Müxalifət liderləri “Turan”a basqılara etiraz etdi – “MEHMAN ƏLİYEV MÜDAFİƏ OLUNMALIDIR”

İsa Qəmbər: ““Turan” İnformasiya Agentliyi hər zaman haqqın, ədalətin yanında olub”

Mirmahmud Mirəlioğlu: “Vergilər Nazirlyinin özünə cinayət işi qaldırılmalıdır”

Əli Əliyev: “Bu, seçki ili öncəsi müstəqil mətbuatın fəaliyyətinə əngəl yaratmaqdır”

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açılması ölkədə ciddi narazılığa səbəb olub. Bu fakt azad mətbuata, azad sözə qarşı bir addım kimi dəyərləndirilir.
“Turan”ın rəhbəri Mehman Əliyev də agentliyə qarşı irəli sürülən 37 min manatlıq iddianın yalan, böhtan olduğunu, ortada heç bir faktın olmadığını deyir. O, eyni zamanda bu məsələnin siyasi sifarişlə həyata keçrilidiyini deyir və hesab edir ki, burada məqsəd agentliyi bağlamaqdır.
Sözsüz ki, hakimiyyətin həmişə haqqın yanında olan “Turan” İnformasiya Agetnliyini bağlamaq cəhdləri ölkə mediası üçün aşkar təzyiq vasitəsidir. Hansı ki, azad sözə hər şeydən daha çox ehtiyacımız var. Azad söz, mətbuat olmayan ölkədə azad düşüncə də heç vaxt olmayacaq. Azad düşüncənin olmaması isə bir millət, xalq olaraq formalaşmağımza imkan verməyəcək. Necə ki, bu gün bu fəsadları yaşayırıq...

“Azad media strukturunun 5-10 minlik dövriyyəsindən vergi ödəməməsini iddia etmək sadəcə biabırçılıqdır”

Vergilər Nazirliyinin “Turan” İnformasiya Agentliyinə haqsız olaraq 37 min manat cərimə kəsməsinə münasibətini ifadə edən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Hurriyyət”ə bildirdi ki, bu məsələni hakimiyyətin azad mətbuata, azad sözə qarşı apardığı müharibənin növbəti mərhələsi hesab edir: “Onsuz da ölkədə çox az sayda müstəqil media strukturları qalıb, bunlardan biri də “Turan” İnformasiya Agentliyidir. Mətbuata bu cür təzyiqlərin olduğu ağır şəraitdə, reklam bazarının olmadığı bir vəziyyətdə bütün çətinliklərə baş əyməyib, müstəqilliyini düzgün xətt üzrə davam etdirən bir media orqanına qarşı vergi uydurmaları ilə hakimiyyət hücum edir. Ölkədə hakimiyyətin özünün bilavasitə bulaşdığı çoxmilyardlıq korrupsiya əməlləri, müxtəlif qanun pozuntuları hər kəsə bəlli olduğu, hakimiyyətə bağlı bir çox böyük şirkətlər vergi ödəmədiyi bir şəraitidə azad media stukturunun 5-10 minlik dövriyyəsindən vergi ödəməməsini iddia etmək sadəcə biabırçılıqdır”.

“Demokratik ictimaiyyət Mehman Əliyevi və “Turan” İnformasiya Agentliyini tam şəkildə müdafiə etməlidir”

İ.Qəmbər onu da vurğuladı ki, Mehman Əliyev başda olmaqla, “Turan” İnformasiya Agentliyi hər zaman haqqın, ədalətin yanında olub: “Təbii ki, bu gün də demokratik ictimaiyyət Mehman Əliyevi və “Turan” İnformasiya Agentliyini tam şəkildə müdafiə etməldir”.

“Azərbaycan hakimiyyəti yenə də köhnə metodlarını işə salır”

Klassik Xalq Cəbhəsi Partiyasının ( KXCP) sədri Mirmahmud Mirəlioğlu da Vergilər Nazirliyinin “Turan” İnformasiya Agentliyi ilə bağlı vergi ittihamını pislədi: “Təəsüflənirəm ki, Azərbaycan hakimiyyəti yenə də köhnə metodlarını işə salır. Həm də ayıb olur ki, Azərbaycanda çox populyar, özünü təsdiq etmiş, Qafqazın ilk informasiya agentliyi olan “Turan” İnformasiya Agentliyinə qarşı bu köhnə metodlardan istifadə olunur. Bildiyim qədər, bu, siyasi sifarişdir, başqa bir şey deyil. Məncə, bütün məsələlər hökumətin, Vergilər Nazirliyinin dediyi kimidirsə, onda Vergilər Nazirlyinin özünə bu astagəlliyinə, məsələni indiyə qədər yoxlamadığına, yubadaraq gec münasibət bildirdiyinə görə cinayət işi qaldırılmalıdır”.

