MÜXALİFƏTDƏN ALXANLI HADİSƏSİNƏ REAKSİYA

 
Arif Hacılı:“Azərbaycan hakimiyyəti öz movqeyini birmənalı şəkildə ortaya qoymalıdır”
Mirmahmud Mirəlioğlu: “Rusiyadan Azərbaycanı dəstəkləyən addımın gözlənilməsi sədəlövhlükdür”
Əli Əliyev:“Bu hadisə Azərbaycanda baş verə biləcək pozitiv dəyişikliklərə qarşı Rusiyanın müqavimət aksiyasıdır”
 
İyulun 4-də Füzulinin Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın ermənilər tərəfdən atılan atəş nəticəsində qətlə yetirilməsi beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılandı. Halbuki, ən azı ATƏT-in Minsk Qrupunun həmsdər dövlətləri hadisəni birmənalı şəkildə qınamalı və Ermənistanı təcavüzə son qoymağa çağırmalı idi. Təsadüfi deyil ki, amerikalı politoloq Piter Teys də dünyanı 2 yaşlı qızın ölümünə səssiz qalmaqda qınayıb:  “Avropa İttifaqı, Avropa Komissiyası və Ağ Ev rəhbərlərinin bu məsələyə səssiz qalması dəhşətli tarixi səhvdir, qəbuledilməzdir. Ermənilərin qətlə yetirdiyi uşaq Londonda, Parisdə və dünyanın digər yerlərində törədilən terror aktlarında ölənlər kimi günahsız idi. Dünya ictimaiyyəti ikili standartlarla ləkələnib. ATƏT-in Minsk qrupu isə zəif işinə və heç bir nəticə əldə edə bilmədiyinə görə uğursuz strukturdur”.
Politoloq deyib ki, dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində törətdiyi zorakılıq aktlarını qınamalıdır.
Qeyd edək ki, bu hadisədən bir gün sonra - iyulun 5-də Rusiya Xarici İşlər Nazirliyi erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan hava limanından geri qaytarılmasına görə rəsmi Bakıdan ayrı-seçkiliyi dayandırmağı tələb edib. Halbuki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsdər ölkəsi kimi Alxanlıda ermənilərin törətdikləri faciəni pisləməli idi.

“Azərbaycan hakimiyyəti  bu məsələ ilə bağlı diplomatik təşəbbüskarlıq göstərməlidir”

Müsvat Partiyasının sədri Arif Hacılı Hurriyyet.org-a bildirdi ki, əslində, Azərbaycan öz problemlərini həll etmək barədə özü düşünməlidir: “Azərbaycan hakimiyyəti, ölkədə olan təşkilatlar, ordu reaksiya verməlidir. Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ali baş komandan başda olmaqla, Azərbaycan ali hakimiyyətinin borcudur. Maraqlı bir təşəbbüs irəli sürülmüşdü ki, ATƏT-in Minsk Qrupunun təmsil olunduqları ölkələrin səfirlikləri qarşısında aksiyalar keçirilsin. Bu, çox uğurlu bir təşəbbüs idi, lakin hakimiyyət sonra bu təşəbbüsdən də imtina etdi. Yalnız “Twitter”də nəsə yazmaqla, yas xərcini ödəməklə bu problemlərin həlli istiqamətində hansısa addımların atıldığını iddia etmək olmaz. Azərbaycan hakimiyyəti bu məsələlər barədə öz movqeyini birmənalı şəkildə ortaya qoymalıdır. Təbii ki, Azərbaycan hakimiyyəti konkret olaraq bu məsələ ilə bağlı olaraq diplomatik təşəbbüskarlıq göstərməlidir. Məncə, Azərbaycan hakimiyyəti bu məsələyə münasibət bildirmək üçün ilk növbədə Minsk Qrupu həmsədrlərinə, ATƏT-in müvafiq stukturlarına, bu konfliktin dinc yolla həll olunması üçün üzərinə öhdəlik götürmüş, bu missiyanın daşıyıcısı olan dövlətlərin ən azı xarici siyasət idarələrinə rəsmən müraciət edərək, məsələyə münasibət bildirmələrini tələb etməlidir. Rəsmən belə tələblər olarsa, beynəlxalq qurumlar ən azı bu məsələyə birmənalı münasibət bildirmək məcburiyyətində qala bilərlər. Çünki günahsız insanların, körpələrin, qadınların, yaşlı adamların öz evlərində qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir. Ermənistan hakimiyyəti, silahlı qüvvələri faktiki olaraq uşaq qatili qismində çıxış ediblər və təbii ki, buna çox ciddi reaksiya olmalıdır”.

