“Müxalifət və medianın önəmli qismi hakimiyyətlə sövdələşib”

Mehman Əliyev: “Artıq neft pulları hesabına vəziyyəti nəzarətdə saxlamaq mümkün olmayacaq”

“Narazılığın artması ictimai-siyasi fəallığı artıracaq”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Hürriyyət” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.

- Mehman bəy, Milli Şura ölkədəki son bahalaşma tendensiyasına etiraz olaraq 15 mart tarixinə mitinq təyin edib. Sizcə bahalaşma siyasətinə qarşı aksiyalar vasitəsi ilə mübarizə aparmaq hansısa effekt verəcəkmi?

- Məsələ bundadır ki, bahalaşma yanlış siyasətin məntiqi sonluğu, bu siyasətin iflasıdır. Bu bahalaşma bazar iqtisadiyyatının qanunları çərçivəsində baş vermədi. Bahalaşma dövlətin qərarı ilə baş verdi. Biz hələ ki, bunun ilk mənfi təzahürlərini görürük. Lakin yaxın gələcəkdə bunun çox ciddi fəsadları olacaq. Illər uzunudur ki, aparılan yanlış siyasətin indi-indi özünə göstərən nəticəsi Azərbaycan xalqına yaxşı heç nə vəd etmir. Hakimiyyətin bu siyasətinə qarşı hökmən fikir bildirmək lazımdır. Yalnız müxalifət çıxıb mövqe sərgiləməli deyil. Hər bir vətəndaş bu bahalıqla bağlı öz narazılığını ifadə etmək üçün hansısa aksiya keçirməli və ya hansısa formada mövqe bildirməlidirlər. Bir daha qeyd edirəm ki, bunun çox ciddi fəsadları olacaq. Məsələ bundadır ki, dövlət bir gecənin içində milyonlarla insana “atdı”. Bunların içərisində varlısı da, kasıbı da var idi, hansı ki, onların hər birinin öz dərdi, öz səri var. Buna görə də baş verənlərlə bağlı mövqe ortaya qoymaq vacibdir. Həmçinin, hesab edirəm ki, bu mövqeyi daha tez, daha operativ formada sərgiləmək lazım idi. Bu gün müxalifətin televiziyaya çıxmaq və xalqa nə isə demək imkanı yoxdur. Müxalifət nümayəndələrini televiziyalara yaxın belə buraxmırlar. Qəzetlərin, saytların böyük bir qismi hökumətin əlindədir. İmkanlar olduqca azdır. Bunlara sosial şəbəkələr və s. kimi vasitələr daxildir. Aksiyalar müxalifətin mübarizə vasitələrindən biridir və mütləq bu vasitədən istifadə etməlidir.

- Müxalifət bahalaşma əleyhinə birgə deyil, ayrılıqda mübarizə aprmaqda maraqlı görünür. Bu kimi məsələlərdə müxalifətin birgə mübarizəsi uğurlu nəticə və həmrəylik baxımından daha məqsədəuyğun olmazdımı?

- Bilirsiniz müxalifətin birgə aksiyasını arzulamaq nəyə bənzəyir? Bu ona bənzəyir ki, biz medianın problemləri uğrunda mübarizə məqsədi ilə bütün medianın bir araya gəlməsini və birgə söz deməsini arzulayaq. Halbuki, Azərbaycan mediası xeyli dərəcədə rəngarəngdir. Onlar bir-birindən fərqlənir. Medianın önəmli bir qismi hökumətin qeyri-leqal yardımları, yaxud mənzillərin verilməsi və s. yollarla susdurulur. Belə olan halda medianın hansı həmrəyliyindən söhbət gedə bilər? Birgə hansı söz söyləyib hansı mübarizə sərgiləmək olar? Bugünlərdə jurnalist Elmar Hüseynovun qətlinin 10 illiyi oldu. Bu qətldən sonra 30-40 nəfər redaktor bir araya gəlmişdi. Mən hələ jurnalistləri demirəm. Indi isə bu hadisənin üstündən 10 il keçib və bu hadisə ilə bağlı bir nəfər də yaxın gəlmir. Əksər KİV-də bu hadisə ümumiyyətlə işıqlandırılmır. Sanki belə bir hadisə ümumiyyətlə olmayıb. Hamı da özünü müstəqil hesab edir. Bütün media oranları da elan edir ki, onlar müstəqildirlər. Əslində isə məsələnin mahiyyəti tamamilə fərqlidir. Müxalifət də eyni vəziyyətdədir. Müxalifətin əsas problemləri də bundan bəhrələnir. Müxalifətin də əksəriyyəti eynilə media kimi sövdələşməyə gedib. Onlar sadəcə müəyyən maraqlarını təmin etməklə məsələni bitmiş hesab edirlər. Bu problem bütün Azərbaycana xasdır. Bu, həm medianın, həm müxalifətin, həm QHT-lərin, həm də ümumilikdə cəmiyyətin problemidir. Cəmiyyətin öz durumuna baxın. Məgər bu gün cəmiyyət baş verən bahalaşmaya qarşı lazımi mövqe ortaya qoyurmu? Baxmayaraq ki, bu bahalaşma cəmiyyətin hər bir fərdinə toxunub. Bu problem YAP-çıya da, cəbhəçiyə də, siyasi partiya üzvü olmayan şəxslərə də toxunub. Lakin buna baxmayaraq, heç kim səsini çıxartmır. Heç kim küçələrə çıxıb baş verənlərə öz etirazını bildirmir. Bu, bir daha onu göstərir ki, həməylik məsələsi cəmiyyətə xas olan bir problemdir.

