Müxalifətçi xanım ölkəni tərk edib - TƏZYİQLƏRƏ DÖZMƏDİ

Azərbaycan hakimiyyəti müxalif düşüncəli insanları öz mövqelərindən çəkindirməkdən ötəri ən iyrənc metiodlardan istifadə etməkdə davam edir. İnsanlar mövcud hakimiyyət tərəfindən siyasi əqidəsinə və müxalif mövqeyinə görə diskriminasiyaya, təqiblərə, təzyiqlərə, həbslərə və işgəncələrə məruz qalır. Bunun nəticəsidir ki, bu gün ölkədə yüzlərlə insan özünün siyasi əqidəsinə və fəaliyyətinə görə həbsxanada məhbus həyatı yaşayır.
Bu cür təqiblərdən yaxa qurtaran müxalif düşüncəli insanlar isə ölkədən didərgin düşərək mühacir həyatı yaşamağa məhkum edilir. Baxmayaraq ki, nüfuzlu beynəlxalq təşkilatlar ölkədə olan siyasi təqiblərin dayandırılması və həbsdə olan siyasi məhbusların azadlığa buraxılması tələbi ilə Azərbaycan hökumətinə davamlı olaraq çağırışlar edir. Lakin ölkədə insan hüquq və azadlıqları sahəsində mövcud olan acınacaqlı durum davam etməkdə və müxalifətçi insanların təqiblərə, təzyiqlərə və işgəncələrə məruz qalması faktları adi hala çevrilməkdədir.
Bu faktlardan biri də ADP fəalı Sevda Cəfərzadənin son parlament seçkilərində müşahidəçi olaraq iştirak etdiyi zaman baş vermiş seçki saxtakarlıqlarının qarşısını aldığına görə başına açılan qanunsuzluqlardır. Belə ki, o, 01 noyabr 2015-ci il tarixində axşam saatlarında səsvermənin qurtarmasına az qalmış 34 saylı Xətai ikinci seçki dairəsinin 7 saylı seçki məntəqəsində baş verən kobud qanun pozuntularının qarşısını almağa cəhd edərkən polis və mülki geyimli şəxslər tərəfindən zorla məntəqədən uzaqlaşdırılmış və fiziki zorakılıqlara məruz qalıb. Ona qarşı olan qanuna zidd hərəkətlər bununla yekunlaşmayıb. Seçki saxtakarlıqlarına etiraz etdiyinə və baş vermiş seçki saxtakarlıqlarının qarşısını aldığına görə S.Cəfərzadə sonradan seçki prosesinə və məntəqə seçki komissiyasının işinə müdaxilə etməkdə ittiham edilmiş, yaşadığı mənzildə seçki bülleteni var deyə, mülki geyimli şəxslər tərəfindən axtarış aparmağa cəhdlər edilmişdir. Buna nail ola bilmədikdə isə ona qarşı təzyiqlər daha intensiv xarakter almış və hüquq mühafizə orqanları tərəfindən həbs təhlükəsi ilə üzləşmişdir.
Paradoksal haldır ki, seçki saxtakarlıqlarının qarşısını alan ADP fəalına hüquq mühafizə orqanları tərəfindən “vətəndaşların seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə” adı ilə saxta və qondarma ittiham irəli sürülmüşdür. Nəticə etibarı ilə o, həbs olunma təhlükəsi ilə üz-üzə qaldığından özünün təhlükəsizliyi qayğısı ilə ölkəni tərk etmək məcburiyyətində qalmışdır. ADP fəalına qarşı törədilən bu qanunsuz hərəkətlər sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Məqsəd isə insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalları qondarma və saxta ittihamla həbsə atır.
Təəssüflər olsun ki, bu cür hallar Azərbaycanda müxalifətçilərə qarşı həyata keçirilən təqib, təzyiq və təhdid elementi kimi artıq “ənənə” halını alıb. Hakimiyyət orqanları müxalifətçiləri qondarma ittihamla həbsə alaraq “zərərsizləşdirir”, ya da ölkədən didərgin salır. Bu cür taleyi təkcə S.Cəfərzadə yaşamayıb, bu gün yüzlərlə müxalifətçi ya saxta və qondarma ittihamlarla həbsdədir, bu həbslərdən yaxa qurtarmağı bacaranlar isə mühacirət həyatı yaşamağa məcbur olublar. Sözsüz ki, S.Cəfərzadə də ölkəni tərk etməsəydi bu gün saxta ittihamla həbs təhlükəsi ilə üz-üzə qalacaqdı. Beləliklə, bir müxalifətçi fəal siyasi əqidəsinin və hakimiyyətin seçki saxtakarlıqlarının qarşısını almaq cəhdinin qurbanı olaraq mühacir həyatı yaşamağa məhkum edildi.