“Azərbaycan ərazilərini işğal altında saxlamasının gücünü Ermənistan Rusiyadan alır”

A.Hacılı vurğuladı ki, Azərbaycan hakimiyyətinin Moskva qarşısında daim güzəştli mövqe tutması Rusiya hakimiyyət strukturlarını daha da ruhlandırır: “Əvvəllər də demişdim, bir də təkrar edirəm, Rusiya elə bir dövlətdir və hazırda orada elə bir hakimiyyət mövcuddur ki, onların qarşısından qaçmaqla nəyəsə nail olmaq mümkün deyil. Onların qarşısında, xüsusilə beynəlxalq qurumlar səviyyəsində öz öhdəliklərini, vəzifələrini yerinə yetirilməsi tələbləri qoyulmalıdır. Bu gün Azərbaycan ərazilərini işğal altında saxlamasının gücünü Ermənistan Rusiyadan alır. Ermənistanda Rusiya hərbi birləşmələrinin yerləşməsi, hərbi birləşmələrin Qarabağda olan silahlı qüvvələrə dəstək verməsi hamıya məlum olan faktlardır. Ancaq Azərbycan hakimiyyəti bu məsələlərə göz yumur. Rusiya hakimiyyəti də Azərbaycan hakimiyyətinin bu güzəştli mövqeyindən ruhlanaraq, daha da Azərbaycanın üzərinə gəlir”.

“Bizim canımız çıxmalıdır, torpaqlarımızı işğaldan azad etməliyik”

KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirdi ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Alxanlıda baş verən faciə ilə bağlı səssiz qalmalı deyil: “Amma biz, Azərbaycan tərəfi kimi fərqində olmalıyıq ki, bizim 20 faiz torpağımıza, 1 milyon qaçıqınımıza, Xocalı syqırımına, 20 yanvar hadisəsinə bütün bu illər ərzində dünya göz yumursa, bir körpənin və nənəsinin faciəvi ölümünə xüsusi olaraq diqqətmi yetirməlidir?! Yəni bu bir az Azərbaycan tərəfindən sədalövhlükdür ki, dünya susur. Hətta bizim baş bilənlərimiz ermənilərlə dostluqdan, onlarla keçmişdə dost xalqlar olmaqdan danışır. Bütün bunlar hamısı gözləniləndir. Amma bu Azərbaycan hökumətinin gözlənilməz mövqeyidir ki, Azərbaycana uyğun mövqe deyil. Dunya ictimaiyyəti bizə neynəməlidir ki?! Bizim canımız çıxmalıdır, torpaqlarımızı işğaldan azad etməliyik. Dünya da onda deyəcək ki, torpağını işğaldan azad edir. Biz bunun fərqində deyilik. Rusiyadan Azərbaycana yönəlik, Azərbaycanı dəstəkləyən hər hansı bir addımın gözlənilməsi sədalövhlükdür, özünü aldatmaqdır, Azərbaycanı təmsil etməməkdir və Rusiyanı tanımamaqdır. Bunun adı budur”.

“Hakimiyyətdən Konstitusion vəzifələrin icrası tələb edilməldir”
 
