Naxçıvan MR-nın koronavirus statistikası rəsmi saytlardan niyə silinib? - FAKTLAR

Baxış sayı:
3760

Naxçıvan MR Səhiyyə Nazirliyinin bu gün paylaşdığı koronavirus statistikası kiçik torpaqda böyük ajiotaja səbəb olub.
Məlumata görə, Ali Məclis sədrinin razılığını almadan ictimailəşdirilən bu məlumat muxtar iradənin bərk acığına gəlib.
Ali Məclisdən “muxtar səlahiyyətli” media patronlarına olduqca sərt göstəriş verilib: Nəyin bahasına olursa olsun həmin yazı rəsmi media orqanlarından çıxarılmalıdır.
Düzü, bu məlumatın səhihliyinə inanmasaq da, faktı yoxlamaq qərarına gəldik. Həqiqətən də məlumat bütün rəsmi media qurumlarının səhifələrindən silinmişdi. Anlamadığımız isə bir məsələ oldu: Naxçıvan MR niyə koronavirus həqiqətlərini ört-basdır etməyə çalışır? Axı bunun inkişafla, tərəqqi ilə heç bir əlaqəsi yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələri belə koronavirusa ən çox qurban verənlərdir. Onların aciz qaldığı bir məsələdə Muxtar Respublikanı heç kim qınaya bilməz. Bəs o zaman faktı yayıb sonra tələm-tələsik sildirmək nəyə gərəkdir?
Qeyd edək ki, Muxtar Respublikanın bu məsələyə konfidensial yanaşması ilk hadisə deyil. Bir müddət əvvəl də Naxçıvanın Səhiyyə naziri mediaya açıqlama verərək dünyanın hər yerinə yayılan koronavirusun Muxtar Respublikaya ayaq basa bilmədiyi ilə qürrələnmiş və belə demişdi: “Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb”. 
Elə həmin gün Türkiyənin mətbu orqanları bu iddianı təkib edən məlumatlar dərc etmiş, Muxtar Respublika rəhbərliyinin koronavirusa qarşı analoqu olmayan mübarizəsindən danışmışdı. Bu da istər-istəməz bəzi suallara yol açmışdı: Muxtar Respublikada koronavirus var, yoxsa yox. Vardırsa, Səhiyyə naziri niyə olmadığını deyir. Yoxdursa Muxtar Respublika olmayan bir düşmənə qarşı necə mübarizə aparılır?
Azərbaycan oxucusunun bir həftə baş sındırdığı bu sualın cavabını yenə elə Naxçıvan MR Səhiyyə Nazirliyi vermişdi: “Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
 Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmışdır. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.

Loru desək, sən demə varmış. Aprelin 6-da verilən bu məlumatdan bir həftə keçdikdən sonra bu gün ikinci xəbər gəlmişdi: “Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmış, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.
İndisə həmin məlumat əksər media orqanlarından silinib./Ovqat.com
Bu da fakt:

https://www.realtv.az/news/az/44011/naxchivanda-indiyedek-71-neferde-koronavirus-ashkarlanib-1-nefer-sagalib
http://naxcivantv.az/index.php/news/23056-naxçıvan-muxtar-respublikası-səhiyyə-nazirliyi-məlumat-yaydı.html
https://report.az/sehiyye/naxcivanda-71-neferde-koronavirus-askarlanib/
https://m.salamnews.org/az/news/read/380570
https://apa.az/az/sosial_xeberler/Naxcivanda-indiydk-71-nfrd-koronavirus-askarlanib-1-nfr-sagalib-1-nfr-vfat-edib-581217