““Azərtac”ın özü belə dövlət təminatında olsa da “Turan” qədər Azərbaycanı təmsil edə bimirdi”

“Bu, siyasi sifarişdir. Təbii ki, bu da Azərbaycana baş ucalğı gətirmir. “Turan” İnformasiya Agentliyi təkcə Azərbaycan, Qafqaz üçün deyil, hətta Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik korpuslarla, beynəlxalq təşkilatlarla əlaqəsi olan, informasiya mübadiləsi edən və onları informasiya ilə bir neçə dildə təmin edən bir agentlikdir. Belə çıxır ki, Azərbaycan hakimiyyəti özü, hətta Azərbaycanın rəsmi saytları və mətbu orqanları, o cümlədən, “Azərtac” İnformasiya Agentliyinin özü belə dövlət təminatında olsa da, (qədimliyinə görə “Azərtac”ın müstəsna xidməti var, Azərbaycan Xalq Cümhuriyyəti zamanından qalıb), “Turan” İnformasiya agentliyi qədər Azərbaycanı təmsil edə bimirdi. Bu, təəssüfləndiricidir. Həm də rəqiblərə qarşı bir mübarizədir. Daxildə informasiya mübarizəsi aparılır. Bu, doğru deyil. Çox təəssüf ki, bu, doğru olmayanlar Azərbaycanda var”, - dedi KXCP sədri.

““MTN işi” birbaşa göstərdi ki, Azərbaycan dövlət təhlükəsizilyi ciddi təhdid altındadır”

M.Mirəlioğlu vurğuladı ki, hakimiyyətin özünün içində Azərbaycanda bir xaos yaratamaq niyyəti var: “Bu, açıq şəkildə görünür. Bunu istəyənlər var. Nə üçün? Ona görə ki, Azərbaycan hakimiyyətində bir neçə cəhətə - Güneyə, Quzeyə, Gündoğana, Günbatana xidmət göstərən qruplar var. Əvvəl bunları pərdə altında gizlətmək mümkün idi. Guya ki, Azərbaycan hakimiyyəti balanslaşdırılmış siyasət aparırdı. Bunu tənzimləmək mümkün idi, hər kəs öz işini görürdü. Amma indi daha açıq görünür ki, bu məsələlər var. Bunu heç gizlətmirlər də. Filan struktur filan yerə bağlıdır, filan strukturda filan məsələr var. Məsələn, son “MTN işi” birbaşa göstərdi ki, bütün məsələlərdə Azərbaycan dövlət təhlükəsizliyi ciddi təhdid altındadır və bunu da hər gün gedən məhkəmə prosesi isbatlamaqdadır. Buna baxmayaraq, bu gün qəribə bir şey eşitdim. Deyirlər ki, MTN şefinin oğlu məşhur bir firma ilə müqavilə imzalayıb, törən keçirdir. Bu da sizin dediklərinizin təsdiqidir. Yəni ölkə başçısı ölkədə deyilsə, hansısa bir əl də ölkəni bütövlükdə qarışdırmaq istəyirsə, burada nə var k?! Elə hər kəsi Azərbaycana qarşı kökləmək lazımdır, daxildə bəlli, xaricdən də hər kəs Azərbaycan əleyhinə olmalıdır. Bu siyasət buna hesablanıb”.

“Bu, nəzarətdə olmayan mətbuta psixolji təzyiq vasitəsdir”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirdi ki, bu, nəzarətdə olmayan mətbuta psixoloji təzyiq vasitəsidir: “Sonrası hara qədər gedəcək, proqnoz etmək istəmirəm. Ancaq hər halda “Turan” İnformasiya Agentliyi ölkə mətuatının kurasiyasında daha çox müstəqilliyini qoruyub saxlamış bir qurum kimi assosiasiya olunur. O baxımdan, bu, seçki ili öncəsi müstəqil mətbuatın fəaliyyətində əngəl yaratmaq kimi qiymətləndirilməlidir”.
 
“Belə məsələr bir qayda olaraq siyasi mahiyyətdə olur”

VİP sədrinin fikrincə, “Turan”a qarşı basqıların arxasında siyasi qərar dayanır: “Belə məsələlər bir qayda olaraq siyasi mahiyyətdə olur. “Turan” İnformasiya Agentliyi Azərbaycanda fəaliyyət göstərən beynəlxalq korpusun istər iqtisadi sferadan, istərsə də siyasi mühitdən məlumatı olan bəlkə də ən önəmli, etimadlı mətbuat vasitəsidir. Ona görə də, burada şəxsi motivi düşünmürəm. Daha çox siyasi motivli bir addıma bənzəyir”.

“Ölkə başçısının məlumatsız saxlanılması kimi bir hal baş verə bilməz”

“Prezidentin ölkədə olmadığı bir bir vəziyyətdə bu yoxlamaların aparılması təsadüfdürmü? Burada məqsəd Qərblə Azərbycan arasında əlaqələrə zərbə vurmaq ola bilərmi?
Ə. Əliyev bu suallara cavab olaraq qeyd etdi ki, ehtimal olunan versiyaların hər birinin yaşama haqqı var: “Çünki istənilən versiyanı təftiş etməyə əsasımız yoxdur. Əsas olmadığı halda, bütün versiyaların, o cümlədən siz deyən versiyanın da yaşama haqqı var. Ancaq hesab edirəm ki, bu sayaq qərarlar qəbul olunan zaman ölkə başçısının məlumatsız saxlanılması kimi bir hal baş verə bilməz”.
Şamo EMİN