Narkoloji Mərkəzi yandırmaqda ittiham olunan şəxs: “And içirəm ki…”

Baxış sayı:
3634

Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin martın 2-də Respublika Narkoloji Mərkəzdə baş verən, 25 nəfərin ölümünə səbəb olan yanğına görə həbs olunanların işi üzrə növbəti məhkəmə iclası keçirilib. Bu dəhşətli hadisəyə görə müttəhimlər kürsüsündə dayananlar mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin keçmiş müdiri Azad Ələkbərov və mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi olmuş, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, habelə yanğını törətməkdə ittiham olunan pasiyent Məhəmməd Məmmədov və onun həkimi, keçmiş şöbə müdiri Afət Məmmədovadır.
Prosesdə zərərçəkmiş Murad Sadəddinov ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib. Bildirib ki, qardaşı içkidən əziyyət çəkdiyi üçün ötən ilin sonunda ailəsi tərəfindən mərkəzdə yerləşdirilib. Mərhumun özü də həkim olub. Hadisə barədə internetdən xəbər tutublar.
Prosesdə mərhum Valeh Əliyevin qardaşı Abduləzim Əliyev də istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, qardaşının içkidən əziyyət çəkdiyini söyləyib.
Təqsirləndirilən Məhəmməd Məmmədov isə üzünü zərərçəkmişə tutaraq "qardaş, göydəki Allaha and olsun, mən eləməmişəm, yanğını mən törətməmişəm”,- deyib.
Zərərçəkmiş Sübhan Quliyev yanğın zamanı qardaşının öldüyünü söyləyib:" Hadisə günü onu xəstəxandan çıxaracaqdıq. Ora yerləşdirmək üçün Azad həkimə 450 manat pul vermişik".
Daha sonra 82 yaşlı zərərçəkmiş Abdulla Ələkbərov ifadə verib. O, oğlu Tərlan Ələkbərovun yanaraq öldüyünü deyib. “Cəmi 15 gün idi yatırdı. Yanğından sonra morqa apardılar. Ondan sonra martın 6 da meyiti verdilər bizə. Nə qədər danışsam da övladım geri qayıtmayacaq. İki nəvəm yetim qalıb. Biri birinci nikahdan, biri də ikincidən. Gərək onlara mən baxam. Nə qədər ömrüm qalıb ki, o uşaqlara kim baxacaq”, -zərərçəkmiş söyləyib.
Qeyd edək ki, yanğın nəticəsində mərkəzdə müalicə alan 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb. İttihama görə, Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
Məhkəmə sentyabrın 14-də davam edəcək.