​NAXÇIVAN AEROPORTUNDA GƏRGİNLİK - Bakıya gəlmək istəyən sərnişinlərdən "koronavirus arayışı" tələb olunur

Baxış sayı:
1225

Naxçıvan Muxtar Respublikasından (MR) Bakıya gəlmək istəyən vətəndaşlar ciddi problemlə üzləşib. 
Bu haqda Hurriyyet.org-a məlumat verən mənbə bildirir ki, son günlər koronavirus təhlükəsi ilə bağlı Muxtar Respublikadan Bakıya uçuş çətinləşib. Məlumata əsasən, hazırda gün ərzində paytaxtda cəmi bir dəfə uçuş həyata keçirilir ki, bu zaman da sərnişinlərin hər birindən koronavirusa yoluxmadığı haqda arayış tələb olunur. Bu arayışın isə haradan, yəni hansı xəstəxanadan və yaxud hansı laboratoriyadan alınması ilə bağlı vətəndaşlara heç bir məlumat verilmir. Çünki əksər xəstəxanalardan belə bir arayış almaq qeyri-mümkündür. 
Mənbə deyir ki, bu səbəbdən də sərnişinlər ciddi problemlə qarşılaşıblar.
Üstəlik, bir çox sərnişinlər bu tələbdən ancaq aeroporta gəldikdə xəbər tutduğundan, onun uçuş saatınadək belə bir sənəd əldə etməsi qeyri-mümkün olur. Nəticədə isə, əksər vətəndaşlar Bakıya uçmaq imkanından məhrum edilir. Bu isə Naxçıvan aeroportunda gərginliyə səbəb olmaqdadır...

Hurriyyet.org
P.S. Mövzu ilə bağlı daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.