Müxalifət liderinin sığındığı evə od vurmaq çağırışları - “YANDIRIN O EVİ, YANDIRIN...”

Baxış sayı:
9016

Türkiyədə ana müxalifət lideri Kamal Kılıcdaroğlunun dünən Ankaranın Akkuzulu məhəlləsində şəhid əsgərin dəfn mərasimi zamanı məruz qaldığı hücum ölkədə siyasi qütbləşmənin ifrat həddə olmasının göstəricisi kimi qiymətləndirilir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan hələlik hadisə ilə bağlı mövqeyini bildirməyib və Kılıcdaroğluna “keçmiş olsun” mesajlarını çatdırmayıb.

Müdafiə naziri Hulusi Akar isə dünənki qarşıdurma zamanı dəfn mərasimində iştirak edirdi və o, Kılıcdaroğluna hücum edən kütləyə meqafonla müraciət edərək sakitliyə çağırıb. Amma müdafiə naziri “gərəkli mesajlarınızı verdiniz” ifadəsini işlədib və bu da birməanlı qarşılanmır.

CHP isə hadisəni etiraz yox, sui-qəsd və linç cəhdi kimi qiymətləndirilir. Kılıcdaroğlunun mühafizəçiləri onu birtəhər kütlənin əlindən alıb kənd evlərindən birinə yerləşdirib. Lakin kütlə həmin evə də hücum edib, toplaşanların arasından bir qadın evi yandırmağa çağırıb. “Yandırın o evi, yandırın”-həmin qadın dəfələrlə bağırır. Həmin qadının kimliyi məlum deyil, sosial şəbəkələrdə qadının çağırışını və Kılıcdaroğluna hücumu radikal dindarlardan ibarət kütlənin törətdiyi Madımak qətliamını xatırlatdığı haqda yazırlar. 1993-cü ildə Sivas bölgəsində Pir Sultan Abdal şənliklərinə qatılmaq üçün gedən ziyalıların, şairlərin, sənətçilərin qaldığı Madımak otelinə hücum edərək od vurmşdu. Bu zaman 33 nəfər yanaraq ölmüşdü.

 AKP-nin müttəfiqi MHP-nin başqanı Devlət Baxçalı isə dünənki çıxışında Kılıcdaroğluna hücumu qınasa da onun həmin kəndə getməsini də qınayıb. Baxçalı deyib ki, CHP və müttəfiqi İYİ partiya həmin kənddə 31 mart seçkilərində 10 faizdən də az səs alıb. “9.78 faiz səs aldığın yerdə nə işin vardı?”-Baxçalı deyib.

Hadisənin baş verdiyi kəndin muxtarı bildirir ki, Kılıcdaroğlunu vuranlardan biri həmin kəndin sakinidir, əkinçiliklə məşğul olur, amma qalanlarını tanımır. Çünki bu kənddən deyildilər. Hazırda polis və jandarma CHP liderini vuranları axtarır.