"Nardaran məhbusu"nun səhhəti kəskin pisləşib - "O, çox ağır vəziyyətdədir"

Baxış sayı:
1072

Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyadovun səhhətinin kəskin pisləşdiyi bildirilir.

"Əbülfəz yatağa məhkum olunub, sərbəst hərəkət edə bilmir. O, müalicə müəssisəsində saxlanılır və ona digər məhbuslar baxır. Əvvəlki xəstəlikləri- onurğa zədəsi, hepatit C ilə yanaşı, son vaxtlar bağırsaq infeksiyasından əziyyət çəkir və yemək yeyə bilmir. Biz başqa yerdə də analiz nümunələrini yoxlatdıq. Həkimlər bağırsaqda güclü infeksiya və göbələk aşkar etdilər, bağırsaq funksiyasını itirib. O, çox ağır vəziyyətdədir," onun həyat yoldaşı Leyla Bünyadova bildirib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hesab edir ki, səhhətində ciddi problemlər olan Əbülfəz Bünyadov və digər siyasi məhbusların ağır durumu ilə bağlı susmaq olmaz.

“Biz imkan verməməliyik ki, göz görə-görə onlar ölümə sürüklənsin. Faktiki olaraq həmin məhbusların müalicəsi üçün gərəkən ciddi addımlar atılmır və bəzi məhbusların həbsxana şəraitində müalicəsi mümkün deyil,” o qeyd edib.

2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Əbülfəz Bünyadov güllə yarası alıb və güllə onun onurğasını zədələyib.

Yataq xəstəsi olmasına baxmayaraq, bir neçə ay həbsdə saxlanılıb. Sonradan məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

Lakin məhkəmə istintaqının yekunlarına əsasən o, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd, terrorizm və başqaittihamlarla 15 il azadlıqdan məhrum edilib.

Bununla yanaşı, rəsmi qurumlar Əbülfəz Bünyadovun səhhəti ilə bağlı məlumatlara hələ münasibət bildirməyib./"Amerikanın səsi"