​Müxalifətçi xanım sərbəst buraxıldı

Baxış sayı:
1215

Bu gün öz evinə qayıdan müxalifətçi xanım 2 gün öncə tanımadığı mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparıldığını bildirib.
Bu barədə ADP-çi xanım Şura Abbasova özü məlumat verib: “Axşam saatları idi evə qayıtdığım zaman tanımadığım iki nəfər mənə yaxınlaşaraq onlarla getməyimin vacib olduğunu bildirdilər. Mən onların kim olduğunu bildirdikdə, polis idarəsində biləcəyimi dedilər və məni zorla maşına əyləşdirdilər. Mən telefonla evə zəng edərək məlumat vermək istərkən, onlar mobil telefonumu əlimdən alaraq söndürdülər. Lakin, məni polis idarəsin deyil, tamamilə tanımadığım bir yerə apardılar. 26 sentyabr tarixində keçirilən referendum vaxtı səsvermə prosesində baş verən qanun pozuntularının qarşısını aldığıma və həmin referendumun əleyhinə insanlar arasında təbliğat apardığıma görə hədə-qorxulara, işgəncələrə və qeyri-insani rəftara məruz qaldım. Sonra isə mənə bildirdilər ki, səni şərləyib həbs edərik, qadınsan bu yoldan əl çək. Siyasi fəaliyyətimlə bağlı sorğu-sual etdikdən sonra, mənə əməkdaşlıq təklif etdilər. Əməkdaşlığın nədən ibarət olduğunu soruşduqda, bildirdilər ki, təmsil olunduğun təşkilatda qəbul olunan qərarlar, sizlərə verilən tapşırıqlarla bağlı bizə məlumat verəcəksən və bunun qarşılığında bizdən mükafat alacaqsan. Mən belə bir əməkdaşlığa etirazımı bildirdikdə, onlar məni qaranlıq bir otağa salıb orada ac-susuz saxladılar. Buraxanda da mənə bildirdilər ki, siyasi fəaliyyətini davam etdirəcəyin halda səni yaxşı aqibət gözləmir.”
Xatırladaq ki, Şura Abbasova 26 sentyabr referendumu zamanı səsvermə prosesini müşahidə etdiyi zaman baş verən total qanun pozuntularının qarşısını aldığına görə fiziki zorakılığa məruz qalmış və zorla məntəqədən uzaqlaşdırılmışdır.
Parodoksal haldır ki, Azərbaycandakı demokratiya və insan haqları sahəsində mövcud olan acınacaqlı vəziyyət bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında sərt tənqid edilsə də, Azərbaycan hakimiyyəti nöqsanları aradan qaldırmaq əvəzinə ölkədə özünün opponentlərinə qarşı daha aqressiv münasibət sərgiləməkdədir. Bu da hakimiyyətin demokratiya, insan hüquq və azadlıqlarına qarşı aqressiv siyasətini dəyişməyəcəyini bir daha sübut edir.