- Bəzi siyasilər iddia edir ki, cəmiyyətin aksiyalarda fəal iştirak etməməsinə səbəb xalqın mübarizə üçün özündə güc və təpər tapmamasıdır. Bu qənaəti bölüşürsünüzmü?

- Xeyr. Mən bu qənaəti bölüşmürəm. Iş ondadır ki, Azərbaycanın Ermənistandan və Gürcüstandan fərqli olaraq resursları olub. Bu resurslar indi də var. Hansı ki, bu resurslar bazara çoxlu pul gətirib. Neft pullarından hakimiyyətin başında dayanan şəxslərdən tutmuş adi süpürgəçiyə qədər hər kəs hansısa formada, az və ya çox dərəcədə bəhrələnib və bu gün də bəhrələnməkdə davam edir. Azərbaycanda seçki yolu ilə mübarizə cəhdi həmişə iflasa uğraylb. İnsanlar bu uğursuzluqlardan inamlarını bir qədər itiriblər. Bundna başqa, bazara böyük pullar daxil olub. Bu pul isə insanları konkret olaraq seçim qarşısında qoyub.  Onlar ya o pula yiyələnmək, ya da nəticəsi bəlli olmayan mübarizə aparmaq seçimi qarşısında qalıblar. Azərbaycanda belə bir seçim olub və bu gün də var. Lakin nə Ermənistanda, nə də Gürcüstanda bu seçim olmayıb. Buna görə də orada vəziyyət Azərbaycandakından fərqlidir. Orada daha çox demokratiya var. Bu ölkələrdə hakimiyyətlər daha çox güzəştə getməyə məcbur olur. Çünki həmin ölkələrdə müqavimət də güclüdür. Ac, narazı kütlə davamlı olaraq vəziyyətin yaxşılaşmasını tələb edir. Azərbaycanda isə insanların əksəriyyəti seçim imkanlarından istifadə edərək mübarizəni deyil, neft pullarından yararlanmaq xəttini tutmuşdu. Onlar düşünürdü ki, pis-yaxşı birtəhər dolanıram, hakimiyyət də hər şeyin yaxşı olacağını vəd edir və s. Amma həqiqət ondan ibarətdir ki, bu gün Azərbaycan çox çətin bir vəziyyətə düşüb.

- Sizcə hakimiyyət ölkəni bu vəziyyətdən çıxartmağı bacaracaqmı?

