Nə yazım? - ŞEİR

(Rəhim Saraylıya xitabən)
 
Şükür olsun deyərək, mən də Xudavəndimizə
İstərəm tərif edim, nəğmə qoşum kəndimizə,
Bu da məndən pay ola-guya həyat şəndi bizə
Nə heyif gəlmir əlim, mən bu Saraydan nə yazım?
Gülər, əfsus oxuyan, gülməli paydan nə yazım?
Kimisi əl götürüb fanidən əlbəttə, bezər,
Ələnib, çün, ələyi, xəlbiri göylərdə süzər,
Şairin öz dili var-kəlməni kəlməylə bəzər,
Hayıma hay verənim yoxdu-haraydan nə yazım?
Sözə yox zərrəcə diqqət, bu Saraydan nə yazım?
Yolumuz oldu babat, pis də deyil lap o qədər,
Ola rəhmət ona, hər kimdə olubdursa təpər,
Dəxi, çox şeylərimiz də yox olub getdi hədər,
Düzü düz, əyrini əyri, axı zaydan nə yazım?
Zay olub zəhmətimizsə, bu Saraydan nə yazım?
Mədəniyyət evimiz vardı-klub, isti hamam
Döndülər dollara, onlar da itib-batdı tamam,
Bir deyil, beş ki deyil, cəm eləyim bir yerə tam
Qalıram mat-görəsən, hansı olaydan nə yazım?
Gəlirəm dəhşətə Vallah, bu Saraydan nə yazım?
Nəyi istərsə edir bəziləri pul gücünə
Nə hökumət, nə də bir kimsəni almır vecinə
Keçirib bir neçə cananı vətən xaricinə
Oturub burda, gəlir haqqı Dubaydan, nə yazım?
Çoxalıb baqqalı, dəllalı, Saraydan nə yazım?
Bəşərin bəlli deyil biz nə təhər tiplisiyik,
Rayonun ən iri kəndi və şəhər tiplisiyik,
Kəndlərinsə çapılan kəndi-kəhər tiplisiyik
Qaçırıq biz özümüz dördnala, daydan nə yazım?
Tükənib lap nəfəsim, mən bu Saraydan nə yazım?
Yol kənarında hasarlar yarı qalımış hələ də,
Düzələr bəlkə gələn hansısa bir mərhələdə
Sanki bir körpə siçan –quyruğu qalmış tələdə
Sən o taydan əl uzat, mən də bu taydan, nə yazım?
Çıxa bilmir tələdən, mən bu Saraydan nə yazım?
Nə geniş parkımız oldu, nə bir idman zalımız,
Günü-gündən dəyişir-lap pis olur əhvalımız,
Küçənin toz-dumanından ağarıb saqqalımız,
Qışa palçıqlı gedən bürkülü yaydan nə yazım?
Əzəlindən belədir, mən bu Saraydan nə yazım?
Olub alverdə səfərbər bələdiyyə qurumu,
Nə balıqdır, nə də ət-hər kəsə aydın durumu,
On üçündən birinin yoxdu bir işdən sorumu,
Vay olub halımıza, axırı vaydan nə yazım?
Çəkirik min bir əziyyət, bu Saraydan nə yazım?
Rəhima, bir qəzəlin Vahidi salmış marağa,
Ona rəhmət, sənə can sağlığı olsun sadağa.
Niyə icra, bələdiyyə hələ çıxmır qabağa?
Sənə yoxdursa maraq, Lama Dalaydan nə yazım?
Qalıram matu-məəttəl, bu Saraydan nə yazım?
İngilis öncəgörən-astronom “Corca” görə,
Bu olanlar belə də olmalıdır bürcə görə.
İşığım yox nə zamandır debitor borca görə
Qaralır hər ilim ildən, ayım aydan, nə yazım?
Mənə, gəl, bir də demə: “yaz bu Saraydan”- nə yazım?
 
Hacıyev V.M.