"Nardaran işi" məhbusu Abbas Hüseynovun işgəncə iddiaları araşdırılır

"Nardaran işi" nəticəsində həbs edilmiş və hazırda Qobustan Qapalı Həbsxanasında saxlanılan Abbas Hüseynovun "dəfələrlə işgəncəyə məruz qalmasına" dair şikayəti Ombudsmanın ofisinə daxil olub, ombudsmanlıq təsdiqləyib.
 
Penitensiar Xidmət və Qobustan həbsxanası bu iddiaları təkzib edirlər.
Vəkil Yalçın İmanov BBC Azərbaycancaya Abbas Hüseynovun hazırda "karsda saxlandığını" və dünən onunla görüş keçirdiyində "bədənində işgəncə əlamətlərini" gördüyünü deyib.
Abbas Hüseynov onunla görüşdə həmçinin iyun və iyul aylarında "işgəncə və zor tətbiqə məruz qaldığını" iddia edib.
Penitensiar xidmət bu iddiaları təkzib edir, lakin BBC-nin işgəncə əlamətlərinə dair iddiaların təkzibini şəkillər və ya digər dəlil vasitəsilə təsdiq edib-etməyəcəyi sualına cavab verməyib.
Ombudsmanın aparatı Abbas Hüseynovun vəkilindən işgəncə şikayətini qırmızı xətt ilə aldığını bildirib, lakin məlumatın aparata qısa müddət əvvəl daxil olduğuna görə, hansı tədbirlərin görüləcəyi barədə hələ ki, qərar verilmədiyini deyib.
Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Hüseynova həbsinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkməklə 20 il həbs cəzası verilib.
O və daha 17 nəfərə Nardaranda 2016-cı ilin noyabr ayında keçirilən əməliyyatdan sonra hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 6 nəfər öldürülüb.
Yalçın İmanov, Ombudsmanın aparatı və Milli Preventiv Qrupdan başqa, Baş prokurorluğa və hətta Qırmızı Xaça da müraciət edəcəyini deyir.
O, Abbas Hüseynovun avqustun 5-i Qobustan həbsxanasının idarəçi rəisinə işgəncələrlə bağlı şikayət etdikdən sonra "həbsxana əməkdaşları tərəfindən döyüldüyünü" deyir.
Vəkilinə dəyənək və yumruq zərbələri ilə "döyüldüyünü" deyən məhbus, daha sonra onun 8 günlük "karsa yerləşdirildiyini və orada bir dəmirin üstünə əlləri və ayaqları qandallı şəkildə çarmıxa bağlandığını" deyib.
O, iki gün fasiləsiz bu vəziyyətdə saxlandığından sonra qandalların açıldığını deyib.
Yalçın İmanov Abbas Hüseynovun bədənində "çox saylı qançır və xəsarət əlamətlərini" gördüyünü, lakin həbsxanada vəkillərdən telefon və fotoaparatların alındığına görə şəkil çəkə bilmədiyini deyib.
 
Penitensiar Xidmət

Təkzib və növbəti addımlar
Penitensiar Xidmətdən BBC Azərbaycancanın suallarına birbaşa cavab verilməyib və xidmətin mövqeyinin yalnız digər "Nardaran" məhbusu Taleh Bağırovun iddialarına dair Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin çərşənbə axşamı dərc edilmiş rəsmi bəyanatında bildirildiyi deyilib.
"Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaratmaqla, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər", PX APA-nın sorğusuna cavabında bildirib.
Ombudsmanın aparatı Yalçın İmanovdan Abbas Hüseynovun işgəncə iddialarına dair şikayəti aldığını təsdiqləyib və Qobustan həbsxanası ilə telefonla əlaqə saxladıqdan sonra həbsxananın bu iddiaları təkzib etdiyini bildirib.
Ombudsmanın aparatı BBC-ə həmçinin bildirib ki, iddia edən məhbusların şəkillərinin tələb edilməsi aparatın adi praktikasına daxil deyil, lakin şikayətin yenicə daxil olduğuna görə növbəti addımlar barədə hələ ki, qərar verilməyib.
Qobustan həbsxanası ilə əlaqə saxlamaq mümkün olmayıb.