-Bu böhran uzunmüddətli bir böhrandır. Hələ ki, böhranın ilk əlamətləri özünü göstərir və insanların bəzisi baş verənlərin mahiyyətini tam dərk etməyiblər. Onlara elə gəlir ki, bir gecənin içində baş verən bu böhran bir gecənin içində də ortadan qalxacaq. Lakin bu, belə olmayacaq. Bu səbəbdən də getdikcə cəmiyyətdə narazılıq artacaq. Kasıbların sayı artacaq. Biznes subyektləri bonkrot olacaq. Çox sahibkar iflas edəcək. Artıq indidən bu problemlər özünü göstərməkdədir. Narazıların sayı tədricən artacaq. Bu prosesin qarşısını heç nə ilə almaq mümkün olmayacaq. Hakimiyyət ya bu siyasətini davam etdirib cəmiyyətlə qarşıdurmaya getməlidir, ya da dəyişikliklərə imza atmalıdır. Qarşıdurma yolu vəziyyətin gərginləşməsinə, qeyri-sabitliyə yol açacaq. Dəyişikliklər yolu isə təkamül vasitəsi ilə problemlərin həllinə xidmət edəcək. Başqa seçim imkanı yoxdur. Neft pulları hesabına vəziyyəti nəzarətdə saxlamaq, prosesləri stabilləşdirmək və s. mümkün olmayacaq. Bu dövr keçib getdi. Biz hazırda yeni bir dövrə qədəm qoymuşuq. Bu səbəbdən də hesab edirəm ki, ictimai-siyasi fəallıq Azərbaycanda getdikcə artacaq.

-Necə hesab edirsiniz, ölkədəki iqtisadi-maliyyə və sosial gərginlik Qarabağ probleminin arxa plana keçməsinə, daha bir neçə il göz önündəcə unudulmasına səbəb ola bilərmi?

-Qarabağ probleminin həlli demokratiyadan keçir. Mən bunu dəqiq bilirəm və bu həqiqəti çoxdan bəridir ki, söyləyirəm. Son hadisələr bir daha bunu təsdiqləməkdədir. Biz həmişə deyirdik ki, hərbi büdcəmiz ildən-ilə artır. Ermənistan büdcəsini üstələyib və s. İndi birdən-birə bu xərci 300 milyon aşağı saldılar. Bundan sonra da aşağı salmaqda davam edəcəklər. Bu yol deyil. Bu müharibə o qədər də bizim müharibəmiz deyil. Bu, geosiyasi bir problemdir. Bu prtoblemin həlli Azərbaycanın seçimindən asılıdır. Azərbaycan bu seçimi nə qədər tez edəcəksə, problem də bir o qədər tez həll olunar. Seçim ondan ibarətdir ki, Azərbaycan 1994-cü ildən başlayaraq öz kursunu Qərbə inteqrasiya olaraq müəyyənləşdirib. Lakin bu inteqrasiya olduqca zəif, çaşqın bir formada gedir. Bu məsələdə proseslərin gah qabağa, gah dala getməsi müşahidə edilir. Azərbaycan bir tərəfdən məcburiyyət səbəbi ilə bu seçimi etsə də, daxili istək bu seçimdən fərqlidir. Azərbaycanda avtoritar bir sistem hökm sürür. Demokratik dəyişikliklərə getmək istəmirlər. Qərbə həqiqətən də inteqrasiya etməmək üçün mübarizə aparırlar və s. Buna görə də ölkə bu gündədir. Yəni nə o yanlıq, nə də bu yanlıq deyil. Amma bir daha qeyd edirəm ki, Qarabağ probıeminin həlli Azərbaycanın Qərbə inteqrasiyasından keçir. Azərbaycan nə qədər tez sivil, demokratik ölkəyə çevriləcəksə, Qarabağ problemi də bir o qədər tez həll olunacaq. Başqa cür isə bu problem öz həllini tapmayacaq və elə bu vəziyyətdə də qalacaq. Kimsə fikirləşməsin ki, dediyim yol xaricində hansısa bir yola bu problemi həll etmək mümkündür. Çünki burada yalnız Azərbaycan və Rusiyanın maraqları deyil, ABŞ-ın, Rusiyanın, Avropa Birliyinin də maraqları toqquşur. Həmsədrlərin siyahısına baxanda orada Rusiyanı, ABŞ-ı, bir də Avropa Birliyini görürük. Real oyunçular bunlardır. Bu oyunçuların qərarı proseslərin hansı istiqamətdə cərəyan edəcəyini müəyyənləşdirəcək. Burada Kosova və s. variantlar ola blər. Təsəvvür edin ki, bazardasınız və istədiyiniz seçim haqqına sahibsiniz. Azərbaycan hakimiyyəti yürütdüyü yanlış siyasətlə ölkə iqtisadiyyatını da, cəmiyyəti də, Qarabağ probılemini də bu vəziyyətə gətirib çıxartdı.