“MƏXFİ” ANTİİRAN ALYANSINI NƏLƏR GÖZLƏYİR? Səudiyyə və İsrail kəşfiyyatlarının təması görünməmiş həddə çatıb – TƏHLİL

Baxış sayı:
469

İsrail baş naziri Benyamin Netanyahu İsrailin formal münasibətdə  olmadığı ərəb dövlətləriylə səflənən məxfi əlaqələrini xüsusən gizlətmir. Netanyahu 2017-ci ilin noyabrında bildirib: “Ərəb dövlətləriylə səmərəli münasibətlərimiz məxfi əməkdaşlıqdır…. Hesab edirəm ki, (bu əlaqələr) öz bəhrəsini gətirir və dünyada sülhün çevrəsini genişləndirəcək”.
Bununla belə, ərəb dövlətlərilə əlaqələrə dair aşkar bəyanatlara qoyulan bir sıra məhdudiyyətlər var. Məsələn, Qüdslə ər-Riyad arasında əlaqələri göstərmək məqbul deyil. Bu şərait İsrail-ərəb münasibətləri üçün bəzi maneələr yaradır və İrana dair İsrailin bölgə strategiyasına təsir edir. Bu məsələ xüsusən aktualdır, çünki xəbər verildiyi kimi, ABŞ İranın başçılıq etdiyi dövlətlər oxunun yaratdığı təhlükələri aradan qaldırmağı nəzərdə tutan əhatəli bölgəsəl strategiya ilə uyğunluqda yeni İsrail-Fələstin barış təşəbbüsünü elan etmək niyyətindədir.
İsrail-Səudiyyə əməkdaşlığını işıqlandıran mətbuatın çoxsaylı məlumatlarına əsasən, iki ölkənin kəşfiyyat xidmətləri arasında qarşılıqlı fəaliyyət görünməmiş yüksəkliyə çatıb. Səudiyyə Ərəbistanı İsrail təmsilçilərilə qeyri-rəsmi açıq görüşlərə hazır olduğunu ifadə edib. Deməli, Səudiyyə Ərəbistanının keçmiş yüksəkməqamlı şəxsləri və kral ailəsi üzvləri daxil olmaqla “qeyri-rəsmi qulluq simalarına” İsrail tərəfinin təmsilçilərilə görüşmək icazəsi verilib. İki ölkə arasında qarşılıqlı fəaliyyətin yüksəlişinə sərt şəkildə nəzarət edilən, İsraili indi daha müsbət yöndə təsvir edən Səudiyyə mətbuatının reaksiyası bundan xəbər verir. Bu yaxınlarda İsrail rəsmilərinə Səudiyyə Ərəbistanı KİV-lərinə çıxış təmin olunub. İsrail general-leytenantı Hadi Ayzenkot Səudiyyənin “Elaph” qəzetinə müsahibədə İranın qabağını almağa can atan ərəb tərəfdaşlarla informasiya bölüşməyə hazır olduğunu açıq söyləyib. Müdafiə sahəsində iki ölkənin prioritetləri üst-üstə düşür. Lakin sıradakı sual ağla gəlir: Səudiyyə Ərəbistanı İsrailin Fələstin sakinlərinə dair irəli sürdüyü bəzi tələblərlə razılaşmağa hazırdırmı?
Bu sual İsrail hökuməti üçün böyük maraq doğurur. Məsələn, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr sıradakı bəyanatı verib: bir tərəfdən Fələstin məsələsi çözülənədək İsraillə münasibət qurmaq imkanını inkar edib, amma qeyd edib ki, Qüdsün Ərəb Liqası Dövlətlərinin (ƏLD) 2002-ci ildə təqdir etdiyi Ərəb Barış Təşəbbüsünü (API) qəbul etməyi İsraillə Səudiyyə Ərəbistanı arasında (açıq) münasibətlər üçün təməldir. Digər tərəfdən, Səudiyyə Ərəbistanı XİN başçısı etiraf edib ki, API şərtləri çevikdir və fələstinlilərin bu və ya digər şərtləri qəbul etmələrinə əsaslanır.
Hazırda Səudiyyə Ərəbistanında daxili iqtisadi və siyasi dəyişikliklər baş verir və ər-Riyad bunun hesabına Yaxın Şərqdə lider mövqeyi tutmağa can atır. Səudiyyə Ərəbistanı indiki ana doğru bölgədə bir sıra qəti tədbirlər görüb ki, bölgə balansını öz xeyrinə yerindən oynatsın və İranın iqtisadi yüksəlişini dayandırsın. Amma qeyd etməyinə dəyər ki, ər-Riyad İrana qarşı vahid cəbhənin səflənməsində mühüm rol oynaya biləcək İsrail-Fələstin siyasi prosesində oxşar qətiyyət göstərməyib.
