“Nə qədər ki, Putin hakimiyyətdədir, heç bir tacqoyma olmayacaq!” - 1 NÖMRƏLİ “OĞRU”NUN SEÇİLMƏSİ BAŞ TUTMUR...

Baxış sayı:
432

Rusiyada 1 nömrəli “vor zakon”un  seçilməsi 2024-cü ildən tez baş tutmayacaq.

Bu barədə Znak.com kriminal dairələrdəki mənbələrə istinadən bildirir.

Mənbə bildirib ki, Putinin hakimiyyətdə olduğu dövrdə hakimiyyət “1 nömrəli “vor zakon”-un seçilməsinə imkan verməyəcək. Çünki Rusiyada hakimiyyət son zamanlar mütəşəkkil cinayətkar qruplaşmalara və onların liderlərinə qarşı sərt mövqe tutub.

Mənbənin qeyd etdiyinə görə, nə qədər ki, Putun hakimiyyətdədir, heç bir “taclandırma”dan söhbət belə gedə bilməz.

Qeyd edək ki, Putinin səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

 “1 nömrəli “vor zakon”” seçkiləri təkcə Rusiya ərazisində deyil, həmçinin  avtoritetlərin “sxodka”lara toplaşdığı ölkələrdə də keçirilməyəcək. Məsələ ondadır ki, hətta artıq Türkiyədə də yerli hüquq mühafizə orqanları “qanuni oğru”ları sıxışdırmağa başlayıb. Bir sözlə, "vor zakon" lara yalnız ölkədə hakimiyyətin dəyişməsinə ümid etmək qalır.

Bu səbəbdən "oğru" dünyasındakı anarxiya, hakimiyyətsizlik dövrünü 2024-cü ilə qədər uzatmağa qərar verilib.  İki il ərzində - yəni “Şakro Molodoy” azadlığa buraxılmayana kimi "tac qoyma"ya moratorium tətbiq edilib. Onun cəzası isə 2026-cı ildə başa çatır.

Mənbənin yazdığına görə, hazırda "1 nömrəli vor zakon" şərti olaraq Yuri Piçuqin (Piçuqa) hesab edilir. Lakin onun “tacqoyma” mərasimi tam olaraq keçirilməyib. Özü indi istintaq altındadır. Onu 1990-cı illərdə cinayətkar cəmiyyətin yaradılmasında ittiham edirlər.

Piçuqinlə birlikdə həmin cinayət işi üzrə 21 nəfər də istintaqa cəlb edilib. Təqsirləndirilənlər mütəşəkkil dəstə yaratmaqda, quldurluqda, insan oğurluğunda, sui-qəsddə, hədə-qorxu yolu ilə pul almaqda, dələduzluqda və digər bu kimi ağır cinayətlərdə ittiham olunurlar.

 

"Rosbalt" nəşrinin məlumatına görə, keçən ilin yayında Rusiyanın kriminal aləminin lideri başqa bir “qanuni oğru” - “Şişkan” ləqəbli Oleq Şişkanov olub. Oğru dünyasının liderləri “Vasya Voskres” və “Meliya” öz vəzifələrini - “obşak”a pul yığmağı davam etdirə bilərlər. “Vasya Voskres” və “Meliya” “Şişkan”ın yaxın adamları hesab olunurlar. Bəzi mənbələr “Şişkan”ı yalnız müvəqqəti "1 nömrəli oğru" adladırır.

Xatırladaq ki, 2019-cu il aprelin 1-də Rusiya prezidenti Vladimir Putin Dövlət Duması tərəfindən qəbul edilən və mütəşəkkil cinayətkar qruplaşmaların liderlərini daşıdıqları statusa görə cinayət məsuliyyətinə cəlb etməyi nəzərdə tutan qanunu imzalayıb. Bu qanun imkan verir ki, “vor zakon” statusunu boynuna alanlar uzunmüddətli həbslə cəzalandırılsınlar. Vaxtilə həmin praktikadan Gürcüstanda hakimiyyətə yeni gələn Mixail Saakaşvili istifadə etmişdi. Nəticədə çoxsaylı “vor zakon”lar Gürcüstandan qaçmalı olmuşdu./Virtualaz