​“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına start verildi

Baxış sayı:
7975

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına start verilib.
Muxalifet.az xəbər verir ki, festival çərçivəsində zəka sahibləri 3 qrupda mübarizə aparacaqlar. “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının ilk turu artıq yekunlaşıb və nəticələr məlum olub.
“A” qrupunda 15 ölkənin – Ukrayna, Belarus, İsrail, Hollandiya, Almaniya, İspaniya, İran, Belçika, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Portuqaliya, Qazaxıstan və Azərbaycanın 58 zəka sahibi mübarizə aparıb. Turnirin ən iddialı iştirakçısı, eyni zamanda, yarışın ən yüksək reytinqli şahmatçısı, ukraynalı qrossmeyster Anton Korobov azərbaycanlı beynəlxalq usta Nail Bəşirli ilə qarşılaşıb və görüş heç-heçə başa çatıb. Azərbaycanlı qrossmeyster, turnirin ən yüksək reytinqli ikinci şahmatçısı Eltac Səfərli isə ilk turda azərbaycanlı qrossmeyster Sərhan Quliyevdən üstün olub. Turun ən maraqlı qarşılaşması isə azərbaycanlı qrossmeysterlər Qədir Hüseynovla Zeynəb Məmmədyarova arasında olub. Görüş birincinin qələbəsi ilə yekunlaşıb. Yarışın ən reytinqli 4-cü şahmatçısı, azərbaycanlı qrossmeyster Nicat Məmmədov beynəlxalq usta Gülnar Məmmədova üzərində qələbə qazanıb.
“A” qrupunda Naxçıvan Muxtar Respublikasını 4 zəka sahibi təmsil edir. Qrossmeyster Urfan Sevdimalıyev Elmar Atakişiyevi məğlub etməyi bacarıb. Beynəlxalq usta Toğrul Həsənzadə isə ilk turda belaruslu qrossmeyster Aleksey Aleksandrovla bacarmayıb. FIDE ustası Pərviz Qasımov almaniyalı qrossmeyster İqor Xenkinlə görüşdə ağ-qara taxtanı məğlub tərk edib. FIDE ustası Sadiq Məmmədov isə yunanıstanlı qrossmeyster Vasilios Konroniasla heç-heçə edib.
Əmsalı nisbətən aşağı olan şahmatçıların mübarizə apardığı “B” qrupunda isə ölkənin müxtəlif regionlarından 98 zəka sahibi qüvvəsini sınayır. İlk turdan sonra 45 şahmatçı maksimum xal toplayaraq turnir cədvəlinə liderlik edirlər.
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 146 şahmatçı qüvvəsini sınayır ki, onların da 55-nin beynəlxalq əmsalı 1000-dən çoxdur. İlk iki turdan sonra 68 şahmatçı maksimum xal toplamağa nail olub.