Natiq Cəfərli azadlığa buraxıldı - QƏRAR -YENİLƏNİB

“Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.
Hurriyyet.org-un məlumatına görə, bu barədə vəkili Cavad Cavadlı özünün “Facebook” səhifəsində yazıb.
Vəkilin sözlərinə görə, bu gün Nəsimi Rayon Məhkəməsində prokurorluğun N.Cəfərlinin həbsdən azad olunması barədə təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib.
N.Cəfərli həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
N. Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında verildiyini qeyd edib.
“Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.