Müxalifət siyasi məhbuslara azadlıq tələb etdi – BƏYANAT

Bu gün Azadlıq Partiyası, KXCP, AXP, ADP və Ağ Partiya liderlərinin iştirakı ilə yığıncaq keçirilmişdir. Muxalifet.az xəbər verir ki, yığıncaqda ölkədə və dünyada gedən ictimai-siyasi proseslər müzakirə edilmişdir. Toplantı iştirakçıları sonuncu əfv fərmanının siyasi məhbus kimi tanınan şəxslərin hamısını əhatə etmədiyindən təəssüfləndiyini və siyasi məhbus probleminin həllolunmaz qalmasının dövlətimizin beynəlxalq nüfuzuna, eləcə də daxili həmrəyliyə ciddi problemlər yaratdığını bildirir. Yığıncaq iştirakçıları Əli İnsanov, Fuad Qəhrəmanlı, İlqar Məmmədov, Bayram Məmmədov və Qiyas İbrahimov başda olmaqla, bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.
Yığıncaq iştirakçıları 31 mart soyqrımını müzakirə edərək, xalqımıza qarşı erməni-rus düşmənçilyinin böyük tarixə malik olduğunu və bu gün də Azərbaycan ərazilərinin işğalına və ilhaqına cəhdi eyni qüvvələrin bu siyasətlərini yeni dövrdə davam etdirməsi kimi dəyərləndirir.
Yığıncaq iştirakçıları terrorun ağır nəticələrinə məruz qalmış bir ölkənin vətəndaşları kimi, son günlər Avropa ölkələrində baş verən terror hadisələrini qətiyyətlə pisləyir, terrorun inkişaf etməsinin səbəbləri kimi bəzi inkişaf etmiş dövlətlər tərəfindən ayrı-ayrı terrorçu təşkilatların dəstəklənməsi, bu dövlətlərin yanlış xarici siyasəti, eləcə də korrupsiya və insan hüquqularını pozan rejimlərə tolerant yanaşmanın mövcudluğunu göstərir.
Yığıncaq iştirakçıları son günlər Rusiyda korrupsiya əleyhinə kütləvi xalq etirazlarının haqlı olduğunu, Rusiya başda olmaqla keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda korrupsiyanın dövlət siyasəti səviyyəsinə qaldırılmasının bu ölkələrdəki xalqların həyat səviyyəsinin kəskin aşağı düşməsinə görə daxili stabilliyin pozulmasına gətirib çıxardığını, eləcə də regional əməkdaşlıq və təhlükəsizliyi təhdid etdiyini nəzərə alaraq, beynəlxalq hüquqda korrupsiyanın beynəlxalq cinayət elan edilməsi və korrupsiyaya qarşı beynəlaxalq hüquq normalarının müəyyən edilməsinin vaxtı çatdığını bir daha bəyan edir.
Muxalifet.az