​Müxalifət Taarif Şurasının qərarına etiraz etdi - "QƏRARIN DƏRHAL LƏĞV EDİLMƏSİNİ TƏLƏB EDİRİK"

Bu gün KXCP sədri Mirmahmud Mirəlioğlunun, AXP sədri Pənah Hüseynin, ADP sədri Sərdar Cəlaloğlunun, Azadlıq Partiyasının sədri Əhməd Orucun, BAP sədri Elşad Musayevin, VİP sədri Əli Əliyevin və Ağ Partiyanın sədri Tural Abbaslının iştirakı ilə siyasi partiya rəhbərlərinin növbəti görüşü keçirilib.
Muxalifet.az xəbər verir ki, partiya rəhbərləri ölkədə mövcud ictimai-siyasi durumu müzakirə edib.
Bu haqda saytımıza məlumat verən BAP sədri Elşad Musayev bildirib ki, toplantıda Taarif Şurasının qərarına əsasən Aİ-92 benzininin satış qiymətinin 30 faizə yaxın bahalaşmasını və ölkədə həyata keçirilən kadr siyasətini kəskin surətdə pislənilib.
Toplantının sonunda qərara alınıb: "Benzinin satış qiymətinin qaldırılması Azərbaycan hakimiyyətinin iqtisadi sahədə apardığı yarıtmaz, israfçılıq, talançılıq, soyğunçuluq, korrupsiya, lazımsız idman yarışları keçirərək külli miqdarda dövlət vəsaitinin məhv edilməsi siyasətinin məntiqi nəticəsi olmaqla, bütün digər sahələrdə də bahalaşmaya səbəb olacağının aydın göstəricisidir. Benzinin qiymətinin bahalaşması siyasəti sadə əhalimizin onsuz da acınacaqlı olan vəziyyətini daha da pisləşdirməyə, sosial gərginliyə, hərtərəfli böhrana, xarici işğala, növbəti devalivasiyaya sürüklədiyi üçün partiya rəhbərləri olaraq buna qətiyyətlə etiraz edir, benzinin satış qiymətinin qaldırılması qərarının dərhal ləğv edilməsini tələb edirik. Eyni zamanda, konstitusiyaya və digər qanunlarımıza zidd olaraq, qohumbazlıq, tayfabazlıq, və yerliçilik prinsipləri əsasında həyata keçirilən kadr siyasətinə kəskin etirazımızı bildiririk!"