​Müxalifət xalqı müstəqilliyini və suverenliyini müdafiə etməyə çağırdı – AZƏRBAYCANDA

Siyasi partiyalar 28 aprel rus işğalı ilə bağlı bəyanat yaydı
 
Muxalifet.az xəbər verir ki, bu gün Azərbaycanın bir qrup siyasi partiyası 28 aprel rus işğalının nəticələrini müzakirə edib. ADP, AXP, AĞ partiya, Azadlıq, Böyük Azərbaycan, və KXCP sədrlərinin iştirak etdiyi tədbirin yekununda siyasi partiyalar birgə bəyanat qəbul edib.
Bəyanatda deyilir:
 
“28 aprel 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən təkrar işğal edilməsi nəticəsində millətimizin adı dəyişdirilərək Türk kimliyindən məhrum edilmiş, əlifbanın iki dəfə dəyişdirilməsi nəticəsində özünün islam və Türk tarixi  irsindən məhrum edilmiş, yüz minlərlə Azərbaycan türkü öz yurdlarından deportasiya edilmiş, Azərbaycan əraziləri işğal, Rusiya və Gürcüstan tərəfindən ilhaq edilmiş və işğal edilmiş ərazilərdə Erməni dövləti yaradılmış, Azərbaycanın tarixi-mədəni irsi məhv edilmiş, Tarixi, maddi-mənəvi əsərləri Rusiyaya aparılmış, xalqımızın milli və dini dəyərləri ləğv edilmiş, adət-ənənələrinə yasaq qoyulmuş, yeraltı və yerüstü sərvətləri amansızlıqla talan edilmişdir.
Bundan əlavə, müxtəlif adlar altında repressiyalar həyata keçirərək milli elita məhv edilmiş, 1918-ci il mart və 1992-ci il 26 fevral Xocalı soyqırımı həyata keçirmiş və Qarabağ münaqişəsi yaratmaqla bu münaqişədə on minlərlə azərbaycanlının məhv olmasına, dövlətimizə milyardlarla maddi ziyan dəyməsinə, bir milyona yaxın qaçqın və köçkün düşməsinə, xalqımızda kölə psixologiyasının formalaşmasına cəhd edilmişdir”.


 
Bəyanatda daha sonra vurğulanır ki, Azərbaycanda mövcud olan hakimiyyət rus işğalının nəticələrinin aradan qaldırılması yolunda heç-bir hüquqi addımlar atmamış, əksinə müstəqilik dövründə Azərbaycanı yenidən Rusiyanın təsiri altına salma siyasəti aparılmışdır: “Heç bir ehtiyac olmadan yüzlərlə rus dilli məktəblərin  yaradılması, hakimiyyət elitasının məişətdə rus dilindən istifadə etmələri və hakimiyyətin təşkil olunmasında qarışıq ailələrə üstünlük verilməsi, hakimiyyət nümayəndələrinin rəsmi Rusiyanın dövlət orden və medallari ilə təltif edilməsi bu siyasətin göstəricisi kimi qiymətləndrilir”.
Müzakirədə iştirak edən siyasi partiyalar  xalq arasında dövlətçilik şüurunun formalaşdrılmaması və vətəndaşlıq insititunun möhkəmləndirilməməsi, ölkədə aparılan ağır sosial-iqtisadi siyasət nəticəsində vətəndaşlarda yad təsirlərə müqavimət hissinin məhv edilməsi ölkədə işğal təhlükəsinin artdığının bariz nümunəsi sayılır.
İşğalın nəticələrini müzakirə edən partiyalar, son illər Rusiyanın Azərbaycanı öz təsirinə salmaq istiqamətində cəhdlərini və Azərbaycana iqtisadi, hərbi və diplomatik təzyiqlərini artırdığını qeyd edərək, xalqı bu siyasətə qarşı ayıq-sayıq olmağa, müstəqilliyin və suverenliyini müdafiə etməyə çağırır.
Müzakirədə iştirak edən partiyalar hakimiyyəti rus işğalının nəticələrinin aradan qaldırılması ilə bağlı beynəlxalq hüquqa uyğun tələb olunan zəruri hüquqi-siyasi addımlar atmağa çağırır.