​Müxalifətçi gənc polisə çağırılıb

Milli Şuranın 23 sentyabr tarixli mitinqində aktiv şəkildə iştirak edən sadə vətəndaşlara, müxalifət partiyalarının, o cümlədən ADP-nin üzvlərinə qarşı hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlər hələ də davam edir. Əldə etdiyimiz məlumata görə, dünən daha bir ADP-çi fəal Ceyhun Mehdiyev mitinqdə iştirak etdiyinə görə Xətai Rayon Polis İdarəsinə çağırılıb. Polis İdarəsinə gedən ADP fəalı 1 sutka polis idarəsində saxlanılıb. Bir sutka polis idarəsində saxlanılan Ceyhun Mehdiyev mitinqdə iştirak etdiyinə və mitinqə gəncləri cəlb etdiyinə görə hədə-qorxuya, fiziki zorakılığa və işgəncələrə məruz qalıb.
Verilən məlumata görə polis idarəsində onun zəruri ehtiyacları belə ödənilməyib və vəkillə təmin olunmayıb. Polis idarəsində Ceyhun Mehdiyev bütün qohum-əqrabaları barədə sorğu-sual edilmiş, polis idarəsindən buraxılanda isə mitinqlərə qoşulacağı halda uzun müddətli həbs olunacağı ilə bağlı təhdid olunub.
Xatırladaq ki, 23 sentyabr mitinqində iştiraka görə bir çox ADP üzvləri, o cümlədən partiya rəhbərliyində təmsil olunanlardan ADP sədrinin birinci müavini Həsrət Rüstəmov, partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov və ümumi məsələlər üzrə sədr müavini Zakir Hüseynov da polis idarəsinə çağırılaraq uzun-uzadı sorğu-suala tutulmuş və mitinqə qoşulduqlarına görə onlar barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq ediliblər. Görünür, hakimiyyət orqanları mitinqin kütləviliyinin qarşısını almaq məqsədilə mitinqə qoşulanlara qarşı repressiya siyasətini həyata keçirmək niyyətindədir.