Müxalifət seçkiyə gedəcək? - SİYASİ PARTİYALARDAN AÇIQLAMA

Baxış sayı:
17842

Prezident İlham Əliyev Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb və növbədənkənar parlament seçkilərinin keçirilməsi 2020-ci ilin doqquz fevral tarixinə təyin edib.

Bir gün əvvəl isə Konstitusiya Məhkəməsi parlamentin buraxılmasını Konstitusiyaya uyğun hesab edib.

Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciət edib.

Bundan öncəki parlament seçkilərini boykot edən müxalifət partiyaları isə bu seçkiyə hansı şərtlər altında gedib-getməyəcəyinin müzakirəsini yekunlaşdırıb.

Milli Şura boykot edir

Demokratik Qüvvələrin Milli Şurası 2020-ci ilin fevralın 9-a keçiriləcək seçkini "boykot" qərarı verdiyini açıqlayıb.

Milli Şura üzvü Gültəkin Hacıbəyli BBC News Azərbaycancaya deyib ki, "Milli Şuranın seçki tamaşasında kütləvi səhnələrdə rol almaq niyyəti yoxdur"

Onun sözlərinə görə, təmsil etdiyi qurum xalqın istəyinin və arzularının, demokratiyanın minimum standartlarının nəzərə alınmadığı seçkilərdə iştirak etməyəcək.

"İndiki seçkiqabağı mühitlə 2015-ci ildəki seçkiqabağı mühiti müqayisə etdik. İndi ölkədə vəziyyət və mühit daha pisdir və bu aydındır. Madam ki, biz 2015-ci ildə bundan nisbətən əlverişli şəraitdə seçkilərin azad və demokratik olmadığı üçün seçkilərə qtılmaqdan imtina etmişik, bu gün daha pis şəraitdə niyə iştirak edək", Gültəkin Hacıbəyli bildirib.

Gültəkin Hacıbəyli bildirb ki, Milli Şura bundan öncə də şərtlərini elan etmişdi və bu şərtlərə hakimiyyət tərəfdən müsbət qarşılanmadı.

O, deyib ki, Milli Şura Azərbaycanda seçkiqabağı mühiti dəyərləndirib və bu barədə sənəd qəbul edib.

Müsavat nə qərar verib?

Müsavat partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli BBC News Azərbaycancaya deyib ki, Müsavat partiyasının parlament seçkilərinə qatılıb-qatılmaması barədə qərar şənbə günü məlum olacaq.

O, bildirib ki, Müsavat partiyası seçkiqabağı mühitin yaxşılaşdırılması üçün hakimiyyətə təkliflər verib və digər müxalifət partiyaları da bu təkliflərə müsbət yanaşıb.

Keçmiş səhiyyə naziri Əli İnsanov seçkilərdə iştirakla bağlı bildirib ki, bu şərtlərdə parlament seçkilərində iştirak etməyəcək.

"Şansları elə müəyyənləşdirməliyik ki, iştirakları ilə hakimiyyətin "saxta seçkisini legitimləşdirməyək", Əli İnsanov bildirib.

Demokratik Qüvvələrin Milli Şurası bundan öncə, "təcili şəkildə" indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməsini və ölkədə minimum da olsa, seçki mühiti yaradılmasını tələb edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli BBC News Azərbaycancaya ötən həftə deyib ki, Milli Şuranın tələbləri yerinə yetirilməyəcəksə, indiki şərtlər altında seçkiyə qatılmayacaqlar.

"Tələblər yerinə yetirilməsə, deməli, söhbət bir klanın adamlarının parlamentə gətirilməsindən gedəcək. Seçki olmayacaqsa, seçki imitasiyasında rol almaq fikrimiz yoxdur", partiya sədri bildirir.

Müsavat partiyası başqanı Arif Hacılının qənaətincə, bu ilin əvvəlindən nəzərə çarpan Azərbaycan hakimiyyətinin ritorikası bu tələblərin yerinə yetirilməsini diktə edir. O, prezident İlham Əliyevin Novruz bayramı çıxışında ölkədə ciddi siyasi islahatlar həyata keçiriləcəyini bəyan etdiyini xatırladır. Müsavat başqanı islahatlara növbədənkənar parlament seçkilərində "az-çox demokratik şərait yaratmaqla" başlamağın mümkün olduğunu bildirir.

Tələblərə gəlincə, Milli Şuranın da, Müsavatın da tələblər eynidir. "Bizim tələb etdiklərimizin hamısı 2005-ci il seçkilərində mövcud olmuş minimal imkanlardır", Əli Kərimli bildirir.

2005-ci ildə olanlar

2005-ci ildə mayında Seçki Məcəlləsinin 43 maddəsinə əlavə və dəyişiklik olunub.

Seçki komissiyaları yenidən formalaşdırılıb.

Prezident seçkilərin keçirilməsi ilə bağlı iki sərəncam imzalayıb. Bunlardan biri seçki praktikasının təkmilləşdirilməsi, ikinsisi, seçkilərin keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərə dairdir. Həmin il ilk dəfə Azərbaycanda exit-pol keçirilib, səsvermə zamanı "karusel"i önləməkdən ötrü barmağa görünməyən mürəkkəb vurulub.

Prezident sərəncamlarında deyilirdi ki, icra hakimiyyəti orqanları, məmurlar seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə və ya seçkidən sonra siyasi mənsubiyyətə görə vətəndaşları təqib edərlərsə məsuliyyətə cəlb olunacaqlar. Sərəncamlarda sərbəst toplaşmaq azadlığının təmin olunması da tapşırılırdı.

