Naxçıvanda Bayraq Günü ilə əlaqədar tədbirlər keçirilib - VİDEO

Baxış sayı:
2276

Naxçıvan Qarnizonu qoşunlarında 9 Noyabr Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib. Müdafiə Nazirliyindən bildirilib ki, “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan bayrağımızın 70 ildən sonra ilk dəfə eks-prezident Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırıldığını qeyd edib. Vurğulanıb ki, bu gün 3 rəngli, ay-ulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır. Çıxışlar zamanı Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov bildirib ki, Vətənə sədaqətin və hərbi anda sadiqliyin simvolu olan bayrağımız hər birimiz üçün qürur mənbəyidir. Silsilə tədbirlərdə mədəniyyət kollektivləri, kursantlar, şagirdlər və “Nərgiz” uşaq bağçasının balaca fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonda tədbirlərin fəal iştirakçıları mükafatlandırılıblar.