“Nə ailəsi karantinə alınıb, nə də test götürülüb” – Xalq artistinin dəfnində iştirak edən müğənni

Baxış sayı:
1558

Xalq artisti Teymur Mustafayevin ölümü ətrafında müzakirələr davam edir. Belə ki, TƏBİB xalq artistinin koronovirusdan öldüyünü desə də, nəvəsi babasının şəkərli diabetdən öldüyünü iddia edib. 

Bu gün isə T.Mustafayev Cəlilabadda oğlu ilə həyat yoldaşının yanında dəfn olub. Xalq artistinin dəfnindən görüntülər yayılıb. Mərasimdə 50-dən artıq şəxsin iştirak etməsi isə müzakirələrə səbəb olub.

Muxalifet.az bildirir ki, musavat.com iddialarla bağlı dəfndə iştirak edən müğənni Yusif Mustafayev ilə əlaqə saxlayıb.

Müğənni bildirib ki, dəfndə ondan başqa sənət yoldaşı iştirak etməyib: “Biz Teymur əminin Bakıda, Fəxri Xiyabanların birində dəfn olunmasını istəyirdik. Mədəniyyət Nazirliyinə müraciət etdik. Dedilər ki, nazir təyin olmayıb, ona görə heç nə edə bilməzlər. Biz də Teymur  bəyin istəyinə uyğun olaraq, onu Cəlilabad rayonunda həyat yoldaşı və oğlunun yanında dəfn etdik. Dəfndə yaxın adamları iştirak etdi. Bizə deyilmişdi ki, qaydalara əməl edin. Biz də qaydalara əməl etdik, sosial məsafəni qoruduq”.

T.Mustafayevin koronavirusdan vəfat etməsi ilə bağlı TƏBİB-in açıqlamasına da sənətçi aydınlıq gətirib: “Şəkərli diabetdən əziyyət çəkirdi. Neçə gün idi ki, xəstəxanada yatırdı. Dünən vəfat etdi, bu gün səhər tezdən ailəsi ilə birlikdə “Semaşko”dan (1 saylı Kliniki Tibbi Mərkəz) çıxarıb, Cəlilabada apardıq. Ailəsi nə nəzarətə götürülüb, nə də onlardan koronavirus testi götürülüb. Koronavirus əlamətləri olan da yoxdur. Belə bir açıqlama niyə verilib, bilmirik. Yəqin, belə məsləhət olub”.

T.Mustafayevin ailəsinin iddialarına münasibət öyrənmək üçün TƏBİB-in mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.