağı var. Əlbəttə, Kreml istəyərdi ki, Qazaxıstanda daha sözəbaxan və rusiyameylli rəhbər olaydı. Nazarbayevin bəzi millətçi addımları – qazax dilinin rolunu gücləndirməsi və müvafiq olaraq rus dilini sıxışdırması, latın əlifbasına keçməsi, qazax milli identikliyini gücləndirməsi, xarici siyasətdə isə Çin və ABŞ-la yaxınlaşaraq Rusiyanın bölgədəki təsir gücünü bir qədər məhdudlaşdırıb balans yaratması Moskvanı məmnun etmir. Lakin hər halda, Nazarbayev Rusiyanın gücünü və önəmini anlayan, onunla yaxın dialoq və əməkdaşlığı davam etdirən, eyni inteqrasiya layihələrində təmsil olunan, Çinə və Qərbə doğru kəskin reveranslar etməyən rəhbər kimi Moskvanı narazı da salmır. Qazaxıstanda demokratiyanın olması nə Rusiyanı, nə də Çini maraqlandırır. Adı çəkilən böyük qonşular üçün demokratiya adlı problem yoxdur, tam əksinə, onlar avtokratik və monarxik rejimlərlə daha yaxşı anlaşırlar. Qərbə gəldikdə isə onlar üçün də Qazaxıstanda demokratiyanın bərqərar olmasının xüsusi əhəmiyyət daşıdığına mən inanmıram. Qazaxıstan ATƏT-in üzvü olsa da, Avropa məkanına aid deyil, Avropa Şurasında təmsil olunmur, coğrafi mövqeyinə görə Avropa İttifaqına, NATO-ya inteqrasiya şansı yoxdur, demokratikləşmə sahəsində üzərinə konkret öhdəliklər götürməyib. Ona görə də Qərb Qazaxıstanda demokratiya istədiyini sözdə ifadə etsə də, əməldə belə bir tələbi yoxdur. Onlar iqtisadi və təhlükəsizlik sahələrində Qazaxıstanla yaxşı əməkdaşlıq qurublar, ölkənin neft yataqlarının istismarında Qərb şirkətləri yaxından iştirak edir, Əfqanıstana NATO yüklərinin daşınması üçün Qazaxıstanın Aktau və Kurık limanlarından istifadə olunur. Bu səviyyəli əməkdaşlıq Qərbi hələ ki qane edir. Təsadüfi deyil ki, Nazarbayev ötən il ABŞ-a dəvət olundu və Ağ Evdə yüksək səviyyədə qəbul edildi.

-Bəzi analitiklər deyirlər ki, regionda hansısa proseslər baş verir. Məsələn, Qazaxıstan insan haqları və demokratiya sahəsində olmasa da, bəzi sahələrdə, xüsusilə də iqtisadiyyat sahəsində son illərdə bəzi islahatlar həyata keçirib. Və yaxud prezidentli respublikadan parlamentli respublikaya keçid edib. Indi isə prezidentin qəfil istefası da böyük maraq doğurur. Doğrudanmı, bu, regionda gedən hansısa proseslərlə bağlıdır, yoxsa Nursultan həqiqətən də ölkəsini dəyişdirmək istəyir? Bundan sonra Qazaxıstanı nə gözləyir? Nə baş verə bilər?

-Nə qədər ki Nazarbayev həyatdadır və əmək qabiliyyətlidir, Qazaxıstanda proseslərin nəzarətdən çıxmasını gözləməyə dəyməz. Toplumda müəyyən narazılıq var, xüsusən paytaxt Astananın adının dəyişdirilməsi narazılıq yaratdı və bu şəhərdə, eləcə də Almatıda etirazlara cəhd edildi. Amma polis asanlıqla bu cəhdlərin qarşısını aldı. Müstəqillik dövründə ölkədə həqiqi mənada müxalif qüvvənin təşəkkül tapmasına imkan verilməyib. Keçmiş enerji, sənaye və ticarət naziri Muxtar Ablyazovun yaratdığı “Qazaxıstanın demokratik seçimi” adlı real müxalifət təşkilatının fəaliyyəti qadağan edilib, Ablyazov özü isə mühacirətdədir. Qazaxıstanın siyasi həyatı bundan sonra növbəti prezident seçkilərinə köklənəcək. Şübhəsiz ki, bu vəzifəyə Elbaşı kimi məsləhət biləcəksə həmin şəxs seçiləcək. Ən şanslı namizədlər hazırda prezident səlahiyyətlərini icra edən Kasım-Comərt Tokayev və Senatın sədri Dariqa Nazarbayevadır. Sürpriz namizəd kimi Milli Təhlükəsizlik Komitəsinin sədr müavini, Nazarbayevin qardaşı oğlu Samat Abişin də adı çəkilir.

Qazaxıstanda keyfiyyətcə yeni və fərqli siyasi situasiya o zaman yaranacaq ki, 79 yaşlı Elbaşı ağır xəstəliyə düçar olub əmək qabiliyyətini itirsin və ya vəfat etsin. Hakimiyyət uğrunda əsl mübarizə məhz o zaman başlayacaq. Nazarbayev hazırkı addımları ilə maksimum çalışır ki, onun hər hansı səbəblə siyasi səhnədə olmayacağı dövrdə vəziyyət nəzarətdən çıxmasın.

-Qazaxıstan kimi ölkələrin demokratikləşməsi üçün hansı addımlar atılmalıdır?

-Qazaxıstan kimi ölkələrin demokratikləşməsi üçün ilk növbədə daxili tələbat olmalıdır. Toplumun içərisindən bu tələb gəlməlidir və klanlar arasında da konsensus olmalıdır ki, normal demokratik keçid baş versin. Əslində Nazarbayev kimi güclü lider yavaş-yavaş demokratik islahatlar apara, cəmiyyətə birdən-birə olmasa da, necə deyərlər, qram-qram sərbəstlik verə, demokratik institutların inkişafına şərait yarada, heç olmasa, Rusiya səviyyəsində idarəolunan demokratiya modeli bərqərar edə bilərdi. Amma Elbaşı bu yolu seçmədi. Mən bunu xəta sayıram. Çünki Nazarbayevin xarizması və şəxsiyyət kultu əsasında qurulmuş siyasi sistem onun vəfatından sonra çökəcək. Həmin konstruksiyanın yerində nəyin yaranacağı isə qaranlıq qalır. Bu da öz növbəsində postnazarbayev dövründə sabitliyin pozulması riski yaradır.