​Nalbəndyan Netanyahuya dedi ki... - Arye Qut

İsrailin “Reshet Bet” dövlət radiostansiyasının populyar proqramlarından biri olan “Beynəlxalq saat” proqramında Ermənistan XİN-in başçısı Edvard Nalbandyanın bu yaxınlarda İsrailə işgüzar səfəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət, habelə Azərbaycan-İsrail strateji tərəfdaşlığı haqqında geniş reportaj və şərhlər təqdim edilib.
Muxalifet.az xəbər verir ki, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut aparıcı Eran Sekurelin suallarına cavab verərək deyib: “Ermənistan ilə İsrail arasında münasibətlərin qurulduğu vaxtdan 25 il ötür. Təəccüblüdür ki, Ermənistan xarici siyasət idarəsinin başçısı İsrailə yalnız indi gəlir.
Nə üçün Ermənistan İsrail ilə məhz indi münasibətlər qurmaq qərarına gəlib? Nə üçün Ermənistanın fundamentalist İranla 25 ildən çox müddət ərzində çox sıx, hətta qardaşlıq münasibətləri yaranıb, İsrail dövləti ilə münasibətlər heç də yaxşı vəziyyətdə deyildir? Hamı gözəl başa düşür ki, Nalbəndyanın səfəri İsrail ilə münasibətləri inkişaf etdirmək ilə bərabər, bir aşkar məqsəd daşıyırdı: Azərbaycanın Ermənistana münasibətdə hərəkətlərini tənqid etmək və İsrail-Azərbaycan əməkdaşlığına ziyan vurmaq. Səfər zamanı Nalbəndyan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Ermənistanın belə bir istəyini ifadə edib ki, İsrail Azərbaycana hərbi texnika və texnologiyalar göndərilməsini dayandırsın. Ermənistan diplomatiyasının başçısı hətta Azərbaycanı “beynəlxalq hüquq normalarını pozmaqda” ittiham etməyə cəsarət edib. Qonşu dövlətin – Azərbaycanın ərazisini 25 ildən çox müddətdə işğal etmiş bir ölkənin Azərbaycanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham etməsi nə dərəcədə cəfəng və mənasız bir fikirdir.
İsrailli aparıcı öz reportajında Ermənistanın Azərbaycana qarşı hərəkətlərini açıq və konkret şəkildə işğal və təcavüz adlandıraraq bildirib ki, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranıb. Bu konkret faktdır və onu inkar etmək olmaz.
Ermənistan XİN-in başçısı “Reşet Bet” radiostansiyasına müsahibəsində dünya birliyini aldatmağa davam edərək deyib ki, “Ermənistanın hərəkətləri işğal deyildir və beynəlxalq birlik Azərbaycanın sərhədləri ilə bağlı hələ müəyyən fikrə gəlməyib”.
Arye Qut Ermənistanın baş diplomatının bəyanatına münasibət bildirərək qeyd edib ki, Edvard Nalbəndyan insafsızcasına yalan danışmağa davam edir. O deyib: “ Hamı gözəl bilir ki, 1992-ci ilin martında Ermənistan və Azərbaycan BMT-yə daxil olanda bu beynəlxalq təşkilat həmin ölkələri onların beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri çərçivəsində tanıyıb. Ermənistan artıq 25 ildən çox müddətdə Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal altında saxlayır. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əgər Ermənistan XİN-in başçısı beynəlxalq hüququn belə elementar normalarını bilmirsə, onda daha nədən danışmaq olar? Aydın məsələdir ki, prezident Serj Sərkisyan kimi, Nalbəndyan da ölkəsinin təcavüzkar siyasətinə haqq qazandırmağa çalışır. Bununla da sübut edir ki, diplomatiya və beynəlxalq münasibətlər kimi anlayışlar onlara tamamilə yaddır. Bu da onların təhsilinin və siyasi mədəniyyətinin səviyyəsinin aşağı olduğunu bir daha təsdiq edir”.