​NƏ QƏDƏR ÖMRÜNÜZ QALIB BİLMƏK İSTƏYİRSİZMİ? - "Ölüm saatı" icad edildi

İsveçli saatsaz Fredrix Kolting istifadəçisinin ömrünə neçə il, saat, dəqiqə, saniyə qaldığını göstərən saat icad edib. "Ölüm saatı" yaxud da "Tikker" adı verilən cihaz istifadəçisinin xolesterol, təzyiq, çəki, eləcə də, keçmişdəki sağlıq problemləri haqda informasiyalar toplayır.
Hurriyyet.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlumatları özündə toplayan saat insanın geriyə qalan ömrünü hesablayır və qoluna taxıldığı gündən geri sayım başlayır.
Koltinq bildirib ki, bu saatı insanları qorxutmaq üçün deyil, onlara yaşadıqları hər anın dadını çıxarmalarını xatırlatmaq üçün yaradıb: "Bu fikir babam öləndə ağlıma gəldi. Düşündüm ki, yaşadığımız günü yaxşı keçirməliyik".
Saatın istehsalı üçün gərəkli vasitələrin alınmasına dəstək verəcək qaynaq axtarılır. Bunun üçün 25 min dollar vəsaitin tapılması tələb olunur.