VİP sədri Əli Əliyev bildirdi ki, bu məsələyə Azərbaycan, region və dünya kontekstindən qiymət verilməlidir: “Ermənilər neçə müddətdir bu cür qeyri-insani hərəkətlərlə məşğuldur və mütəmadi olaraq cəmiyyət tərəfindən reaksiya göstərilir. Bu da erməni vəhşiliyinin bariz təsdiqi olan bir hadisədir. Təbii ki, buna reaksiya verilməlidir. Ancaq reaksiya cəmiyyətdə stabilliyin pozulmasına gətirib çıxaran həddə olmamalıdır. Çünki hesab edirəm ki, erməninin bu cür həyasızlıq etməsi, hətta hadisədən sonra separatçıların “əcəb etmişik, hələ bu prosesi davam etdirəcəyik” bəyanatları daha çox Kremldən qaynaqlanır. Fikrimcə, Kreml seçki ilinə yaxınlaşdıqca, hakimiyyətdaxili nəzarət rıçaqlarından məhrum olduqca, daha da aqressiv siyasət yürüdür. Alxanlı hadisəsini Rusiyanın Azərbaycana hibrid müharibəsinin tərkib hissəsi sayıram. Ukraynada baş verənlər, uzun illər Dağlıq Qarabağda baş verənlər bu hadisənin əvvəli hesab edilməldir. Təbii ki, hakimiyyətdən Konstitusion vəzifələrin icrası tələb edilməldir. İlk növbədə, belə hadisələrin baş verməsini Azərbaycan hakimiyyətinin idarəçiliyi ilə əlaqələndirirəm. Hakimiyyət uzun illərdir Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, insanların toxunulmazlığı kimi Konstitusion öhdəliklərin öhdəsindən gələ bilmir. Bu, bir faktdır. Alxanlı hadisəsi də həmin yarıtmaz fəaliyyətin tərkib hissəsi sayılmaldır. Ancaq Azərbaycanda yaranmış vəziyyətdən çıxmaq üçün cəmiyyət kifayət qədər sərt təpki verməlidir. Mövqe birmənalı olmalıdır. Amma bilmək lazımdır ki, bu hadisə Azərbaycanda baş verə biləcək hər hansı pozitiv dəyişikliklərə qarşı Rusiyanın müqavimət aksiyasıdır”.
“Bu bəyanatla Rusiya erməni vəhşiliyinin qabarması ilə bağlı prosesin arxasında olduğunu nümayiş etdirir”
Ə.Əliyev onu da dedi ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana girişi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatının bu hadisədən sonra verlməsi “mən bu işin arxasındayam” anlamına gəlir: “Bu bəyanatla Rusiya erməni təcavüzünün akivləşməsi, erməni vəhşiliyinin qabarması ilə bağlı prosesin arxasında olduğunu nümayiş etdirir və bölgədə hegemon dövlət olduğunun altını çızır. Ona görə də əvvəllər qeyd etdiyim kimi, unutmaq lazım deyil ki, bu aksiya Azərbaycanın nəzarətdə saxlanması aksiyasının tərkib hissəsidir. O istiqamətdə aparılan uzun müddətli mübarizənin bir elementidir. Bu hadisəyə qiymət verilməlidir. Bu hadisəyə sərt təpki göstərilməldir. Ancaq unutmaq lazım deyil ki, Rusiya bu yolla Azərbaycanda stabilliyi pozmağa yönəlmiş məqsədlər güdür”.
“Azərbaycan hakimiyyəti Rusiyanın “beşinci kolonu”nun hakimiyyətdə təsir rıçaqlarını qoparıb atmağı bacarmalıdır”
Ə.Əliyevin fikrincə, Azərbaycan düz yola çıxması, inkişaf mərhələsinə qədəm qoyması üçün Rusiyanın daxili tormozlayıcı amillərindən qurtarmağı bacarmalıdır: “Buna qədər Hacı Cavad məscidi ilə bağlı baş verən hadisə də cəmiyyətin sərt reaksiyasına, qarışıdırıcılıq məqsədinə xidmət edən bir addım idi. Rusiya mexanizmləri vasitəsilə belə təxribat xarakterli işlər olacaq. Rusiya hakimiyyətə uzun müddət yerləşdirdiyi, hakimiyyətin susqunluqla nəzarət etdiyi həmin mexanizmlər işə salınacaq. Hamı görür ki, hakimiyyətin daxilində Rusiya dayaqları sarsıdılır. Təbii ki, Rusiya buna seyrçi qalmayacaq, müqavimət göstərməyə və öz təsir imkanlarını qorumağa çalışacaq. O baxımdan, ayıq davranmaq lazmdır. İlk növbədə, Ermənistandan əvvəl onun arxasında duran, onun fəliyyətini istiqamətləndirən Rusiyanın məqəsdlərini aşkarlamaq, o məqsədlər aşkarlanandan sonra düzgün qərarlar qəbul etmək lazımdır. Azərbycan cəmiyyətinin qarşısında duran birinci dərəcəli vəzifə Rusiyanın maraqlarına təsir göstərmək gücündə olan bağlar kəsməkdir. Məqsəd buna yönəldilməlidir. Azərbycan Rusiyanın təsirindən qurtula bilsə, erməni çox xırda məsələdir, erməninin yerinə otuzdurlması növbəti mərhələdə mümkün ola bilər. Sabitliyi təmas xəttində saxlamaq lazımdır. İlk növbədə, ölkəni daxildən gücləndirmək lazımdır. Türkiyə hakimiyyəti, Ərdoğan necə FƏTÖ-çüləri ölkəsindən qoparıb ata bildisə, Azərbaycan hakimiyyəti də Rusiyanın “beşinci kolonu”nun hakimiyyətdən təsir rıçaqlarını qoparıb atmağı bacarmalıdır. Bunun üçün də cəmiyyət ayıq olmalıdır. Cəmiyyət bilməlidir ki, ölkə ətrafında nə baş verir. Müasir dünyada müharibələr hibrid qaydada həyata keçirilir və calışılır ki, qaynar kadrdan çox, cəmiyyətlər, dövlətlər bu yolla istila edilsin. Rusiyanın istilası 25 ildir davam edir. Azərbaycanın üzərində nəzarəti saxlamaq istəyir. Baş verənlər məhz Rusiyanın Azərbaycana nəzarət etmək istəyindən irəli gələn fəaliyyətdir”.