Müxalifət seçki saxtakarlığına qarşı birgə mübarizəyə qalxır

Baxış sayı:
2164

Siyasi partiyalar mübarizənin qeyri-standart yolları üzərində düşünür
 
Sərdar Cəlaloğlu: “Artıq seçki yolu ilə Azərbaycanda heç bir dəyişikliyə nail olmaq olmaz”
 
Elşad Musayev: “Konstitusiya Məhkəməsi də öz mənfi rolu ilə tarixə düşdü”
 
Əli Əliyev: “Qeyri-legitim prinsiplərlə formalaşdırılmış yeni tərkib ictimai müqavimətlə üzləşməlidir”
 
İqbal Ağazadə: “Azərbaycan demokratikləşənə qədər mübarizə davam edəcək”

9 fevral növbədənkənar parlament seçkilərinin saxta keçirildiyini sübut edən yüzlərlə video mətbuatda və sosial şəbəkələrdə yayılsa da, Konstitusiya Məhkəməsi bu saxta seçkilərin nəticələrini tanıdı. Bununla da Konstitusiya Məhkəməsinin müstəqil qərar qəbul etmək iqtidarında olmadığı bir daha aydın oldu. Maraqlıdır ki, Konstitusiya Məhkəməsinin bu addımından sonra seçkilərdə iştirak etmiş və saxtakarlığa məruz qalmış müxalifət liderləri hansı addımları atacaq?

“Konstitusiya Məhkəməsinin seçkilərin ümumi nəticəsini tanıması formal bir qərardır”

“Hürriyyət”in sualına cavab olaraq  Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, namizədliyini verdiyi dairə üzrə məhkəmə prosesləri gedir: “Yerli məhkəmə instansiyaları qurtarandan sonra Avropa Məhkəməsinə müraciət olunacaq. Konstitusiya Məhkəməsinin seçkilərin ümumi nəticəsini tanıması formal bir qərardır. O, ayrı-ayrı məsələləri araşdırmır, işlərin xüsusiyyətinə baxmır, MSK-nın göndərdiyi qərar əsasında baxır. Bizim Konstitusiya Məhkəməsinə müraciət etmək hüququmuz yoxdur. Bu baxımdan, bu məsələləri biz məhkəmələdə fərdi qaydada həll etməliyik. Yəni Konstitusiya Məhkəməsinin nəyisə təsdiq etməsi bizim bundan sonrakı işimizə bir aidiyyatı yoxdur”.

“Qeyri-standart yollar axtarıb tapmalıyıq”

Cəlaloğlu hesab edir ki, son Avropa Məhkəməsi seçkilərin saxtakarlığını sübut edəcək: “Ümumiyyətlə, Avropa Məhkəməsinin qərarları ölkədəki parlament, seçki sistemi haqqında müvafiq təssürat da yaradır. Bu, həm də o baxımdan çox vacibdir ki, bu qüsurların aradan qaldırılması ilə bağlı Avropa Şurası tərəfindən hökumətə tövsiyyələr olunur. Amma ümumi şəkildə bunlar nə saxta parlamentin fəaliyyətinə mane olacaq, nə də onlar öz bildiklərini edəcəklər. Biz də çalışmalıyıq artıq öz yolumuzla gedək. Çünki artıq seçki yolu ilə Azərbaycanda heç bir dəyişikliyə nail olmaq olmaz. Ona görə də qeyri-standart yollar axtarıb tapmalıyıq. Ölkədə indiki böhrandan çıxmaq, ölkədəki ictimai-siyasi münasibətləri yeni müstəviyə çıxartmaq üçün tamamilə orjinal üsul və metodlar seçməliyik. İndiyə qədər apardığımız mübarizə üsulları demək olar ki, heç bir nəticə vermir”.

“Ən ciddi ideya xalq parlamentidir”

S. Cəlaloğlunun sözlərinə görə, hələlik gündəmdə olan ən ciddi ideya xalq parlamentidir: “Rəmzi parlament yaratmaq və bu parlament seçkilərində namizəd kimi iştirak edib və haqqının pozulduğunu qəbul edən, yəni seçkinin nəticəsini tanımayan namizədlərin iştirakı ilə bir xalq parlamenti yaradaq və parlamentin fəaliyyətinə uyğun bir fəaliyyət quraq. Əvvala, burada məqsədimiz odur ki, namizədlərdə parlamentari təcrübəsi toplansın. İkincisi, qanunvericilik təşəbbüsü ilə xalqın mənafeyinə uyğun qanun layihələri hazırlansın. Üçüncüsü, Azərbaycan bu qeyri-qanuni parlamentin paralel məntiqlə ifşa olunmasına nail olacaq. Çoxlu niyyətlər, məqsədlər var. Əgər həyata keçirilsə, yaxşı olar”.

“Əgər işi düzgün qura bilsək...” 