Doğrudur, 2005-ci il seçkiləri də saxtakarlıqlara, müdaxilələrə görə beynəlxalq qurumlar tərəfindən tənqid edilib. Ancaq siyasətçilər o zaman seçkinin demokratik keçirilməsi üçün minimal, ilkin şəraitin olduğunu vurğulayırlar.

AXCP və Müsavatın tələbləri

Əli Kərimli 14 il sonra yenidən seçki komissiyaları məsələsinə qayıdır. Onun sözlərinə görə, ilk növbədə seçki komissiyaları dəyişdirilməlidir: " Hazırkı komissiyalar dəfələrlə seçkilərin saxtalaşdırılmasında iştirak ediblər və onların saxtalaşdırmaları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 100-dən artıq qərarı var".

İkinci tələb deputatlığa namziədlərin qeydə alınması prosedurunun sadələşdirilməsi ilə bağlıdır. AXCP sədri xatırladır ki, əvvəllər Mərkəzi Seçki Komissiyası toplanan imzaların saxta olduğunu müəyyənləşdirdikdə belə depozit qoymaqla həm prezidentliyə, həm də deputatlığa namizədlər qeydiyyata alına bilirdilər.

"İndi yalnız imza toplamaqla deputatlığa namizədlər qeydə alınır. Onun da ağır nəticələrini biz 2010-cu ildə yaşamışıq. O zaman AXCP-Müsavat blokunun namizədlərinin 66 faizi seçkiyə buraxılmadı. Bunun təkrarlanmaması üçün Seçki Məcəlləsinə dəyişiklik olunmasını tələb edirik".

Arif Hacılı tələblər siyahısını bu şəkildə davam etdirir: "Əsas tələblər söz və ifadə, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, bərabərhüquqlu siyasi rəqabət şəraitinin yaradılması, seçki komissiyalarının formalaşmasında iddiaçı tərəflərin də iştirakının təmin edilməsi ilə bağlıdır. Eləcə də seçki kampaniyasının müddəti uzadılmalıdır, həmin dövrdə ictimai diskusiyaların, televiziyalarda debatların təşkili də partiyanın tələbləri sırasındadır".

Müsavat başqanı "bu tələblər qəbul olunarsa seçkilərdə hökmən iştirak edəcəyik" söyləyir. Ancaq təkliflər qəbul edilməsə və ya qismən yerinə yetirilsə o zaman partiya atacağı addımlarla bağlı son qərarını bu həftə ərzində verəcək.

Bununla belə, Arif Hacılı boykot qərarının verilmədiyini, indilik müzakirələr aparılığını bildirir. O, son illər boykot qərarının məcburiyyətdən verildiyini də vurğulayır.

ReAL hər bir halda seçkilərə qatılacaq

ReAL isə istənilən halda seçkilərə qatılacağını ilk gündən bəyan edib. BBC News Azərbaycancaya danışan İlqar Məmmədov deyir ki, seçki iştirak etməkdən ötrüdür.

"Heç kim ideal şərait yaradaraq deməyəcək ki, gəl seçkini ud. Azərbaycan siyasətində seçkiyə prosedur yanaşmasına son qoyulmalıdır. Seçkiyə siyasi yanaşma göstərilməlidir. 26 ildir Azərbaycan müxalifəti seçkiyə prosedur münasibəti göstərir. Biz siyasi münasibət göstəririk və bu halda uğur qazanmaq şansı daha yüksəkdir".

İlqar Məmmədovun sözlərinə görə, aparılan araşdırmalar sübut edir ki, bütün dünyada boykotların 96 faizi hakimiyyətə xidmət edir.

"Əgər bu şəraitdə seçkiləri qazanacaqlarını düşünürlərsə buyurub qazansınlar", AXCP sədri Əli Kərimli ReAL sədrinin tənqidlərinə cavab olaraq deyir. Ancaq sual edir: "Prosedur yanaşma nə deməkdir? 2005-ci il seçkilərində bizim etdiklərimiz göz qabağındadır. 2010-cu ildə də bütün mərhələləri keçmişdik, 100-ə qədər şikayət Avropa İnsan Hüquqları Məhkəməsində bizim - AXCP ilə Müsavatın xeyrinə həll olunub".

Doğrudur, ReAL-ın da hakimiyyət qarşısında şərti var. Başlıca şərt parlament seçkilərinə beynəlxalq müşahidəçilərin dəvət edilməsidir. Bundan başqa, İlqar Məmmədov seçkilərə qədər proporsional sistemin bərpası, vitse-prezident vəzifələrinin ləğvi, prezidentin səlahiyyət müddətinin 5 ilə endirilməsi və s. ilə bağlı referendumun keçirilməsini daha məqbul sayır. Onun fikrincə, bu addım seçkilərə etimadı artırmış olardı.

"Ən vacib tələblərimizdən biri dekabrda siyasi məhbusların ənənəvi əfv sərəncamı ilə buraxılmasıdır".

Real sədri hesab edir ki, bu tələblər yerinə yetirilməyəcəyi halda bunun siyasi məsuliyyətini hakimiyyət seçkilər zamanı daşımalı olacaq.

Dekabrın 3-də bir sıra müxalifət partiyaları, ekspertlər bir araya gələrək növbədənkənar parlament seçkilərini müzakirə edəcəklər.