“NATO-da iki yeni komandanlıq yaradılacaq” - BAŞ KATİB

NATO-ya üzv ölkələrin müdafiə nazirləri iki yeni komandanlığın yaradılmasına qərar veriblər. RİA “Novosti” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Bu gün biz NATO-nun uyğunlaşdırılmış komanda strukturunun sxemini razılaşdırdıq. Bu, gələcək işin əsasını təşkil edəcəkdir”, - deyə baş katib bildirib.
Onun sözlərinə görə, komandanlıqlardan biri Atlantik okeanda nəqliyyat yollarının təhlükəsizliyini, digəri isə - Avropada canlı qüvvə və texnikanın hərəkətini təmin edəcək.
Y.Stoltenberq həmçinin bildirib ki, NATO nəzdində kiber əməliyyatların keçirilməsi üzrə mərkəz yaradılacaq.  “Kiber imkanların istifadəsi beynəlxalq hüquqa uyğun olaraq həyata keçiriləcək”, - deyə baş katib qeyd edib.