Müxalifət korrupsiyaya qarşı mübarizədə iqtidara dəstək verəcək?

Baxış sayı:
1874

Elşad Musayev: “Əgər Əli Hüseynli bu fikri işlədirsə, bu, təsadüfi deyil”

Natiq Cəfərli: “Düşünmürəm ki, bu, hörmətli vitse-spikerin öz təşəbbüsüdür”

Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yenidən formalaşdırılmasından danışıb.

Əli Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası hakimiyyətin 3 qolunun nümayəndələrindən ibarətdir: “İcra hakimiyyəti, məhkəmə və qanunverici orqan”.

Əli Hüseynli birinci vitse-spiker seçildi - DOSYE - modern.az

Onun sözlərinə görə, Komissiyada parlamenti 5 nəfər təmsil edir: “Bilirəm ki, yenidən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası formalaşdırılır. Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb orada həm də digər siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiyanın rəhbəri Ramiz Mehdiyevdir.

“Çox güman ki, Komissiyanın tərkibi də, sədri də dəyişəcək”

Elşad Musayev: Tofiq Yaqublunun həbsini həddən artıq şişirib ...

Milli Məclis Sədrinin I müavini Əli Hüseynlinin “Komissiyada siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı” fikirləri ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Hürriyyət”ə deyib ki, əgər Əli Hüseynli bu fikri işlədirsə, bu, təsadüfi deyil: “Çox güman ki, Komissiyanın tərkibi də, sədri də dəyişəcək. Əgər belə bir hal olsa, bu, müxalifətə çox ciddi jest kimi qəbul olunmalıdır. Çünki biz indiyə qədər deyirdik ki, korrupsiyaya qarşı mübarizə yoxdur, ölkədə korrupsiya, rüşvət var, hakimiyyət də deyirdi ki, ölkədə korrupsiya, rüşvət yoxdur. İndi artıq ölkənin başçısı səviyyəsində korrupsiyanın olduğu etiraf olunur. Biz də deyirik ki, əgər ölkədə korrupsiya etiraf olunursa, korrupsiyaya qarşı mübarizə varsa da, buna bir ictimai nəzarət olmalıdır. İctimai nəzarətdə də təbii ki, müxalifyönlü siyasi təşkilatlar iştirak etməlidir. Mən bu addımı təqdir edirəm və hesab edirəm ki, əgər doğrudan bu istiqamətdə addımlar atılacaqsa, iqtidar-müxalifət gəlişmələrində çox ciddi irəliləyişlər olacaq”.

 “İndiyə qədər hakimiyyətin içində milli demokratik qüvvələrin əleyhinə olan güclü bir qüvvə olub”

“Hakimiyyət niyə indiyə kimi Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi təşkilatların nümayəndələrinin iştirakını əhəmiyyətli hesab etməyib” sualına E. Musayev belə savab verib: “Onu demək çətindir. İndiyə qədər hakimiyyətin içində islahatların, o yeniliyin, milli demokratik qüvvələrin əleyhinə olan güclü bir qüvvə olub. Bunlar arxasını Rusiyaya çevirmiş qüvvələrdir. Bunlar “şahin” qüvvələr hesab olunur. Bunlar da heç vaxt sərt inzibati amirlik metodundan başqa metodu qəbul etməyiblər, bilmirlər. Yəni bunların bildiyi, eşitdiyi sərt inzibati amirlik metodudur və bundan istifadə ediblər. Ona görə də siyasi təşkilatları yaxın buraxmayıblar. Amma indi dövr elədir ki, müəyyən dəyişimə ehtiyac var. Çünki idarəetmə artıq dirəşir, yəni tarixin təkəri dayanır. Bunu da geri fırlatmaq mümkün deyil, irəli getmək lazımdır. İrəli getmək üçün də təbii ki, çoxpartiyalı sistemin tələb etdiyi şərtlər daxilində hərəkət etmək lazımdır və bu istiqamətdə addımlar təqdir olunmalıdır”.

“Hakimiyyət addım-addım əvvəlki sərt davranışından geri çəkilməlidir”

E.Musayevin fikrincə, hakimiyyət nümayəndəsi tərəfindən bu fikir səslənirsə, bunun özü müsbət addımdır: “Təbii ki, avtoritarizimdən demokratiyaya keçidin yolları var və biz mərhələli keçidin tərəfdarıyıq. Çünki reallıq bunu tələb edir və addım-addım biz irəli getməliyik. Hakimiyyət də addım-addım əvvəlki sərt davranışından geri çəkilməlidir”.

“Komissiyanın çox yayğın yazılmış əsasnaməsi var”

Natiq Cəfərli Azər Qasımlının ittihamlarına cavab verib: "Onun ...

