Nə mən ümidlərdən əl çəkə bilirəm, nə ümidlər tükənir – İntiqam YAŞAR

Baxış sayı:
12529

Ayrılıq havasına köklənmiş sarı simdi getdiyin o
yol.
Səni and verirəm o qopuzu oxşayan incə
barmaqlarına.
Gizlət üzünü ovcunda ömürlük,
Səhər şehi düşməsin yanaqlarına.
Demirəm ki, qayıt, demirəm ki sən gəlməsən
ölərəm.
Qorxma, ölsəm də zəhmət vermərəm ayaqlarına.
Bir də ki, qayıtmaq istədin, bir də ki qayıtdın,
Səni gözlərimdə o qədər böyütdüm ki,
İnanmıram sığasan, bu sıxılmış evin otaqlarına.
Heç soruşmadım, darıxanda çoxmu çətin olur
nəfəs almaq,
Bir təbəssümlü şəkil süni nəfəs kimi yaxınlaşırmı
dodaqlarına?
  
BİR ŞƏHƏRİN BOŞLUĞU
 
Bir şəhərin boşluğu
bir balaca otaqdan başlayar, dost.
Oynama sükutun ağır havasına,
sümüyünə düşmürsə.
Keçmiş görüş yerindən keçəndə asta addımla,
Düşünmə hər şey köhnəldi, unuduldu,
Orda indi sevgililər görüşmürsə.
Ürəklər qayıdan yerə ayaqlar hələ addımlayır,
Qərarsız, çarəsiz, ümidsiz, solğun...
Bax, bu cür can atır, belə addımlayır...
Sən kimsən, mən kiməm, o kimdi,
Yoxuqmu, varıqmı, nə bilim.
Kaş, kimisə qınamaq gücüm tükənəydi.
Ya mən susa biləydim, dərindən bir köks ötürüb,
Ya da suallarımı eşidən biri dinəydi...
 
YAĞIŞ BU GÜN KƏSMƏSİN
 
İki nəfərin bir çətirə sığınması
Yağışdan qorunmaqdan çox təklikdən
qorunmaqdı.
Bunu şimşəklər belə təbəssümlə qarşılayır.
Çətiri tək daşıyanlar həmişə islanarlar,
Həmişə xəstlənərlər.
Bizi xəşbəxt edən nələr varsa,
Kiçicik səbəblərin xatirinədi.
Külək qalxsa belə çətirimizi apara bilməz,
Əllərimiz möhkəm sıxıb dəstəyi,
Mənim sol əlim, sənin sağ əlin.
Kaş ki, Tanrının bizə rəhmi gəlsin,
Yağış bu gün kəsməsin.
 
VƏHŞİ TƏKLİYƏ BAXANDA...
 
Sənə sarılmaq keçir içimin
              dar keçidlərindən hər gecə,
Mən yenə söndürmüşəm işığı,
mən yenə iki adamlıq çarpayı boyda təkliyəm.
Saatın əqrəblərinə təzim edir
             kirpiklərim, enib-qalxdıqca.
Sağ əlimdən ölümcül zərbə alır ürəyim,
            sol əlim boşa çıxdıqca.
Nə mən ümidlərdən əl çəkə bilirəm,
            nə ümidlər tükənir.
Yenə bu dərin gecə, yenə ağır səsli sükut,
           yenə həyətdə vəhşi itlər sülənir.
Vəhşi təkliyə baxanda,
           vəhşi itlərə min şükür.
Düşürəm həyətə, əlimdə çörək parçaları...