“Xalq parlamenti effekt verəcəkmi” sualına S. Cəlaloğlu belə cavab verdi: “Elə ideyanın özü effektlidir. Çünki bütün dünya görür ki, Azərbaycanda xalq qanuni seçki yolu ilə parlament formalaşdıra bilmir. Ona görə də xalq özü özünə parlament yaradıb. Bunun özü də Azərbaycan parlamentinin fəaliyyətinə ictimai nəzarətin bir forması olacaq. Çünki Jirinovski demişdi ki, “biz demişdik ki, Azərbaycanın müstəqilliyini istəyən və Rusiyanın əleyhinə olan, demokratik, Qərbyönümlü  qüvvələr parlamentə buraxılmasın”. Bu, o deməkdir ki, Azərbaycan parlamenti həm qeyri-Qərbyönümlü insanlardan, həm də anti-demokratik, Azərbaycanın istiqlaliyyətinin əleyhinə olan adamlardan təşkil olunub. Bu baxımdan, bu qüvvələrdən fərqli o, Avropaya inteqrasiya tərəfdarı olan və Rusiya ilə Azərbaycan əlaqələrini qarşılıqlı, faydalı əsasda qurulmasını istəyən insanların iradəsini ifadə edən bir təşkilati strukturdur. Çox da vacib olacaq. Əgər işi düzgün qura bilsək,  bu, Azərbaycan siyasi həyatında çox ciddi demokratik bir mübarizə üsulu olacaq”.

“Konstitusiya Məhkəməsi faktiki Prezident Aparatının əlində notariusdan başqa bir şey deyil”

Картинки по запросу "Elşad Musayev"

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə təəssüflə qeyd etdi ki, Azərbaycanda keçirilən son parlament seçkilərində faktiki hakimiyyətin mənimsənilməsi baş verdi: “Total saxtakarlıq şəraitində keçirilən seçkilərdə Konstitusiya Məhkəməsi də öz mənfi rolu ilə tarixə düşdü. Dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası saxta seçkiləri tanıdı və Konstitusiya Məhkəməsi bunu təsdiq etdi. Əslinə baxsan, namizədlərin qəbulu məsələsində də prosedur pozuntusu var idi. Konstitusiya Məhkəməsi onu pozaraq seçkilərin başlanmasına ilkin rəvac verəndə hiss olunurdu ki, Konstitusiya Məhkəməsi faktiki Prezident Aparatının əlində notariusdan başqa bir şey deyil”.

“Konstitusiya Məhkəməsi saxta seçkilərin nəticəsini tanıdı”

 “O ki qaldı indən belə hansı işlər görülməlidir, ilk növbədə hüquqi prosedurlar var, bu hüquqi proseduralar davam etdirilməlidir. Təəssüflə olsun ki, bəzi seçki dairələrində namizədlərin şikayətlərinə heç baxılıb, qurtarmayıb. Butün bunlara baxmayaraq, Konstitusiya Məhkəməsi saxta seçkilərin nəticəsini tanıdı. Bu hüquqi prosedurlar aşağıdan yuxarıya məhkəmələr vasitəsilə həyata keçiriləndən sonra bir qisim adam var ki, onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər. Hesab edirəm ki, seçki saxtakarlığında iştirak etmiş insanlara, seçki komissiyalarının üzvlərinə qarşı da hüquqi  prosedur həyata keçirilməlidir. Bu, prosesin hüquqi tərəfidir”,- deyə partiya sədri əlavə etdi.

“Biz o saxta seçkilərin nəticələri ilə barışmırıq”

E. Musayev prosesin siyasi tərəfinə gəlincə, müxtəlif etiraz formaları nəzərdə tutulduğunu dedi:“Bildiyimiz kimi, 200-dən çox namizəd bu seçkilərin nəticəsini tanımaması barədə sənədə imza atıb və yeni seçkilərin keçirilməsini tələb edir. Bu, Azərbaycan tarixində bir ilk idi, birdən-birə bu qədər namizəd seçkilərin nəticəsini tanımır. Müxtəlif formada etiraz formaları nəzərdə tutulur. Biz istəyirik ki, rəmzi də olsa, xalq parlamenti ideyasını reallaşdıraq. Bununla bağlı da işlər gedir və ayın 8-də ADP-nin qərargahında xalq parlamentinin yaradılması istiqamətində addımlar atmaq nəzərdə tutulur. Bu da etirazın bir formasıdır. Bunlar hamısı etirazın formalarıdır. Bütün dünya da, Azərbaycan ictimaiyyəti də görür ki, biz o saxta seçkilərin nəticələri ilə barışmırıq. Ona görə də bu saxta seçkilərin Azərbaycan xalqına heç bir xeyir verməyəcəyini növbəti 5 ildə davamı olaraq etiraz formasında bildirmək lazımdır. Davamlı olaraq bu seçkilərin saxta keçirildiyini, bu adamların parlamentdə işləyəcək qabiliyyətdə olmadığını, eyni zamanda Azərbaycan hakimiyyətinin hakimiyyətin qanunverici qolunu saxta seçkilər yolu ilə mənimsədiyini hər gün gündəmdə saxlamaq lazımdır. Şarl De Qol deyirdi ki, bir məsələni həll edə bilmirsənsə, heç olmasa onu gündəmdə saxlamağı bacarmaq lazımdır. Biz də ilk növbədə bunu gündəmdə saxlayırıq. Nəzərinzə çatdırım ki, Azərbaycan xalqı bu seçkilər müddətində öz etirazını bildirdi. Hakimiyyətin namizədlərini faktiki ərazilərdən qovdu. Xalq parlamentinin yaradılması xalqımıza mənəvi cəhətdən bir dəstəkdir”.