Səudiyyə Ərəbistanı varis şahzadəsi Məhəmməd bin Salman indiki anda hakimiyyətin möhkəmlənməsi prosesini həyata keçirir, buna görə də ölkədə daxili siyasi durum varis şahzadənin İsraillə qəti yaxınlaşamaya gedəcəyi halda qaçılmaz şəkildə irəli gələcək tənqidə qarşı həssasdır. Güman etməyə əsas var ki, varis şahzadə bu cür riskə hazır deyil. Barışıq prosesinin irəliləməsi üzrə İsrail tərəfdən konkret addımlar atılsa, ABŞ isə İrana basqını gücləndirməyi vəd edərək öz sözünü fəaliyyətlə möhkəmləndirsə, Səudiyyə Ərəbistanında əhvali-ruhiyyə dəyişə bilərdi. Üç ölkənin üçü də İranın bölgə iddialarına əks-təsir üçün gərəkən fəal əməkdaşlıqdan ancaq uda bilər.
Bununla belə, İsrail-Səudiyyə münasibətlərinin sıralanmasının gerçək imkanını dəyərləndirmək önəmlidir. İsraildə çoxları Səudiyyə Ərəbistanının fəal siyasətini müsbət boyada görməyə meyllidir, lakin ər-Riyadın son illərdə Yəməndə uzanan hərbi kampaniyası və Qətərə uğursuz təpgi daxil olmaqla girişdiyi xarici siyasət addımları Səudiyyə Ərəbistanının imkanlarının gerçək hüdudlarını aşkarlayıb. Bununla bağlı İsrailin ər-Riyadın güc və nüfuzunu yetərindən artıq dəyərləndirməsi lazım deyil. İranın bölgə siyasətinə qarşı təsirdə Səudiyyə Ərəbistanının verə biləcəyi gerçək töhfəni nəzərə almaq zəruridir.
Keçmişdə Səudiyyə Ərəbistanı nüfuzu və gücü üç sütuna söykənib: “iki müqəddəs ocağın qoruyucusu” kimi Səudiyyə kralının ərəb dünyasında rolu, energetika bazarındakı üstünlükdən qaynaqlanan iqtisadi qüdrət, ABŞ tərəfdən siyasi və hərbi dəstək. Hazırda Səudiyyə qüdrətinin sütunları çat verib. Səudiyyə Ərəbistanı rəhbərliyi özünün dini isteblişmentinin mövqeyini zəiflədib ki, bu da öz növbəsində ər-Riyadın müsəlman dünyasındakı nüfuzunu ciddi zəiflədir.
Bundan başqa, islamın radikal formasının bütün dünyada yayılmasının maliyyələşdirilməsi iqtisadi və siyasi baxımdan məqsədə uyğunsuz olur. Faktiki ola bilər ki, ər-Riyadın son onilliklər ərzində qidalandırdığı vəhhabi alovu monarxiyaya tabelikdən çıxa və Səudiyyə rejiminə qarşı   qalxışa bilər. Bu cür durum “əl-Qaidə” kimi cihadçılar qrupu ilə baş verib.
Digər yandan, Səudiyyə Ərəbistanının əfsanəvi sərvətlər erası bitib. Kral ailəsi indi iqtisadiyyatın şaxələndirilməsi haqda düşünməyə başlamalıdır, ya da ölkə artıq növbəti bir və ya iki onillik ərzində müflisləşmə ilə üzləşə bilər. 
Nəhayət, Səudiyyə Ərəbistanının ABŞ-dakı populyarlığı önəmli şəkildə azalıb. “Terrorizm sponsorlarına qarşı ədalət məhkəməsi haqda” qanun (JASTA) bundan xəbər verir. Səudiyyə Ərəbistanı da öz növbəsində nəticəyə gəlib ki, Vaşinqton daha etibarlı tərəfdaş deyil. Ölkələr bir-birinə adekvat əvəz tapmayana qədər tamamilə mümkündür ki, aralarında qeyri-qənaətbəxş münasibətlər saxlanacaq.
İsraillə Səudiyyə Ərəbistanının xeyli ümumi marağı, lakin maraqlarının ayrıldığı hallar da var. Səudiyyə Ərəbistanı maliyyə resursları, İrana coğrafi yaxınlıq (kəşfiyyat və əməliyyat imkanlarının geniş spektri nəzərə alınmaqla) və İrandakı azlıqlar içində nüfuz daxil olmaqla imkanların geniş spektrini təqdim edə bilərdi.
Lakin ər-Riyadın imkanlar əndazəsini nəzərə almaq önəmlidir. Digər tərəfdən, Səudiyyə Ərəbistanı qüdrət və nüfuzunun potensialca süqutunun nəticələrinə Qüdsün əvvəlcədən hazırlaşmağı və İranla mübarizənin böyük hissəsinin İsrailin çiyinlərinə düşə biləcəyini nəzərə almağı lazımdır.
Tərcümə Strateq.az-ındır.