Milli Məclis Sədrinin I müavininin fikirlərinə münasibətini ifadə edən REAL Partiyasının icra katibi Natiq Cəfərli isə deyib ki, əslində, təmsilçilik məsələsi həll olunmamışdan öncə, bu komissiyanın strukturu, əsasnaməsi və səlahiyyətlərinə yenidən baxmağa ehtiyac var: “Çünki bizdə Azərbaycan hökumətinin çox yanlış bir təsəvvürü var ki, hər şeyi insanlar həll edir. Yəni insan, kadr faktorunu önə çəkir. Təbii ki, insanlar da, kadrlar da vacibdir, amma əsas vacib olan oyun qaydalarıdır. Yəni hansı çərçivələrdə fəaliyyət göstərməkdir. Əgər Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yenidən təşkil olunacaqsa, həmin Komissiyanın səlahiyyəti və hüdüdları dəqiqləşdiriləcəksə, bundan sonra, bu əsasnamə ətrafında müxalif partiyaların da orada iştirak etməsi heç də pis olmazdı. Əslində, müzakirələrin keyfiyyətini, problemlərin dərinliyini ölçməyə imkan yaradardı. Amma yenə təkrar edirəm, bu, tək kadrlarla olmur. Bu günə qədər Azərbaycanda çox nadir insanlar tapıla bilər ki, bu Komissiyanın səlahiyyətlərinin nədən ibarət olduğunu dəqiq bilsin. Çox yayğın yazılmış əsasnaməsi var. Bu Komissiyanın əsasnaməsi yenidən gözdən keçirildikdən, onun idarəetmə forması kollegial hala salındıqdan sonra digər müxalif partiyaların da təmsil olunması mümkündür və bu da işin kefiyyətini yüksəltəməyə, ümumilikdə sistemli şəkildə problemlərin üzərinə getməyə imkan yaradar. Söhbət bizim partiyadan gedirsə, biz dəfərələ məsələlərə sistemli yanaşmanın tərəfdarı olduğumuzu bəyan etmişik. Yəni vəziyyətə görə yox, sistemli şəkildə məsələlər təsbit olunmalı, nəticələrin yox, səbəblərin üzərinə gedilməlidir. Bu zaman bəli, həmin Komissiyanın işinin də effekti arta bilər”.

 “Korrupsiya nəticədir, onu doğuran səbəblər aradan qalxmasa..”

N. Cəfərlinin sözlərinə görə, hakimiyyətin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasında siyas təşkilatların təmsil olunmasını istəməsində son hadisələrin, həbs dalğalarının rolu var: “İcra başçılarının, müvavinlərinin, nazirliklərdə olan yoxlamaların bundan sonra da dalğa-dalğa şahidi olacağıq. Yəqin ki, bu məsələnin qalxmasının bir səbəbi var. Əgər bu məsələnin doğrudan da üzərinə sistemli şəkildə gediləcəksə, müxalifətin də deyiləcək sözü, ediləcək təklifləri var. Yəni sistemli şəkildə bu məsələlərin həlli ilə bağlı aydın təsəvvürlərimiz və təkliflərimiz ola bilər. Biz həmişə demişik ki, nəticələri kənara qoyaq, nəticələr öz yerində, amma səbəblərin aradan qaldırılması üzrə məşğul olmaq lazımdır. Korrupsiya nəticədir, onu doğuran səbəblər aradan qalxmasa, kadr dəyişiklikləri ilə bunu həll etmək mümkün deyil.  O səbəblərin aradan qadırılması yollarından biri də struktur, sistemli şəkildə qanunvericilik, hətta Konstitusiya dəyişiklikləridir. Yəni idarəetmənin formasının və məğzinin dəyişdirilməsinə də lüzum var. Çünki icra hakimiyyəti strukturları regionlarda özünü doğrultmur. Onun ləğv üçün mən bildiyim qədər Konstitusiya dəyişikliklərinə də ehtiyac var. Çünki həmin qurumların Konstitusiyada adı keçir. Amma belə sistemli dəyişikliklər üçün hökumətin təklifləri və yaxud istəyi, arzusu olarsa, biz tərəfdən də kifayət qədər düşünülmüş və illərdir müzakirə edilmiş təkliflər var ki, bununla çıxış edə bilərik”.

 “Biz məsuliyyətdən heç vaxt qaçmırıq, amma bu, həm də səlahiyyət məsələsi olmalıdır”

Cəfərli düşünmür ki, siyasi partiyaların Komissiyada təmsilçilik məsələsi hörmətli vitse-spikerin öz təşəbbüsüdür: “Belə bir təşəbbüslə çıxış etmək üçün yəqin ki, daxildə ciddi müzakirələr gedib. Əgər bu söz olaraq qalacaqsa, bunun deyilməsinin də belə əhəmiyyəti yoxdur. Yox, əgər əməli işə keçiriləcəksə, həmin Komissiyanın idarəetmə formasının yenidən təşkil edilməsində yarar var və bundan sonra müxalif partiyaların da orada təmsilçiliyi mümkün ola bilər. Amma yenə təkrar edirəm, əsas oyun qaydalarının müəyyən olunmasıdır. Əgər hökumət bu sahədə doğrudan da iş görmək, ciddi dəyişikliyə nail olmaq istəyirsə, görüntü xatirinə deyil, əməli işlər görülməlidir. Yəni elə olmalı deyil ki, Komissiyaya müxalif partiya nümayəndələri daxil olur, amma nəticə etibarilə ciddi irəliləyiş olmur. Sonradan da hökumət deyə bilər ki, “bax, gördünüz biz müxalifəti də dəvət etdik, ciddi bir irəliləyiş olmadısa, deməli, bunların da bacarıqları yoxdur”. Ona görə də bu, məsuliyyət məsələsdir. Təbii ki, məsuliyyəti özü üzərinə götürmək istəyən partiyalar var. Biz məsuliyyətdən heç vaxt qaçmırıq, amma bu, həm də səlahiyyət məsələsi olmalıdır. Məsuliyyət səlahiyyətdən doğmalıdır. Komissiyanın heç bir səlahiyyəti olmayacaqsa və heç bir ciddi təsir mexanizmləri olmayacaqsa, o qurumda təmsilçilyin də mənası qalmayacaq”.

Şamo EMİN, Hurriyyet.org