“Rəmzi parlament formalaşdırmaq fikrimiz var”

Картинки по запросу "Əli Əliyev"

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də fikirlərini bölüşdü: “Biz belə hesab edirik ki,  hüquq müstəvisində mübarizə davam etməlidir. Qeyri-legitim prinsiplərlə formalaşdırılmış yeni tərkib ictimai müqavimətlə üzləşməlidir. Biz bazar günü saat 12-də ADP-nin qərargahında haqları tapdalanmış namizədlərlə görüş keçiririk və həmin görüşdə müzakirə olunacaq məsələlər sırasında bizim növbəti mərhələdə atacağımız addımlar da müzakirə olacaq. Müxtəlif ideyalar, təkliflər var. Bu təkliflər içərisində  maraqlı təkliflərdən biri rəmzi parlamentin formalaşdırılmasıdır. Yəni hakimiyyətin nümayəndələrinin etdiklərinə cavab olaraq real, legitim namizədlərin, yəni 500 imza toplayıb seçkidə qeydiyyata alınmış və seçkinin gedişatında bir sıra hallarda rəsmiləşdirilmiş namizədlərdən çox səs toplamış namizədlərin də iştirakı ilə rəmzi parlament formalaşdırmaq fikrimiz var. Amma ümumi yığıncaq hansı nəticəyə gələcək, hansı qərarları qəbul edəcək, o barədə bir söz söyləyə bilmirəm”.

“Belə ola bilməz, bunun bir dayandırma nöqtəsi olmalıdır”

Ə. Əliyev hesab edir ki, ictimai nöqteyi-nəzərdən onların müqaviməti olmalıdır: “Çünki bizim seçicilər qarşısında öhdəliyimiz var. Bizim siyasi məsələrlə bağlı planlarımız var və belə ola bilməz ki, hər dəfə hakimiyyət  hakimiyyət qollarını, dövlət institutlarını mənimsəsin, bir sıra hallarda qəsb etsin, sonra polis, məhkəmələr, seçki komissiyaları vasitəsilə bizi susdursun və öz hakimiyyətini davam etdirsin. Belə ola bilməz, bunun bir dayandırma nöqtəsi olmalıdır. Dayandırma nöqtəsi də ki, indi bizim qanunsuz mübarizə aparmaq niyyətimiz yoxdur, bu niyyətdən çox uzağıq və istədiyimiz ondan ibarətdir ki, qanunların bizə imkan verdiyi şərait şərtləri daxilində mübarizəmiz aparaq və bu mübarizə də ictimai-siyasi mahiyyət kəsb edə bilər. Qanunların imkan verdiyi şərtlər daxilində biz mübarizəmizi davam etdirmək niyyətindəyik”.

 “Mübarizə dayanmayacaq”

Картинки по запросу "İqbal Ağazadə"

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, mübarizələr məhkəmə-hüquq müstəvisində davam edir: “Bildiyimə görə, namizədlərin əksəriyyəti bu müstəvidə mübarizələrini davam etdirirlər. Siyasi müstəvidə isə məsləhətləşmələr gedir. Qurum, müxtəlif birliklər yaratmağı təklif edənlər var. Hər bir halda dəyərləndirmələr gedir. Bazar günü də bu istiqamətdə görüşmələr olacaq. Görək, nəticələr nə olacaq. Ən pisi hər hansı bir addımın atılmamasıdır. Ən yaxşısı isə addım atılmaqdır. Addım atılandan sonra daha effektli yolları seçmək üçün kifayət qədər məsləhətləşmələr, yeni ideyalar olacaq. Əvvəlcədən Nostradamusluq etməyək, alınacaqsa, alınacaq. Alınmayacaqsa, fərqli yolları düşünəcəyik, mübarizə dayanmayacaq. Azərbaycan demokratikləşənə qədər mübarizə davam edəcək”.

Şamo EMİN,
Hurriyyet.org