Məzahir Pənahov səsverməyə start verdi ... - VƏ SEÇKİ KOMİSSİYALARINA ÇAĞIRIŞ ETDİ / YENİLƏNİB

Baxış sayı:
1243

Bu gün fevralın 9-da Azərbaycanda Milli Məclisə təyin edilmiş növbədənkənar seçkilərə start verilib.
Belə ki, saat 08.00-da Mərkəzi Seçki Komissiyası səsvermənin başlaması ilə əlaqədar mətbuat konfransı keçirib. Mətbuat konfransı Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb.
Daha sonra MSK sədri Məzahir Pənahov bəyan edib ki, məntəqə seçki komissiyalarının vəzifəsi gün ərzində öz işini seçki məcəlləsinə uyğun qurmaqdır. Onun sözlərinə görə, məntəqə seçki komissiyaları yerli və beynəlxalq müşahidəçilərin sərbəst fəaliyyətinə, səsvermənin gedişini izləməsinə heç bir əngəl yaratmamalıdır. M.Pənahov seçki komissiyalarının üzvlərini seçicilərin öz iradələrini sərbəst ifadə etməsinə şərait yaratmağa çağırıb.
"Eyni zamanda, müşahidəçilərin də məntəqə komissiyalarının fəaliyyətinə mane yaratmağa hüququ yoxdur",-MSK sədri daha sonra bildirib.
 
***
 
Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Virtualaz.org xatırladır ki, səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.
Parlament seçkiləri 125 dairəni əhatə edəcək və səsvermə 5 573 məntəqədə aparılacaq. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.
Bu seçkidə 5 milyon 329 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.
Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.
Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandıracaq.
Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.
Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc.” təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə və RƏY Monitorinq Mərkəzi “exit poll” keçirəcək qurumlar kimi qeydə alınıb.
Qeyd edək ki, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da ilkin məlumatlar veriləcək.