Naxçıvandakı atəşfəşanlığın yeni detalları: Uçuz barıtın “şorbası” az qala Vasif Talıbova da xəsarət yetirəcəkmiş - YENİ VİDEO / ŞƏKİLLƏR

Baxış sayı:
5146

Naxçıvanda ötən gecə Yeni il bayramı münasibətilə keçirilən atəşfəşanlıq skandalının yeni detalları məlum olub.

Ovqat.com-un məlumatına görə, uğursuz fişəng nümayişi Ali Məclisin qarşısındakı meydanda keçirilib.

Nümayişdə Ali Məclisin sədri Vasif Talıbov da öz ailə üzvləriylə iştirak edirmiş. Nəzarətdən çıxan fişəng partlayışları da sədrin gözünün qarşısında baş verib və az qala ona xəsarət yetirəcəkmiş.

Muxtar Respublikanın rəsmi mətbu orqanlarında dərc olunan məlumatlar da bəzi iddiaları təsdiqləyir. “Şərq qapısı” qəzetinin bugünkü buraxılışında dərc olunan baş məqalədə deyilir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir”. Xəbərdə dərc olunan şəkillər də cənab sədrin nəvələri və ailəsi ilə bərabər atəşfəşanlığı seyr etdiyini göstərir.

Maraqlıdır ki, rəsmi mətbu orqanlar bu faktı təsdiqləsələr də Yeni il atəşfəşanlığından baş verən insident barədə yazmırlar. Əksinə tədbirin çox möhtəşəm keçməsini iddia edirlər. Tədbirin nə dərəcədə “möhtəşəm” keçdiyini isə hadisə zamanı çəkilmiş video-görüntülər təsdiqləyir. Ovqat.com-un əldə etdiyi növbəti videonu təqdim edirik:

Bu görüntülərdən də aydın olur ki, fişənglər nəzarətdən çıxaraq meydanda toplanmış insanların üstünə uçuşurlar. İnsident zamanı meydana toplananlardan xəsarət alanlar barədə hər hansı məlumat verilmir. Bununla belə, xəsarət alanların olduğuna dair söz-söhbətlər dolaşır. İddialara görə, “nümayişlərin möhtəşəmliyinə” xələl gətirməmək üçün bu faktlar gizlədilir.

Bildirildiyinə görə, insidentin məhz Yeni il günü Vasif Talıbovun atəşfəşanlığı seyr etdiyi bir zamanda baş verməsi Muxtar Respublika rəhbərliyində təxribat şübhəsi yaradıb. Zira Vasif müəllim adəti üzrə hər Yeni il tədbirində atəşfəşanlıq nümayişinə gəlirmiş və Naxçıvan şəhərinin əhalisini də bu tədbirlərdə iştiraka təşviq edirmiş. Dolayısıyla onun bu dəfəki tədbirdə də iştirakı gözlənilirmiş. Mümkündür ki, kimlərsə atəşfəşanlıq zamanı qarışıqlıq yaradaraq, Vasif Talıbova hansısa mesajı çatdırmaq və ya özlərinin daha məkrli niyyətlərini həyata keçirmək istəyirmişlər. Muxtar Respublikanın hüquq-mühafizə orqanlarının bu hazırda bu ehtimalı araşdırdığı bildirilir.

 

O da istina olunmur ki, Yeni il fişənglərinin xaricdə hazırlanması Muxtar Respublika rəhbərliyində yaranan şübhələrin beynəlxalq müstəviyə qədər uzanmasına yol açıb. Zira istər Naxçıvanda, istərsə də Bakıda partladılan fişənglər bir qayda olaraq 3 dövlətdən gətirilir. Bunlardan biri İran, digərləri isə Türkiyə və Çindir. Naxçıvana builki fişənglərin İrandan gətirildiyi güman olunur. İddia olunur ki, dotasiyaların azaldılmasından sonra bir çox məsələlərdə qənaət rejiminə keçən Muxtar Respublika rəhbərliyi atəşfəşanlığın da ucuzuna qaçıb. Bu da nəticədə daha keyfiyyətsiz fişəng lülələrinin alınmasını şərtləndirib. Atəşfəşanlıq sırasında lülələrin aşması füşəng mərmilərinin göyə deyil, vətəndaşların üstünə açılmasına səbəb olub.

 

Tədbirdən çəkilən foto-şəkillərdən o da hiss olunur ki, rəhbərlik atəşfəşanlığın dozasını bir az qaçırıb. Naxçıvanın tamamən işıq haləsinin içərisinə salmaq, həm də bunu ucuz yolla həyata keçirmək cəhdi, görünür, dünənki xoşagəlməz hadisənin başlıca səbəblərindən biridir. Lap, “Dərviş Parisi partladır” filmində deyildiyi kimi, deyəsən, Naxçıvan rəhbərliyi də dünənki atəşfəşanlığın barıtını çox edibmiş.